Azərbaycan internet məkanında öz dəsti-xətti ilə fərqlənən Sosium.az xəbər portalının 3 yaşı tamam olur.
2018-ci aprelin 1-də yaradılan sayt bu günə qədər peşəkar fəaliyyəti ilə diqqət çəkməyi bacarıb.
Saytın təsisçisi, tanınmış jurnalist Azər Niftiyev AZXEBER.COM-a Sosium.Az-ın 3 illik fəaliyyətindən danışıb: “Əvvəlcə onu qeyd edim ki, mən 20 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm. Bu illər ərzində medianın inkişafı üçün bir çox addımlar atmışıq. Elə bunlardan biri də Sosium.az portalını yaratmağımız oldu. Bu, mənim rəhbəri olduğum sayca 5-ci xəbər portalıdır. Bu gün saytımızın 3 yaşı tamam olur. Desəm ki, Sosium.az ölkənin ən aparıcı saytlarından biridir, bu, bir o qədər də ədalətli olmaz. Amma saytın öz dəsti-xətti var və əsasən müsahibələr, reportajlar, təhlillər üzrə ixtisaslaşıb. Bundan sonrakı fəaliyyətimiz bu işləri daha yüksək səviyyədə davam etdirmək və həm də yeni formatlardan istifadə etmək olacaq. Gələcəkdə o da mümkündür ki, Sosium.az internet-tv formatında da fəaliyyətini davam etdirsin”.
Azər Niftiyev Azərbaycan mətbuatının bugünkü durumu haqda da danışıb və bildirib ki, gözləntiləri yüksəkdir: “Hesab edirəm ki, Azərbaycan mətbuatında bir çox çatışmazlıqlar var. Bu problemlərin kökü çox dərindir. Uzun müddət bu sahəyə rəhbərlik edənlər elə bir iz qoyublar ki, çatışmazlıqları aradan aldırmaq qısa müddətdə mümkün olmayacaq. Güman edilirdi ki, qısa müddətdə Azərbaycan mətbuatında müsbət təmayüllər yaranacaq. Amma bu hələ ki, baş verməyib. Düzdür, bunun üçün uzun müddət lazımdır.
O bildirib ki, mediada əsas problemlərin biri də kadr çatışmazlığıdır: Mediamızda əsas problem isə kadr çatışmazlığının olmasıdır. Hesab edirəm ki, hər bir jurnalisti, mətbuat orqanını diqqətdən kənarda qoymaq olmaz. Bildiyimiz kimi, Prezidentin sərəncamı ilə Medianın İnkişaf Agentliyi yaradıldı. Bu Agentlik yaranandan qısa zaman sonra bəyan olundu ki, Azərbaycanda media ilə bağlı yeni qanunvericilik aktı qəbul olunacaq. Düşünürəm ki, bu qanunun qəbulu medianın inkişafına daha da təkan verəcək. Yaxşı olar ki, mediada peşəkarlar ön plana çəkilsin. Buna görə də MEDİA-dan gözləntilər böyükdür”.
Aydın NURİ.
araz.az xəbər portalı.