“Aprel döyüşlərinin ildönümüdür. Biz qəhrəman şəhidlərimizin qarşısında baş əyirik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bu gün dünyada Autizm Sindromlu Uşaqların günüdür, bu ailələrə dəstək artırılmalıdır: “Həmçinin onlayn təhsillə bağlı problemlər var. Kənd rayonlarından ali məktəblərdə təhsil alan tələbələr və şagirdlər ciddi problemlərlə üzləşir. Tovuz rayonu ilə bağlı da aidiyyəti qurumlara bir neçə dəfə səslənmişəm. Biz bilmirik, pandemiya səbəbindən onlayn dərslər nə qədər davam edəcək. Bu problem həllini tapmalıdır”.
Deputat təklif edib ki, pensiya yaşına 5-6 il qalmış insanların ixtisara salınması qadağan edilsin: “Ən azı 7 il qalmış insanların ixtisara salınmasının qadağan edilməsi qanunvericiliyə salınmalıdır. Eyni zamanda Aliment Fondunun yaradılmasını dəstəkləyirik. Alimenti dövlət ödəyə bilər, ancaq sonra bu pulu qarşı tərəfdən məcburi almalıdır. Məhkəmə proseslərində ən çox gözlənilən problem alimentlərin ödənilməsi ilə bağlıdır. Bunun çətinliyini uşaqlar çəkir. Ana təkbaşına bu proseslərin həyata keçirilməsində zəif qalır. Digər bir məsələ bəzi kəndlərdə olan məktəblərin ağır vəziyyəti ilə bağlıdır. Təhsilin millətin həyatında nə qədər vacib olduğunu nəzərə alaraq, bu problemlər ən qısa zamanda həllini tapmalıdır”/APA.
araz.az xəbər portalı.