“Əgər dövlətin öz hesabına uşaq pulu vermək imkanı yoxdursa, beynəlxalq donarlarla əlaqə saxlayıb alınan vəsaitlə mütləq uşaq pulunu ödəməlidir. Bizim dövlət büdcəsinə gəlincə isə, necə olur ki, büdcədən kimlərinsə 28 milyard oğurlamasına büdcə əl verir, amma uşaq pulu verməyə imkanı çatmır?! Korrupsiya halları 1% azaldılsa, uşaqların sosial hüquqları 100 dəfə bərpa edilə bilər”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O, REAL Partiyasının sədri İlqar Məmmədovun uşaq pulu ilə bağlı səsləndirdiyi fikirləri ilə qətiyyən razılaşmadığını bildirib. S.Cəlaloğlu vurğulayıb ki, 18 yaşına qədər bütün uşaqların müavinəti dövlət tərəfindən ödənilməlidir: “BMT-nin Uşaq hüquqları Konvensiyasına qoşulan dövlətlər həmin konvensiyanın şərtlərini icra etməyə borcludurlar. Bildiyimiz kimi, Azərbaycan da həmin konvensiyaya qoşulub. Sözügedən konvensiyaya görə, dövlət uşaqların sosial-iqtisadi hüquqlarını həyata keçirmək üçün siyasət müəyyən etməlidir. Uşaqlara uşaq pulu təyin etmək, kasıb uşaqlara paltar və yemək vermək, onları valideyn zokarılığından azad etmək, qeyri-qanuni işlərə cəlb edilmələrinin qarşısını almaq və s. Yəni uşaqlar dövlət tərəfindən himayəyə alınmalıdır”.
Qeyd: REAL Partiyasının sədri İlqar Məmmədov feysbuk hesabında paylaşım edərək, uşaq pulu veriləcəyi halda, bunun dövlət büdcəsinə sərf etməyəcəyini bildirib. Mövzu sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Nəzrin CAVİD.
araz.az xəbər portalı.