Ötən il olduğu kimi, 2021-ci il də vəzifə səlahiyyətilərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalır.
araz.az xəbər verir ki, 2021-ci ilin geridə qalan 4 ayı ərzində vaxtilə yüksək vəzifəsi olmuş bir neçə şəxs dəmir barmaqlıqlar arasına salınıb. Bunlar arasında hətta keçmiş nazirlər də var.
Məsələn, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov. DTX tərəfindən saxlanılan sabiq nazir barəsində həbs qətimkan tədbiri seçilib. İki ay öncə saxlanılan Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.
2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir. Mənimsəmədə ittiham olunan sabiq nazir barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsindən sonra Muxtar Respublikanın keçmiş təhsil naziri Məmməd Qəribov da saxlanılıb. O da yeyintidə ittiham edilib. M.Qəribov 2016-cı ilin fevral ayında təhsil naziri təyin edilib, 2018-ci ilin iyul ayında vəzifədən çıxarılıb.
Cari ildə daha bir general isə fərqli səbəbdən həbs edilib. Söhbət general-leytenant Rövşən Əkbərovdan gedir. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən sabiq birlik komandiri Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilir. İttihama görə, Rövşən Əkbərov Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, iş adamı Əliyev Elçin Fəday oğlunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb.
2021-ci ildə həbs edilən yüksək vəzifəli məmurlardan biri də “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovdur. Onun barəsində CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli də hazırda həbsdədir. O, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsəməkdə ittiham olunur. Vüqar Səfərli 2015-2018-ci illər ərzində 5 milyon 796 min mənimsəyib. Onun barəsində CM-nin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılov isə ötən gün həbs edilib. Borc qalmaqalı və deputat vəsiqəsini girov qoymaqla gündəmə gələn Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Aparılmış ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilən sabiq məmurlar arasındadır. R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanılıb.
Qeyd edək ki, ötən il ərzində də bir sıra qalmaqallı həbslər olub. Təkcə korrupsiya əməllərinə görə hazırda 7 sabiq icra başçısı həbsdədir. Onlarla yanaşı, həbs edilən birinci müavinlər, rayonda müxtəlif rəhbər vəzifədə çalışmış şəxslər də var. Bunlar Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və birinci müavini Vurğun Əkbərov, eyni rayonun Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev, İmişlinin sabiq icra başçısı Viliyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov və Cəlilabadın sabiq rayon rəhbəri Namiq Zeynalovdur.
Göründüyü kimi, 2021-ci ilin ilk 4 ayı ərzində çox ciddi vəzifədə çalışan şəxslər həbs edilib. Ölkədə islahatların davam etdiyini nəzərə alsaq, həbslərin davamının gələcəyi də istisna deyil. Prezidentin də dediyi kimi, heç kim toxunulmaz deyil. Qeyri-qanuni əməllərə imza atanlar, sözsüz ki, qanun qarşısında cavab verəcək.Qafqazinfo
araz.az xəbər portalı.