image

 Ölkə rəhbəri cənab İlham Əliyev keçirilən müşavirələrdə, digər tədbirlərdə daim hər bir vəzifə sahibinə “Xalqla işləməyi bacarın, sakinləri dinləyin, onların problemlərinin həllinə çalışın” deyə lazımi tapşırıqlarını versə də, deyəsən Tovuz Rayon Elektrik Şəbəkəsinin rəhbərliyində olan şəxslərin bəziləri, hələ də verilən tapşırıqların onlara  aidiyyəti olmadığı qənaətindədirlər. Buna baxmayaraq biz üz-üzə qaldığımız problemləri ictimailəşdirmək qərarına gəldik və o haqda da düşündük ki, ölkə rəhbərinin verdiyi tapşırıqlara məhəl qoymayan Tovuz Rayon Elektrik Şəbəkəsinin rəhbərliyi, bəlkə atdığı addımlarına görə tabe olduğu “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən cəzalandırılacaq? Təəssüflər olsun ki, bugünə kimi baş verənləri ictimailəşdirsək də, hələ də Tovuz Rayon Elektrik Şəbəkəsinin rəhbərliyi ilə bərabər, adı çəkilən bu qurumun bəzi əməkdaşları da adət etdikləri “çirkin əməllər”indən əl çəkmirlər. Yəni, həmin şəxslər vətəndaşları incidirlər, müxtəlif bəhanələr gətirməklə insanlardan rüşvət tələb edirlər. Məsələn, 20 dekabr 2020-ci il tarixdə araz.az   saytında “Tovuz Rayon Elektrik Şəbəkəsi 12 nəfər sahibkara “tələ qurub” başlıqlı yazı yayımlanmışdı və həmin yazıda bir çox mətləblərə də toxunulmuşdur. Bu problem isə şəxsən övladıma aid olduğundan, 05 yanvar 2021-ci il tarixdə Tovuz “ASAN XİDMƏT”-ə getdim və Tovuz rayonunun Qovlar şəhəri “TƏZƏ MƏHLƏ” adı ilə tanınan ərazidə oğlumun adına rəsmiləşdirilmiş evə TEXNİKİ ŞƏRTİN VERİLMƏSİ və ELEKTRİK ŞƏBƏKƏSİNƏ qoşulması haqqında ərizə ilə mürtaciət etdim. “ASAN XİDMƏT”-də bildirdilər ki, “Üç iş günü ərzində Tovuz Elektrik Şəbəkəsinin əməkdaşları sizinlə əlaqə saxlayıb evə baxış keçirəcəklər və baxış keçirildikdən bir gün sonra isə, gəlib ödəniş etməli olacaqsınız. Daha sonra Elektrik Şəbəkənin əməkdaşları sayğacı quraşdırıb, elektrik xəttini isə şəbəkəyə qoşacaqlar” desələr də, bu gün də problem öz həllini tapmayıb. Həmin vaxt öz-özlüyümdə düşündüm ki, bu da məsələnin ASAN HƏLLİ olacaq. Hardan biləydim ki, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır”.imagei

   Düzdür, 07 yanvar 2021-ci il tarixdə Tovuz Rayon Elektrik Şəbəkəsinin əməkdaşı mənimlə əlaqə saxladı və biz birlikdə evə baxış keçirdik. Həmin vaxt həyətlərin orta hissəsində yerləşən 10 kv-luq yüksək gərginlikli elektrik xəttlərinin sakinlərin həyatına  təhlükə törətdiyini ona bildirdim. Həmin şəxs təhlükə törədən üç elektrik dirəyinin şəkillərini çəkdi və “Bu haqda rəhbərlik tədbir görəcək” deyərək çıxıb getdi. Həmin vaxtdan 20 gün keçsə də,  Tovuz Rayon Elektrik Şəbəkəsindən heç bir səs-soraq çıxmadı. Belə olan halda məcbur olub 27 yanvar 2021-ci il tarixdə təkrar “ASAN XİDMƏT”-ə müraciət etdim. Həmin vaxt mənə məlumat çatdı ki, Tovuz Rayon Elektrik Şəbəkəsindən “ASAN XİDMƏT”-ə məlumat çatdırıblar ki, qeyd olunan evə hasar çəkilməyib. Ona görə də evə texniki şərtin verilməsindən və elektrik xəttinin çəkilişindən imtina olunur. Çox maraqlı və olduqca düşündürücü yanaşma olur. Çünki, yaşayış evi hazır vəziyyətdədir və evin hasarı, 4 metr eni olan dəmir qapısı var. Belə olan halda  təkrar “ASAN XİDMƏT”-ə ərizə ilə müraciət etdim. Adı çəkilən bu qurumdan üç iş günü ərzində müraciətimə cavab verilməli olduğu halda, sonuncu müraciətimdən on üç gün keçməsinə baxmayaraq, bu gün də heç bir cavab yoxdur. Bu da Tovuz Rayon Elektrik Şəbəkəsi rəhbərliyinin fəaliyyətsizliyi, süründürməçiliyi, bacarıqsızlığı, bir sözlə ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələrə laqeyd yanaşması və əməl etməmələridir. Qeyd edim ki, həmin küçədə elektrik xətləri tam şəkildə kabelləşdirilmiş və bu iş həyata keçirilən zaman,  Elektrik Şəbəkənin əməkdaşları hər yaşayış evindən 20- 50 manat arası pul alırlar. Bundan əlavə, onlar hər yaşayış evinin yüksək gərginlikli elektrik xəttinə qoşulması üçün 10-20 manat, “zajim” deyilən detala görə də əlavə 10-20 manat məbləğində “rüsum” ödənilməli olduqlarını bildirirlər. Faktdır ki,  qoşulma və “zajim”-a görə toplanan pullar qeyri-qanuni yığılan pullardır. Əgər bunlar qanuni yığılırsa, o halda yığılan pullara görə hər kəsə qəbz verilməlidir. Əgər qəbz verilmirsə, deməli Elektrik Şəbəkənin əməkdaşları sakinləri aldadaraq pul yığırlar. Qeyd olunan şəkildəki evin sahibəsi imkansız və tək qadındır və həmin qadın tələb olunan “RÜSUM”-u ödəmədiyi üçün, onun evini kabelləşdirilmiş xəttə qoşmurlar. Qadın imkansız olduğunu bildirir və xahiş edir ki, onun evini də  kabelləşdirilmiş xəttə qoşsunlar. Digər bir məsələ, həmin evin elektrik dirəyinə diqqət yetirdikdə bəlli olur ki,  ağacdan olan dirək çürümüşdür. Qeyd edim ki, həmin dirək illər öncə ev sahibi tərəfindən basdırılmış dirəkdir. Dirək çürüdüyündən hər an yıxıla bilər və bu bir təhlükə mənbəyidir. Tovuz Rayon Elektrik Şəbəkənin işçilərini belə təhlükəli hallar maraqlandırmır, onları ancaq pul-para maraqlandırır. Bu da onu təsdiq edir ki, Tovuzda  Elektrik Şəbəkənin işçiləri sakinləri incidirlər və onlara qarşı istədikləri kimi hərəkət edirlər.image 1

    Başqa bir faktı da qeyd edək və baş verəcək təhlükədən də söz açaq və bunu həm “Azərişıq” ASC-nin, həm də aidiyyəti qurumların diqqətinə çatdıraq. Şəkillərdə görünən yüksək gərginlikli elektrik xətlərinin dirəkləridir və həmin dirəklər həyətlərin orta hissələrinə basdırılıb ki, bir qədər külək əsdikdə həmin dirəklər titrəməyə başlayır. Yəni, onların hər biri birbaşa təhlükə mənbəyidir. Elektrik naqilləri yerdən təqribən 1.5 metr hündürlük məsafədədir və elə yerlər var ki, orada elektrik naqilləri meyvə ağaclarına toxunur. Belə bir səbəbdən də, yağmurlu günlərdə  heç kim qorxusundan ərsəyə gətirdiyi bağına girə bilmir. Yəni, hər an xoşagəlməz hadisələr baş verə bilər və bunlar haqqda sakinlər dəfələrlə Tovuz Rayon Elektrik Şəbəkənin rəhbərliyinə məlumat versələr də, təəssüflər olsun ki, bu haqda heç bir tədbir görülməyib.

Vaqif ƏHMƏDOV.

araz.az xəbər portalı.