Fransanın paytaxtı Paris şəhərindəki Sarbonna Universitetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunan konfrans keçirilib.
“Report”un Qərbi Avropa bürosunun məlumatına görə, tədbir Meydane Panteon-Assas və Meydane Panteon-Sarbonna Tələbə assosiasiyalarının təşkilatçılığı ilə baş tutub.
Vəkil, beynəlxalq hüquq üzrə ekspert Jerard Gergeryan və erməni tarixi üzrə professor Klod Mütafyanın Dağlıq Qarabağ münaqişəsinə dair birtərəfli çıxışları fransalı tələbələrin etirazına səbəb olub.
Fransalı tələbələrdən biri onlara “Nə üçün Azərbaycanda erməni azlıqlarına siz dediyiniz kimi mənfi münasibət var. Halbuki bu ölkədə digər azlıqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar və onlara yaxşı münasibət göstərilir” kimi suallar ünvanlayıb. Bundan başqa, özünün erməni əsilli olduğunu deyən daha bir fransalı tələbə isə ekspertlərin çıxışlarının separatçı xarakter daşıdığını, sülhün bərqərar olmasına maneçilik törətdiyini bildirib. Onun “Siz həqiqətənmi sülh istəyirsiniz, Dağlıq Qarabağ münaqişəsinin sona çatmasını, münasibətlərin dinc yolla bərpa olunmasını istəyirsiniz” sualları üzərində təkid etməsi ekspertləri özlərindən çıxarıb.
Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva isə erməni ekspertlərin çıxışlarındakı yalan məlumatları ifşa edib: “Bu çıxışlar birtərəfli xarakter daşıyır, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəlillər olduğu kimi çatdırılmır və real vəziyyəti əks etdirmir”. O, çıxışlarda Xocalı soyqırımının qeyd olunduğunu, lakin faciənin müəllifinin kim olduğunun deyilmədiyini və bu qanlı hadisənin ermənilər tərəfindən azərbaycanlılara qarşı törədildiyi faktının iştirakçılardan gizlədildiyini də ifşa edib. M.Fətəliyeva erməni diasporunun nümayəndələrinin etirazlarına və zalı tərk etməklə bağlı tələblərinə məhəl qoymadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransalı tələbələrin nəzərinə çatdırıb.
Azərbaycanlı tələbə Murad Abuzərli də çıxışında konfrans iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdıraraq onları bu dolğun və dürüst məlumatlar ətrafında düşünməyə çağırıb.
araz.az xəbər portalı.