Onkoloji, ürək və damar xəstəliklərindən ölümlər COVID-19 ölümlərinin sayından çoxdur. Bu xəstəliklərin əmələ gəlməsinin səbəblərini aradan qaldırmaq, sizdə bunların yaranması ehtimalını azaltmaq üçün ən vacib hesab etdiyim bir neçə vacib şərt var. Öncə onu bildirim ki, bütün xəstəliklər bizə ya qida, ya su, ya hava, ya radiasiya, ya əsəb, çox az hallarda isə genetik yolla ötürülür. Bu yolları blok etməklə ağır xəstəliklərə düçar olmaq ehtimalını kəskin azalda bilərik.
Publika.az xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə sağlamlıq barədə paylaşdığı postları ilə diqqət çəkən həkim anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkimin sağlam həyat tərzinə dair fikirlərini təqdim edirik:
1. Mümkün qədər təbii, orqanik qidalanın: kənd pomidoru, kənd toyuğu, kənd yumurtası. Bir çox təbii qidaların radiasiya əleyhinə təsiri var. Dərmansız, hormonsuz qidalara üstünlük verin. Artıq çəki ilə mübarizə yaxşıdır, amma bilin ki, arıqlatma dietası elə də sağlam qidalanma sayılmır. Önəmli olan az yemək və qidalandığınız məhsulun təbii olmasıdır. Arıqlamaq üçün hərəkəti də artırın. Məsələn, sizə təbii kərə, nehrə yağı ilə qidalanıb yer belləmək daha zərərsizdir, nəinki süni şəkərlə şirinləşdirilmiş içkilər, mənşəyi məlum olmayan az kalorili qidalar, müxtəlif firmaların “xolesterolsuz” adı ilə camaata sırıdığı qida məhsullarından istifadə etmək.
2. Təbiətə, səfalı yerlərə nə qədər yaxın olsanız, o qədər sağlam olarsınız. Əlbəttə ki, əsəbi, stressli şəhər həyatı, hərəkətsizlik, gün düşməyən binalarda, qapalı yerlərdə işləmək orta ömürü azaldır. İnsan yaradılanda düşünməmişdilər ki, o paltar geyinəcək, qapalı yerlərdə işləyəcək. Ona görə vitamin D 80% adamda aşağı səviyyədədi. Vitamin D çatışmazlığının isə insult daxil olmaqla, bir çox xəstəliklərin əmələ gəlməsində rolu tam təsdiq olunub.
3. Sevdiyiniz işlə çörək pulunuzu qazanın. Başqalarının etdiyini təkrarlamayın. Sevdiyiniz bir iş mütləq ki var, sizə hobbi kimi gələn, yorucu, çətin olmayan iş tapın. İlk vaxtlarda pul az olsa da, olar. Əgər o işi sevirsizsə, pis dolanmayacağınıza əminəm. Çox puldan ötru ondan daha bahalı can sağlığını itirməyə dəyməz. İşiniz əsəbidirsə, risk edin işdən çıxın. 6 milyard insan yaşayan Yer kürəsində işsiz qalmayacaqsız, əgər təmbəl deyilsizsə.
4. Gigiyena- sağlamlığın qorunması və möhkəmləndirilməsi barədə elmin, tibbin son yeniliklərini izləyin, alimlərin, həkimlərin gəldiyi nəticələri, insanlara olan tövsiyələrini daim oxuyun və riayət edin. Zərərli vərdişlərinizi təcili tərgidin.
5. Sizi anlayan, sizinlə eyni istiqamətdə baxan, hər işinizdə stimul yaradan insanla evli olun, sizi çürüdüb kübrəyə döndərəcək adamla evli qalmaq sağlamlığa ağır təhlükədir. Həmçinin neqativ düşünən “dostları” həyatınızdan rədd edin. Sizə ömür boyu daim pozitiv enerjili insanların əhatəsində olmaq daha çox fayda verər.
Aytən MƏFTUN.
araz.az xəbər portalı.