cavidosmanov0212171

ABŞ-ın müxtəlif ştatlarında baş verən kütləvi atışmalarla bağlı xəbərlərlə yerli və xarici mediada tez-tez rastlaşırıq. Zaman-zaman irqi-ayrıseçkiliyin səbəb olduğu bu hadisələrin bir çox hallarda motivi belə bəlli olmur.

Son günlər intensiv hal alan bu cür insidentlərin səbəbi nədir və bu məsələlərlə bağlı ABŞ-a kim irad bildirməlidir?

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, hüquq müdafiəçisi olan beynəlxalq təşkilatlardan ABŞ-a haqlı irad bildirmələri ilə bağlı gözləntim yoxdur.

Onun sözlərinə görə, belə hadisələr ABŞ-da son dövrlər intensiv şəkildə davam edir və təəssüf ki, ölüm halları baş verir: “Bildiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında belə hadisələrin baş verməsi birinci dəfə deyil. Zaman-zaman müxtəlif səbəblərdən baş verən hadisələrin, polis zorakılığı ilə qaradərili insanların öldürülməsi, məktəblərə silahlı hücumların təşkili, müəyyən qruplaşmalar arasında atışmalar və s. kimi insidentlərin şahidi oluruq. Burada söz haqqı, əslində, özünü hüquq müdafiəçisi adlandıran beynəlxalq təşkilatlara düşür, onlar mütləq müdaxilə etməlidir. Lakin, təəssüflər olsun ki, bir çox məqamlarda adını hüquq müdafiəçisi qoyan beynəlxalq təşkilatların bəzən hüququn pozulması yox, qorunmasında ikili standartlarla çıxış edərək müəyyən iradlar bildirdiyini müşahidə edirik. Bu baxımdan, belə təşkilatlar, hesab etmirəm ki, ABŞ-a irad bildirəcəklər. Təkrar qeyd edirəm, çünki onların əksəriyyəti ikili standartlara yol verirlər. Belə insidentlər digər ölkələrdə baş verəndə isə, təbii ki, ABŞ anında irad bildirir”.

Deputatın fikrincə, əgər belə bir hadisə Azərbaycanda baş vermiş olsaydı, indi bütün beynəlxalq təşkilatlar “papkalarını” götürüb dünyaya car çəkirdilər ki, bu ölkədə insan hüquqları pozulur.

“ABŞ-ın sosial rifahı və demokratiya məsələlərinə gəlincə isə, hesab edirəm ki, bu mövzular müəyyən institutlar tərəfindən sırf siyasi məsələlər üçün istifadə edilir. Məsələn intiharları, cinayətləri sosial rifah halına bağlayırlar və s. Bu termindən müəyyən dairələr bu şəkildə faydalanırlar. Digər tərəfdən isə, görünür ki, ABŞ-da insanların təhlükəsizliyinin qorunması məsələsində ciddi nöqsanlar var və nəticədə müxtəlif ştatlarda intensiv atışmalar davam edir. Bu səbəbdən, hesab edirəm ki, Azərbaycan kimi dövlətlər daha sivildir və vətəndaşlar daha təhlükəsiz və əminamanlıq şəraitində yaşayırlar”,– deyə C.Osmanov əlavə edib.

Nəzrin CAVİD.

araz.az xəbər portalı.