“Azərbaycan” Nəşriyyatının akt zalında bu gün keçirilən mətbuat konfransında, Xocavənddən olan bir qrup şəhid ailəsi nümayəndəsi və Qarabağ müharibəsi iştirakçısı, rayon rəhbəri Eyvaz Hüseynovun onlara qarşı hədsiz haqsızlıqlar etməsi, eləcə də buradakı digər şəhid ailələrinin hüquqlarının da icra başçısı tərəfindən kobud şəkildə tapdanması ilə bağlı, ciddi iddialarla dolu fikirlər səsləndirdilər. Onlar, öncə, Eyvaz Hüseynovla bərabər, onun ətrafına topladığı komandasının üzvlərinin də, rayon sakinlərinin başlarına açdıqları oyunlardan ətraflı danışdılar. Xüsusi olaraq onu vurğuladılar ki, ciddi məsuliyyət tələb edən bu vəzifələrin sahibləri, şəhid ailələrinin belə normal yaşamaq hüquqlarını əllərindən almaqdan çəkinmirlər. Onların şəhid ailələrinə və qazilərə qarşı etdikləri haqsızlıqların sayı-hesabı yoxdur. Bir sözlə, rayon rəhbəri tərəfindən şəhid və qazi adlarına qarşı belə bir hörmətsizlik və sayğısızlıq bağışlanmazdır.
Mətbuat konfransı təşkilatçılarının iddialarına görə, rayonun bütün torpaqlarına sahib çıxan Eyvaz Hüseynov və onun əlaltıları, onların adlarına olan torpaq sahələrini, baxımlı əmlaklarını belə əllərindən almaqdan qorxmurlar. Bu yerdə, şikayətçilər xüsusi olaraq onu da vurğuladılar ki, Eyvaz Hüseynov 29 ildir bu vəzifəni zəbt edib və bu uzun müddət ərzində özünü çoxsaylı obiyekt, hektarlarla tut və üzüm bağları, istirahət məkanları, çörək sexləri və kifayət qədər digər gəlir gətirən sahələr sahibi kimi tanıdıb.
Rayon sakinləri fikirlərinə onu da əlavə etdilər ki, xeyli vaxtdır icra başçısı özünü elə aparır ki, sanki, “dünya onun vecinə deyil”. Məhz buna görədir ki, o, şəhid ailələrini, Qarabağ əlillərini qəbul etmir, onların olmazın problemlərini, dərd-sərlərini dinləmək istəmir. 29 il eyni vəzifəni zəbt edən və bu bölgədə “kiçik padşah” ləqəbi ilə tanınan Eyvaz Hüseynovun başçısı olduğu işğal altındakı Xocavənd rayon sakinləri isə, əslində, bu üzün müddətdə, belə bir çətin və həssas dönəmdə öz əziyyətləri hesabına bütün problem və çətinliklərini dəf etmək üçün olmazın əzab-əziyyət çəkiblər.
Mətbuat konfransında səsləndirılən ətraflı məlumatlar və ciddi şikayətçi iddiaları da bir daha onu təsdiq etdi ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bu bölgə əhalisi arasında xoşagəlməz bir mühit, rayona aid həlledilməz çox ciddi problemlər yaradıb. Bunlardan ən dəhşətlisi isə, icra başçısının
Xocavəndin Milli Qəhrəmanının qardaşı İbad Hüseynova qarşı etdiyi xoşagəlməzliklə bağlı bu tədbirdə səsləndirilən iddia oldu. araz.az-ın növbəti yazısında bu və digər iddialar barədə daha geniş məlumat veriləcək. Bizi izləməyi unutmayın.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.