inamkerimov

Ekspert Qubad İbadoğlu kənd təsərrüfatı naziri İnam Kərimovu tənqid edib.

araz.az-ın xəbərinə görə, Q.İbadoğlu bildirib ki, İnam Kərimov Şəki rayonunun Biləcik kəndində yerləşən qurumuş çay yatağında, çınqıllı ərazidən salınan fındıq bağının açılışında iştirak edib.

“Bu ərazidə torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında  bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, ord olsa-olsa kol-kos bitər. Bəs, o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var? Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik.  Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var. Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsdiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı susbsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir. Meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi, 2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, fındıq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək. Kənd təsərrüfatı nazirinin iştirakı ilə Şəkinin Bideyz kəndində 320 hektar ərazidə salınan fındıq bağına dövlət büdcəsi hesabına veriləcək subsidiyanın məbləğini hesablayaq:

1. Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat;

2. 4 ildən sonrakı illər üzrə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat

3. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manat

Gördüyünüz kimi kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq. İndi bildiniz, daşlıqda fındıq bağı salmaqda nə kəramət armış?!” – ekspert qeyd edib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Q.İbadoğluya cavab verib: “Əlinizdə salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut var? Varsa, o məmurun adını çəkin, biz də bilək. İkincisi, adi sahələrdə intensiv fındıq bağlarının salınması hər hektara 15-16 min manata, bu cür daşlıq ərazilərdə bir hektar bağın salınması ən azı 18 min manata başa gəlir. Bu 18 000 manata ərazinin daşlardan təmizlənməsi, sahənin hazırlanması, tinglərin basdırılması, gübrə verilməsi, budamanın aparılması, işçilərin əmək haqqı, elektrik məsrəflərinin ödənilməsi, maaşların verilməsi və s. daxildir. Hesablamaq çətin deyil, daşlıq ərazidə, çay yatağında 320 hektar intensiv fındıq bağının salınmasına ən azı 5 milyon 760 min manat sərf olunub. Dövlət bu xərcin təxminən 25 faizini qarşılayırsa, bunun nəyi pisdir? O ərazilərin elə çatlaq yeri, daşlıq ərazi olaraq qalması yaxşıdır, yoxsa dövlətin də bir qism xərcləri kompensasiya etməsi ilə investisiya yatırılaraq fındıq bağı salınması?”

Q.İbadoğlu V.Hüseynovun sualını cavabsız qoymayıb: “Hazırda Azərbaycanın ən iri aqropark şəbəkəsinə müxtəlif törəmə və əlaqəli şirkətlər (“Agro Dairy” MMC, “Şəmkir Aqropark” MMC, “Yalama Aqropark” MMC, “Azərşəkər” MMC, “Grand Agro” MMC, “CPC” MMC, “Azbadam” MMC, “Foodcity Agropark” MMC və “Agrarco” MMC) vasitəsilə “PAŞA Holding” MMC nəzarət edir. Gənclər və idman naziri Azad Rəhimova məxsus “İD-Agropark” MMC 2016-cı ildə yaradılıb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Saatlı rayonunun Azadkənd kəndi ərazisində, “Moskva” su kanalının yaxınlığında 7000 hektar qış otlaqlarının təyinatı dəyişdirilib. Sahibkarlığın İnkişafı Fondu “İD-Aqropark” MMC-yə 10 milyon manat güzəştli kredit ayırıb. Nazir Azad Rəhimovun ikinci aqroparkı Kürdəmir rayonunun Şilyan massivindədir. Burada “SM Agro” MMC-yə 6150 hektar kənd təsərrüfatı təyinatlı torpaq ayrılıb. Bu şirkət də 2016-cı ildə yaradılıb Bu torpaqlarda taxıl və pambıq becərilir. Biləsuvar rayonu ərazisində qurulan 3 aqroparkdan biri keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni, İran əsilli iş adamı Şəhriyar Malekiyə məxsusdur. “Green Farms Azerbaijan” MMC 2016-cı ildə yaradılıb. Rayonda 5000 hektar sahəsi olan aqropark bu şirkətə təhkim olunub. Aqroparkda arpa, buğda və qarşıdalı becərilir. Goranboy və Samux rayonları ərazisində qurulan “Region Agro” aqroparkı Prezidentin köməkçisi Zeynal Nağdəliyevin kiçik oğlu Hikmət Nağdəliyevə məxsusdur. Nazirlər Kabinetinin sərəncamları ilə Goranboy rayonunda 3500 ha, Samux rayonunda isə 1200 ha qış otlaq sahələrinin təyinatı dəyişdirilib və yeni yaradılanaqroparkın istifadəsinə verilib. Bu iri taxılçılıq təsərrüfatının yaradılmasına dövlət 35 milyon manat vəsait ayırıb. “Azərişıq” ASC bu özəl təsərrüfata dövlət vəsaiti hesabına 2,9 milyon manat sərmayə qoyub. Nağdəliyevlərin aqroparkı üçün dövlət büdcəsi hesabına12 km-lik qaz xətti inşa olunub, əraziyə 9,4 km uzunluğunda asfalt yol salınıb. Qax rayonundakı “Ulu Aqro” MMC-yə məxsus aqropark “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənindir. Aqropark Ağyazı qışlağının ərazisində 2094 hektarda yaradılıb. Meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat dövlət vəsaiti sərf olunub. Büdcə vəsaiti hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkililib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, 15 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti qurulub, transformatorlar alınıb. Bundan başqa, Əhmədzadələrin aqroparkına aparan Qax-Qıpçaq-Ağyazı avtomobil yolu da əsaslı təmir edilib. Aqroparka 2 milyon manat dövlət güzəştli krediti verilib”.

V.Hüseynov yazılanların Şəkinin Biləcik kəndinə aidiyyatının olmadığını bildirib: “Yazdıqlarınızın Şəkinin Biləcik kəndində intensiv fındıq bağı salınmasına nə aidiyyəti var? Siz bağın hansısa məmura aid olduğunu söyləyirsiniz, mən də iddianızı əsaslandırmağınızı, o məmurun adını çəkməyinizi istəyirəm. Siz deyirsiniz 1,4 milyon subsidiya veriləcək (ki, bunu hesablamaq iki vur ikidir, çünki subsidiya əmsalları, mexanizmi aydındır və az qala hər gün bununla bağlı maarifləndirmə işi aparırıq), mən də yazıram ki, bu cür daşlıq sahələrdə intensiv fındıq bağının salınması ən azı hektara 18 min manat tələb edir. Yəni bağın salınmasına 5.760.000 manat sərf olunursa, dövlət də bu xərclərin 25 faizini kompensasiya edirsə, bunun nəyi pisdir? İşin sosial tərəfinə hələ toxunmuram, bu cür bağların salınması yüksək dağ kəndlərində yüzlərlə insan üçün il boyu iş yeri deməkdir. Bunun nəyi pisdir? Daşlıq sahədə bağ salınması effekt verməyəcək deyirsiniz, fındıq üçün ən uyğun sahələrin məhz bu cür sahələr olduğunu yazıram. Sual yenə açıqdır – iddianızı sübut edin – bu bağ hansı məmurundur? Adını yazın. Yoxsa “bağ məmurundur”, “daşlıq ərazidə yalandan bağ salıb subsidiya mənimsəyirlər”, “damla sulama da çəkilsə, kol kosdan başqa heç nə bitməyəcək” sözləri boş iddiadan başqa boş şey deyil. Hər şeyi də qara görmək olmaz”.

Qubad İbadoğlu Vüqar Hüseynova ifadələrində diqqətli olmağa çağırıb:

İfadələrinizdə diqqətli olun, təmsil etdiyiniz Kənd Təsərrüfatı Nazirliyinin adına hörmət edin, sizə heç kim səlahiyyət verməyib ki, fərqli fikirlərə dövlət məmurunun etik kodeksinə uyğun olmayan ifadələrlə münasibət bildirəsiniz. Kənd təsərrüfatı nazirliyində mətbuat katibi işləyirsiniz, yazdıqlarımın da birbaşa sizin nazirliyə aidiyyatı var, odur ki, mətbuat xidmətinə rəsmi müaraciət edirəm, buyurun, şərh edin, nədən aqroparklar yüksək çinli məmurlara və ya onların ailə üzvlərinə məxsusudur, kənd təsərrüfatı nazirliyi olaraq bunu nəylə izah edirsiniz, sizin nazirlik niyə inhisarçılığın qarşısını almır, əksinə ona şərait yaradır?”

V.Hüseynov Q.İbadoğlunun bu suallarını cavabsız qoyub.

 

 

araz.az

araz.az xəbər portalı.