demiryolu rels

Arzuxan Əlizadə: “Tezliklə Zəngəzur dəhlizinin açılması üçün real addımların atılacağını düşünürəm”

Məlum olduğu kimi, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların məğzi açıqlanıb. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Bununla belə, Paşinyan ermənilərə xas olan dilənçi üslubda Rusiyadan müəyyən istəklərlə bağlı məsələləri qabardıb.

Putin isə, öz növbəsində, əsasən regionda ticari-iqtisadi əlaqələrin, nəqliyyat marşrutlarının bərpasından, bunun Ermənistan üçün açdığı perspektivlərdən və faydalardan danışıb. O bir daha xatırladıb ki, Ermənistan iqtisadiyyatına qoyulan bütün investisiyaların 40 faizə qədəri Rusiyanın payına düşür.

Bu arada Rusiyanın RBK kanalı belə bir məlumat yayıb ki, mövcud fikir ayrılıqlarına görə üçtərəfli komissiya regionda nəqliyyat marşrutlarının açılması barədə qərar qəbul edə bilmir. Kanal bunu onunla əlaqələndirir ki, Ermənistan tərəfi Mehriyə dəmir yolu tikintisi ilə eyni vaxtda İcevana dəmir yolu xəttinin çəkilməsini və Bakı-Tbilisi-Yerevan dəmir yolu xəttinin bərpasını istəyir. Qeyd edilir ki, Ermənistanın bu cür şərtlər irəli sürməsi səbəbindən proses ləngiyir. Bu versiya nə dərəcədə realdır?

  • “İndi şərt irəli sürməli tərəf varsa, o da Azərbaycandır”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə bununla bağlı bir sıra məqamlara toxundu: “Bir qayda olaraq, Rusiyanın rəsmi şəxslərinin dilə gətirmədiyi ifadələri, vaxtaşırı olaraq xalqımıza qarşı iftiralar yağdıran bəzi rus telekanalları səsləndirirlər. Bununla da, əslində, elə dolayı yolla Rusiyanın özünün nüfuzuna zərbə vururlar. Necə ola bilər ki, 10 noyabr bəyanatının qarantı rolunda çıxış edən Rusiya kimi bir dövlətin atdığı imzanı erməni siyasi dairələri oyun-oyuncağa çevirsinlər. Həqiqətən də belə hal olarsa, onda bu, Rusiyanın Ermənistan üzərində heç bir təsirinin olmadığı qənaətini yaratmış olur. Reallıqda isə hər kəs bilir ki, Ermənistan adlandırılan bu qondarma dövlət forpostu olduğu Rusiyanın razılığı olmadan heç bir məsələdə müstəqil addım atmaq imkanına malik deyil. Məntiqlə də Ermənistan indiki halda heç bir şərt irəli sürə bilməz. İndi şərt irəli sürməli tərəf varsa, o da Azərbaycandır. Çünki 44 günlük müharibənin sonucu olaraq Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən çıxış imkanları üfüqdə belə görünmür. Əksinə, Ermənistanın düşdüyü bu kollaps vəziyyətindən çıxması üçün ən xırda kommunikasiya əlaqələrinə böyük ehtiyacı var. Zəngəzur dəhlizinin açılması ermənilərin radikal siyasi qüvvələrinin maraqlarına uyğun gəlməyə bilər. Ancaq Ermənistanın hazırkı hakimiyyəti yaxşı anlayır ki, nəfəslik açılmasa, bu, dövlətin tənəzzülünü daha da dərinləşdirəcək. Mövcud reallıq ondan ibarətdir ki, Ermənistanın dəmir yollarına nəzarəti də Rusiya həyata keçirir. Rusiya regionda kommunikasiyaların açılmasında maraqlıdır. O səbəbdən də tezliklə Zəngəzur dəhlizinin açılması üçün real addımların atılacağını düşünürəm. Bu baş verməzsə, o halda 10 noyabr bəyanatının da heç bir əhəmiyyəti qalmayacaq. Nəticədə bundan sonra hadisələr tamamilə başqa məcraya yönələ bilər. Sadəcə, hazırda Ermənistanın siyasi həyatında çox ciddi qaynar hadisələr baş  verməkdədir ki, mən nəqliyyat xətlərinin açılmasının ləngiməsini daha çox bununla əlaqələndirirəm”.

Partiya sədri hesab edir ki, ermənilər bu prosesin qarşısını ala bilməyəcəklər.

Vidadi ORDAHALLI

araz.az xəbər portalı.