Türkiyə bu ilin yayından başlayaraq İstanbul kanalının tikintisini planlaşdırır. Bosfor boğazına paralel qazılacaq kanal Qara dənizlə Mərmərə dənizini birləşdirəcək.
Ümumilikdə, görüləcək işlər 15 milyard dollar vəsait və 7 il vaxt tələb edəcək. İstanbulun Avropa hissəsinin yaxınlığından keçəcək kanalın hər iki sahilində yarım milyon insanın yaşayacağı şəhərlər də salınacaq. Türkiyəli ekoloqlar kanalın İstanbulu su ilə qidalandıran göllərin üzərindən keçməsinə görə narahatlıqlarını ifadə etsələr də, prezident Rəcəb Tayyip Ərdoğan qiymətləndirmə işlərinin yekunlaşmaqda olduğunu elan edib.
Hökumət bütün neft trafikini (ildə 150 milyon ton) məhz İstanbul kanalından buraxmağı planlaşdırır. Kanaldan ildə 85 min gəminin keçməsi və gələcəkdə kommersiya əsaslı olması da nəzərdə tutulur. Hazırda Bosfor boğazı yüklənib və ildə 55 min gəminin keçidini təmin edir. Bosfor boğazında ildə 20 qəza olur və İstanbul kanalı üçün ən böyük təhlükə isə Montrö Konvensiyası ilə bağlıdır. 1936-cı ildə qəbul olunan Konvensiya Bosfor və Dardanell boğazlarında hərbi və mülki gəmilərlə bağlı kvota müəyyən edən beynəlxalq sənəddir. Konvensiya Qara dəniz sahillərində yerləşməyən ölkələrin hərbi gəmilərinin boğazlardan keçidinə və Qara dənizdə qalma müddətlərinə məhdudiyyət tətbiq edir.
Türkiyənin kanalı həmin Konvesniyanın təsir dairəsinsən kənarada çıxara biləcəyi təqdirdə Ankara Qara dəniz ilə Aralıq dənizi arasında dəhlizə tam nəzarət etmək şansı qazancaq. Digər tərəfdən, Qərb ölkələri İstanbul boğazının fəaliyyətinin beynəlxalq qaydalarla tənzimlənməsində və Montre Konvensiyasına bağlı qalmasında maraqlı olacaq.
Putinlə Ərdoğan arasında sonuncu telefon danışığı zamanı Montrö konvensiyasının dəyişilməz qalması barədə müzakirəsi Kremlin İstanbul kanalı ilə bağlı narahatlıqlarının göstəricisidir. /modern.az/
araz.az xəbər portalı.