Arif-Qarasov.jpg

Araz.az-ın Xeberman.com-a istinadla verdiyi məlumata görə, bir neçə il əvvəl Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyində, qəbiristanlıqla üzbəüz yerləşən “AS Petrol” yanacaqdoldurma məntəqəsində baş vermiş qanlı olay uzun müddət mətbuatın gündəmindən düşmədi. Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Rəşad Nadir oğlu Həsənov həbs edilib.

Cinayətdə daha bir neçə şəxsin adı hallandırılırdı ki, bu da “AS Petrol”un ortaq biznes məkanı olması faktını ortaya qoymuşdu. Daha sonra xəbər yayıldı ki, qanlı cinayətin baş verdiyi yanacaqdoldurma məntəqəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun yaxın qohumlarına məxsusdur. Bu məsələdə adı hallandırılan şəxslərdən biri də Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərov idi. Məlumat üçün bildirək ki, Zaur Cəfərov Arif Qaraşovun kürəkənidir. Polis rəisinin adının bu qanlı olayda və petroldakı qaranlıq məsələlərdə hallandırılması polisin imicinə xələl gətirir. Qeyd edək ki, qanlı hadisənin ortada olan pulun bölünməsi və ortaq biznesin anlaşılmayan “gizlin”ləri ucbatından baş verməsi də söylənilirdi. Abşeron Rayon Prokurorluğu tərəfindən yayılan rəsmi məlumata görə isə sözügedən yanacaqdoldurma məntəqəsində naməlum şəxslərlə Şərur sakini 34 yaşlı Malik Əsədov və onun 36 yaşlı qardaşı Ədalət Əsədov arasında mübahisə baş verib. Malik Əsədov sol döş qəfəsindən aldığı xəsarətdən hadisə yerində keçinib, qardaşı Ədalət isə kürəyindən aldığı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Məlumatlarda həmçinin bildirilirdi ki, iki qardaşın bıçaqlanması ilə nəticələnən qanlı olayda təkcə Rəşad Həsənov iştirak etməyib: “Ortaqlar Arif Qaraşovla Nadir Həsənova güvənərək bu cür oyundan çıxıb, insan ölümü ilə nəticələnən cinayətə imza atıblar. Ancaq Rəşad Həsənovdan başqa heç kəs tutulmayıb”. Qətlin motivi haqqında müxtəlif ehtimalların yer aldığı məlumatda deyilir ki, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi ilə rəqabət əsas səbəblərdən biri olub. Digər bir səbəb kimi isə pul borcunun olduğu göstərilir. Hadisənin əsl səbəbkarının isə Arif Qaraşovun kürəkəninin olduğu yayılan məlumatlar arasındadır. İddialara görə, yanacaqdoldurma məntəqəsinin əsl sahibi Zaur Cəfərov imiş və qeyd olunan davada da birbaşa onun özü iştirak edirmiş. Davanın, daha doğrusu, “razborka”nın Zaur Cəfərovun qarşıda yerləşən yanacaqdoldurma məntəqəsinə 50 min manatlıq borcundan yarandığı qeyd olunub. Araşdırmalarla məlum olub ki, yanlışlıqla “AS petrol” kimi təqdim edilən yanacaqdoldurma məntəqəsinin adı əslində “AC petrol”dur. Bunun açmasının Arif Qaraşovun qudası Aydın Cəfərovun ad və soyadının baş hərfləri olduğu göstərilir. Xatırladaq ki, bu cinayət hadisəsinə görə keçmiş xidmət rəisi də müəyyən problemlər yaşamışdı. Maraqlıdır ki, baş vermiş ağır cinayət hadisəsində adı çəkilən polis rəisi məsuliyyətdən kənarda qalmağı bacardı. Bizdə olan məlumatlara əsasən, keçmiş məmur öz mötəbər əlaqələrindən istifadə edərək kürəkənini həbsdən qoruya bilib. Araşdırmalar göstərir ki, sabiq məmurla qudasının adı digər xoşagəlməz hadisələrdə də çəkilib.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 ünvanında yerləşən 1 saylı mənzilin sahibi Rəhilə Abbasova keçmiş xidmət rəisi ilə bağlı bir müddət öncə kəskin ittihamlar səsləndirib: “Hər gün başımıza qum, torpaq, armatur, dəmir parçaları tökürlər. Körpə nəvələrim bu yayın isti günlərində evdən çölə çıxmağa qorxur ki, başlarına dəmir düşər, torpaq tökülər. “ELİPS-R LTD” MMC tikinti şirkətinin özbaşınalığı ilə üz-üzə qalmışıq”. Vətəndaşın şikayətindən sonra adıçəkilən şirkətlə bağlı bəzi maraqlı faktlar ortaya çıxdı. “ELİPS-R LTD” MMC-nin sənədlərində rəhbər kimi başqa adam göstərilsə də, şirkətin Aydın Cəfərov və qudası Arif Qaraşova məxsus olması müəyyənləşdi. Şirkət məhz keçmiş məmura məxsus olduğu üçün vətəndaşların şikayətinə məhəl qoyan olmayıb. Yaxın keçmişdə baş vermiş bu hadisələri səbəbsiz yerə xatırlatmırıq. Deyilənə görə, Arif Qaraşov yenidən vəzifəyə gəlmək istəyir. Özəl mənbələrin iddiasına əsasən, sabiq xidmət rəisinin ən böyük arzusu paytaxt rayonlarından birində icra başçısı işləməkdir. Məlumata görə, o, Xətai və Nəsimi rayonlarından birinə rəhbərlik etmək iddiasındadır. Sabiq məmurun bu istəyinin baş tuta bilmə ehtimalı o qədər də inandırıcı görünmür. Çünki Arif Qaraşov xidmət rəisi işlədiyi vaxtlarda işindən daha çox biznesinə vaxt ayırırdı.Dia.az

Yazıda adı qeyd olunan bütün şəxsləri dinləməyə hazırıq.

araz.az xəbər portalı.