naqifhemzeyev“Ötən 3 il də daxil olmaqla ümumilikdə 18 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyevin layiqli davamçısı olub. Prezidentin ulu öndərin siyasətini uğurla həyata keçirdiyinin və onun cənab Prezidentə, eyni zamanda bizə vəsiyyətini, etibar etdiyi Azərbaycanı, Yeni Azərbaycan Partiyasını qoruduğunun şahidi oluruq”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bu kursu uğurla davam etdirən cənab İlham Əliyevin Azərbaycanı hələ qarşıdakı illərdə də neçə böyük uğurlara aparacağına hər kəsin inandığını qeyd edib.

“2018-ci ildən sonra həyata keçirilən islahatların nəticəsi olaraq, Azərbaycan dünyanı bürüyən böhran və çətinliklər fonunda inkişaf etməyə, vətəndaşların sosial rifahını yaxşılaşdırmağa nail ola bilib. Bildiyimiz kimi, 2018-ci ildə keçirilən növbədənkənar Prezident seçkilərində xalq səsinin böyük əksəriyyətini cənab İlham Əliyevə verərək onu növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçdi. Cənab Prezidentin andiçmə mərasimindəki nitqi, verdiyi sözlər və başlatdığı yeni islahatlar, şükürlər olsun ki, ötən 3 il müddətində öz bəhrəsini verdi. Gənclərdən, yəni çevik və müasir dövrün tələblərinə cavab verən kadrlardan ibarət yeni hökumət formalaşdırıldı, xüsusilə iqtisadi sahədə aparılan islahatlar nəzərəçarpan dərəcədə inkişaf etdirildi və şəffaflıq hər kəs tərəfindən müsbət qarşılandı”, – deyə N.Həmzəyev əlavə edib.

Parlamentin üzvü İlham Əliyevin Prezident postunda olduğu ötən 3 il ərzində ölkədə baş verən digər vacib məqamlara da toxunub.

Bildirib ki, xüsusilə 2020-ci il ərzində pandemiya ilə mübarizədə Azərbaycanın nümunəvi mövqe sərgiləməsi, Qoşulmama Hərəkatının rəhbəri olaraq çox vacib və maraqlı təkliflərlə çıxış etməsi olduqca əhəmiyyətlidir: “Həmçinin BMT-nin əksər dövlətləri Azərbaycanın vaksinasiya ilə bağlı haqlı mövqeyini müdafiə etdi, dövlətimiz yardıma ehtiyacı olan 30-a yaxın ölkəyə humanitar yardım göstərdi və pandemiyadan ən az itkilərlə çıxan ölkələrdən biri kimi yadda qaldı.

Bununla yanaşı, erməni təxribatları geridə qalan 3 il müddətində də davam edirdi və Azərbaycan üçün prioritet məsələ olan Qarabağ probleminin həlli istiqamətində möhtərəm cənab Prezidentimiz beynəlxalq tribunalarda Azərbaycanın haqlı səsini qaldırdı, qarşı tərəfin haqsız olduğunu, Azərbaycanın ərazilərini işğal etdiyini və bu vəziyyətin belə qalmayacağını dəfələrlə vurğuladı. Şükürlər olsun ki, 2020-ci sentyabrın 27-dən başlayaraq Azərbaycan əks-hücum əməliyyatı həyata keçirdi və öz ərazi bütövlüyünü bərpa etdi. Biz bu uğurları xalq, ordu və gənclərin birliyi, hər kəsin cənab Prezidentin ətrafında birləşməsi nəticəsində əldə etmişik. Elə bugün də xalq Prezidentin ətrafında birləşib və hələ uzun illər İlham Əliyevi Prezident postunda görmək istəyir”.

Nəzrin CAVİD.

araz.az xəbər portalı.