Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 3 il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkiləri zamanı qələbə qazanan İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içib, növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başlayıb. Dövlət başçısı bu üç il ərzində verdiyi vədləri yerinə yetirib. Prezident İlham Əliyev “Bizim sözümüz imzamız qədər keçərlidir” ifadəsini əbəs yerə səsləndirməyib. Həqiqətən də 2018-ci ildən başlayaraq ölkədə həyata keçirilən islahatlar daha da sürətləndirilib, daha çevik idarəçilik siseminə keçid edilib, proses bu gün də davam etməkdədir. Bu müddətdə tarixə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən Müharibəsi başladı, Azərbaycan 30 ildir, işğal altında olan torpaqlarını azad etdi. Xalq “dəmir yumruq” kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, düşmənə qalib gəldi. Bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Dövlət başçısı dəfələrlə çıxışlarında erməniləri xəbərdar etmişdi: Danışıqlar uzun müddət davam edə bilməz, münaqişə sülh yolu ilə həll edilməyəcəksə, müharibə olacaq. Belə də oldu. Çünki Prezident Azərbaycan Ordusuna, xalqına arxalanırdı. Elə məhz buna görə də ordu quruculuğuna xüsusi önəm verilirdi. Prezident İlham Əliyev torpaqları işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırmış oldu. Ali Baş Komandan heç kəsin xəyal etmədiyi reallığı ortaya qoydu.
Milli Məclisin deputatları hesab edirlər ki, cənab İlham Əliyevin prezidentliyi dövründəki şah əsəri məhz Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. Deputatlar Prezident İlham Əliyevin son 3 illik fəaliyyət müddətindəki vacib məqamlara diqqət çəkiblər.
Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli Pravda.az-a bildirib ki, ötən 3 il Azərbaycan xalqı üçün olduqca önəmli dövrdür.
T.Kərimlinin sözlərinə görə, son 100 ildə heç bir zaman ərazi bütövlüyünü təmin edə bilməyən Azərbaycan bunu məhz İlham Əliyevin prezidentliyi dövründə bacarıb: “Cənab İlham Əliyev həm Ali Baş Komandan, həm müdrik diplomat və həm də məlumatların dünyaya dolğun çatdırılması istiqamətində bir poliqlot kimi olduqca ciddi uğurlar əldə edib. Torpaqlarımızın işğaldan azad edilməsini bu 3 illik müddətdə İlham Əliyevin şah əsəri hesab edirəm. Biz məhz Ali Baş Komandanın sayəsində xalqın və ordunun birliyinə nail ola bildik. Müharibə dövründə bütün siyasi qüvvələr də vahid məcrada bəyanat verərək Prezidenti müdafiə etdilər, Ali Baş Komandan və Azərbaycan ətrafında birləşdilər. Geridə qalan 3 ilin başlanğıcında islahatlar kursunun müəyyən olunması, 9 istiqamət üzrə proqramların qəbul edilməsi, şübhəsiz ki, indi də öz töhvəsini verməkdədir. Həmçinin bu dönəmdə bir sıra nazirliklərdə, mərkəzi icra hakimiyyətlərində kadr islahatları aparıldı və korporativ idarəçiliyə keçildi. Bu keçid prosesi hələ də davam edir və bu, elə bir eradır ki, gələcəkdə rentabelli olmayan sahələrin özəlləşməsinə də imkan yaradacaq. Hesab edirəm ki, bu 3 ildə ciddi işlər başladılıb: Məhkəmə-Hüquq Şurasında artıq müvafiq addımlar atılıb, cəzaların yumşaldılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, vacib məsələlərdən biri olan Cinayət Məcəlləsinin 200-ə yaxın maddəsində müəyyən dəyişiklər edilib. Təkrar edirəm, bu dövr həm islahatların icrası, həm də müharibədəki qələbəmiz baxımından olduqca önəmlidir”.
Millət vəkili Cavanşir Paşazadə cənab İlham Əliyevin prezidentlik fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə şübhə etmir.
Deputat bildirib ki, Prezidentin regionda söz sahibi olması bizim başımızın ucalığı, cənab İlham Əliyevin gücü və qüvvəsidir: “İlham Əliyevin, ümumiyyətlə, 17 illik prezidentliyi dövründə apardığı siyasət ordunun və iqtisadiyyatın güclənməsinə, bu da öz növbəsində ən böyük problemimiz olan Qarabağın azad olunmasına gətirib çıxardı. Prezident ötən 3 il müddətində də, təbii ki, uğurlu siyasətini tam şəkildə həyata keçirdi, işğal altında olan torpaqlarımızı işğaldan azad etdi və beləliklə, dünyaya bildirdi ki, doğrudan da Azərbaycan xalqının rəhbəri, Ali Baş Komandanı, ordusu və xalqı bu qələbəni qazanmağa qadirdir. Azərbaycan xalqı hər zaman dövlət başçısını dəstəkləyir. Bu gün Azərbaycan, əlbəttə ki, Cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bölgənin ən qabaqcıl dövlətlərindən biri olmağı bacarıb. Prezidentimizin Xəzəryanı, türkdilli ölkələrin birləşdirilməsi, bölgədə yaxınlığın yaradılması istiqamətindəki uğurları, qardaş ölkə Türkiyə ilə dostluğu daha da möhkəmləndirməsi, bu təcrübələri başqa ölkələrə aşılaması və nəhayət bölgədə söz yiyəsi olması cənab Prezidentin öz gücü və qüvvəsidir. Biz Prezident İlham Əliyevlə fəxr edirik!”
Deputat Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı xoşbəxt gələcək gözləyir.
A.Badamovun fikrincə, cənab İlham Əliyevin yenidən Prezident seçilməsindən ötən bu 3 il ərzində Azərbaycanın həyatında olduqca önəmli hadisələr baş verib: “Əvvəla onu qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz 2018-ci ilin aprelin 18-də andiçmə mərasimində qeyd etdiyi bütün vədlərinə əməl edib, problemlər öz həllini tapıb. Ötən illər ərzində ölkədə yeni islahatlar sürətlə icra edilib və bu proses indi də davam etdirilir. İdarəetmə sistemləri, demək olar ki, yenidən qurulub, hakimiyyət strukturlarında islahatlar prosesi daha da dərinləşib, daha şəffaf iqtisadi idarəetmə sisteminin qurulması istiqamətində işlər hər zaman uğurla davam etdirilib. Bildiyimiz kimi, uzun illər boyunca bizim nail ola bilmədiyimiz, daim arzuladığımız əsas məsələ torpaqlarımızın işğaldan azad olunması məsələsi idi. Beləliklə, 2020-ci ilin sentyabrın 27-də başlamış Vətən Müharibəsində əldə etdiyimiz uğur nəticəsində ərazi bütövlüyümüzü təmin edə bildik. Bu gün Azərbaycan tamdır, müstəqildir və ərazi bütövlüyünü təmin edibsə, biz bütün bunlara möhtərəm Prezidentimizin rəhbərliyi altında nail olmuşuq. Fikrimcə, İlham Əliyev öz rəhbərliyi altında Azərbaycanı bundan sonra da daha böyük inkişafa aparacaq, yeni uğurlara imza atacaq”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov qürur duyur ki, bu gün Azərbaycan xalqına belə müdrik və dahi insan, sözün həqiqi mənasında xalqın əsl lideri rəhbərlik edir.
Parlament üzvü vurğulayıb ki, son 3 il ərzində Respublikada icra edilən saysız-hesabsız işlərin ən zirvədə duranı 30 ilə yaxın bir müddətdə erməni tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsidir: “Bu, möhtəşəm bir qələbədir, tarixi qələbədir. Cənab Prezidentin imza atdığı saysız-hesabsız uğurların zirvəsi bizim şanlı qələbəmizdir. Məhz bu nailiyyətlə cənab İlham Əliyevin bir lider və bir sərkərdə kimi adı tarixə qızıl hərflərlə yazıldı. Fikrimcə, cənab Prezidentimizin 3 illik fəaliyyətini elə bu cümlə ilə yekunlaşdıra bilərdim… Lakin ölkədə aparılan və qələbəmizə zəmin yaradan kadr və struktur islahatları, idarəetmədə edilən dəyişikliklər, iqtisadiyyatda mövcud olan şaxələnmə və başqa sahələrdə əldə edilən çoxsaylı nailiyyətləri də gözardı etmək olmaz. Həmçinin bu gün dünyanı cənginə alan koronavirus fəlakətini önləməyi bacarmaq, qabaqlayıcı tədbirlər görmək – modul tipli xəstəxanaların açılması, qısa müddət ərzində əhalinin tələbatını ödəmək üçün maska istehsal edən müəssisənin istifadəyə verilməsi, vaksinasiya prosesi və sair bu kimi uğurlu islahatlar son 3 ilin mənzərəsdir. Yekun olaraq demək istəyirəm ki, cənab İlham Əliyevin bütün fəaliyyəti bizim tərəfimizdən bəyənilir və biz Prezidentə hər zaman dəstək olacağıq!”
Qeyd: 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb və Azərbaycan Respublikası Prezidentinə növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilib. Sonuncu Prezident seçkiləri zamanı Mərkəzi Seçki Komisisyasının yekun məlumatına əsasən, ölkə üzrə seçicilərin ümumi sayının 74,30 faizi səsvermədə iştirak edib və onların 86.02 faizi cənab İlham Əliyevə səs verib.
Nəzrin CAVİD.
araz.az xəbər portalı.