“Yoluxma dalğası respublikamızda keçən ilin fevral, mart, aprel və bu ilin fevral ayında özünü daha güclü göstərdi, virusa yoluxma sayı artdı. Sərt karantin rejiminə keçilsə də, yoluxma sayı artmaqda davam edir. Soruşa bilərsiniz, axı insanlar sosial məsafəni qoruyur, maska taxır, bir- biri ilə yaxından təmas etmirlər. Bəs yoluxma niyə artır? Bunun cavabı son vaxtlar virusun mutasiya etməsidir”. Bunu Publika.az-a açıqlamasında uzun müddət koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olmuş həkim Məlahət İsayeva deyib. Həkim bildirib ki, bu mutagen viruslar bölünərək yayılır və yoluxuculuğu əvvəlki virusdan daha güclüdür: “Bütün tibbi müdaxilələrə baxmayaraq, yoluxan insanlarda hərarət və arterial təzyiq enmir. Hazırda yoluxan, vaksin vurduran insanlarda immunitet yaranır. Vaksinləşmə bitənə qədər yəqin ki, qaydalara riayət etsək belə, yoluxma sayı yenə də artacaq. Havaların soyuq, sərt keçməsi, avtobuslarda, dükanlarda, kafelərdə insanların bir yerə cəmləşməsi də virusun yayılmasına səbəb olur. Səbəblər çoxdur”.
Həkimin fikrincə, soyuq havalarda virus daha da aktivləşir: “Sərt karantin rejimini alqışlamıram. Qaydalara riayət etməklə hər kəsə öz əvvəlki həyat tərzinə qayıtmağı arzulayıram. Viruslar ömür boyu var, ətrafımızdadır. Bunun üçün immunitetimizi gücləndirməliyik. İnsanlara öz sağlamlıqlarını qorumağı arzulayıram. Hər kəs öz sağlamlığına özü riayət etməlidir. Havaya uyğun geyinməli, tənəffüs yolunu maska taxmaqla qorumalı, soyuq içkilərdən uzaq olmalıyıq. Hər şeyin kökünü, səbəbini tapmaq lazımdır. Sağlam, immuniteti güclü adamlar heç vaxt xəstələnmir, virusa yoluxmur. Xəstələri müayinə etdikdə məlum olur ki, insanların 70 faizinin arterial təzyiqi, şəkəri, yanaşı xəstəlikləri var. Belə insanların immuniteti zəif olur. Onları virus daha tez yaxalayır. Belə insanlar yalnız xəstələnəndə həkimə müraciət edir. Əlbəttə ki, yoluxma sayı get-gedə artsa, sərt karantin rejimi gözləniləndir”.
araz.az
araz.az xəbər portalı.