WhatsApp Image 2021 04 13 at 02.28.05

Gəncə Dövlət Universiteti ilə bağlı şikayətlərin sayı getdikcə artır. Bu dəfəki şikayətci universitetin “Təhsilin pedaqogikası və metodikası” kafedrasının dosenti Ziyafət Vilayət qızı Bayramovadır. Onun ölkə başçısı İlham Əliyev cənablarına, eləcə də Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə ünvanladığı şikayət xarakterli müraciət araz.az-ın redaksiyasına da daxil olub.
Şikayətçinin həmin
müraciətinin tam mətnini oxucularımızın da diqqətinə çatdırırıq:
“Çox hörmətli cənab Prezident! Mən, bu dəfə, Sizə, Gəncə Dövlət Universitetində baş verən daha bir özbaşınalıqla bağlı məlumat vermək istəyirəm. Bu özbaşınalıq universitetin pedaqoji fakültəsinin dekanı Bayram Fəti oğlu Apoyevlə bağlıdır. O, 20 ildir bu vəzifəni tutur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun cografiya ixtisasını bitirən bu insan, bir müddət orta məktəblərdə biologiya və coğrafiya müəllimi işləyib. İndi isə, “Pedaqogika” kafedrasının dosenti və pedaqoji fakültənin dekanıdır.
O, professor Akif Abbasova pul verərək, özünə doktorluq dissertasiyası yazdırıb. Maraqlıdır, hal-hazırda görkəmli filoloqlar Nizami yaradıcılığında nəyi isə axtarıb tapa bilmirlər, çünki bu böyük şair ətraflı tədqiq olunub. Bu coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu isə, Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir. Hazır dissertasiya işi tapana qədər, Elmi Şurada müzakirə olunmadan bir neçə dəfə doktorluq dissetasiya işinin adı dəyişdirilib. Heç bir elmi yaradıcılıq məzuniyyətində, heç bir kitabxanada olmayıb. Maraqlıdır, görəsən, elmi-tədqiqat işlərini bu adam harada aparıb?! Axı, bu vəzifə sahibinin işi-gücü bütün günlər ərzində tələbələrdən rüşvət yığmaqdan ibarət olub. Bu məşğuliyyətinin 20 illik bir tarixi var. Son vaxtlar dekan kimi rüşvət yığmaq fəaliyyətini daha da güclü davam etdirir. Bu yerdə, öncə verdiyim sualı daha da şiddətləndirmək olar: “Onun qorxub-çəkinmədən rüşvət yığmaqdan nə vaxt başı açıldı ki, elmi-tədqiqat işi apara bilsin?!”.
Bayram Apoyevin özü də dəfələrlə etiraf edib ki, Ali Attestasiya Komissiyasında onun yaxın adamı var və ona 30.000 manat rüşvət verməklə, istəyinə çatıb: “Ekspertdən də keçmişəm, kim istəsə, ona kömək də edə bilərəm. Ali Attestasiya Komissiyasındakı yaxın adamım 30.000 manatımı alaraq, artıq, doktorluq dissertasiyasımı təsdiq elətdirmək üzrədir”. Bayram Apoyev, guya, kitab yazıb və adını da belə qoyub: “Heydər Əliyev və Nizami Gəncəvi”! Halbuki bu kitabı onun özü yox, verdiyi külli miqdarda pulları müqabilində professor Mübariz İmran oğlu Yusifov yazıb. İndi də, Bayram Apoyev deyir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz İbrahim oğlu Əliyev və İbtidai təhsil fakültəsinin dekanı, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov onun yaxın dostlarıdır. Elə, onların özləri də Bayram Apoyevə söz veriblər ki, yaxın günlərdə doktorluq dissertasiyasını təsdiq etdirəcəklər.
Bayram Apoyevin plagiat sözündən çox xoşu gəlir. Belə olmasaydi, onun kitabları ayrı-ayrı alimlərin kitablarından köçürmə də olmazdı. Və bir də ki, plagiat kitablara özü rəy verməzdi. Deyilənin təsdiqi olaraq, elə, götürək Bayram Apoyevin müavini İlqar Haqverdiyevin və GDU -nun “Bədən tərbiyəsi və idman” kafedrasının sabiq müdiri İlham Mansır oğlu Ağayevin birgə həmmüəlliflikləri ilə ərsəyə gələn “Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası” dərsliyini. Sözügedən dərs vəsaitinin orijinal variantını – “Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları”nı yazıb, ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi”, SSRİ idman ustası Baloğlan Quliyevdir. Hazırda həmin dərs vəsaiti Prezident Kitabxanasındadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə, dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiq desək, 2016-cı ildə GDU-nun müəllimləri – İlham Ağayev və İlqar Haqverdiyev plagiatlıq edərək, həmin kitab hesabına yeni bir dərs vəsaiti “ərsəyə gətiriblər”. Bu kitaba müsbət rəy verən də, elə, həmin Bayram Apoyev olub.
Məlumunuz olsun ki, Bayram Apoyevin doktorluq dissertasiyasını pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov yazıb. Özünün isə, bu dissertasiya işindən xəbəri belə yoxdur. Bayram Apoyev deyir ki, yaxın günlərdə dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunacaq və o, bu barədə diplomunu alacaq. Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin birbaşa korrupsiyaya bulaşdığını göstərir. Çox hörmətli cənab Prezident! Sizdən çox xahiş edirəm ki, bu hərc-mərcliyin qarşısının alınması üçün, əlaqədar dövlət qurumlarına ciddi tapşırıqlarınızı verəsiniz! Müraciətimin sonunda onu da bildirmək istəyirəm ki, Gəncə Dövlət Universitetinin rəhbər vəzifələrində oturanlar, konkret olaraq, rektorun müşaviri Asif Cavadov mənim adımdan bir çox aidiyyatı dövlət qurumlarına və təşkilatlara saxta məktublar göndərirlər. Yazırlar ki, guya, müxtəlif idarə rəhbərlərinin, eləcə də Sizin adınıza ünvanladığım belə şikayət məktublarımı mənim özüm yazmıram. Mən yazdığım şikayət ərizələrinə tam cavabdehəm və xahiş edirəm ki, bu ərizələrimdə ortaya qoyduğum ciddi faktların hərtərəfli və dərindən araşdırılması üçün öz rəhbər göstərişlərinizi verəsiniz! Belə olarsa, əsl cinayətkar barəsində də, qanun çərçivəsində lazımi tədbirlər görülər!”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.