9665d03d2998d0665608dc570bf0da35Qəddar rəhbər sevgi yaşadığı insanlara da göz işığı verməyib
SSRİ-nin ən qəddar rəhbəri Stalinin intim həyatı üzərindəki sirr pərdəsi zaman-zaman qaldırılıb. Və “dahi rəhbər”in qadınlara qarşı heç də soyuq olmadığı üzə çıxıb. Üstəlik, pylaşdığı xəbərlər kifayət qədər maraq doğurur. Sovet rejiminin qorxunc liderinin həyatında neçə qadın olub? Say kiçik deyil. Sadəcə, bu qadınlar barədə rəsmi və qeyri-rəsmi, şayiə xarakterli məlumatlar da var.   
Məlumdur ki, İosif Vissarionoviç Stalin həyatında iki dəfə rəsmi nikah bağlayıb. Onun ilk evliliyi 1904-cü ildə Yekaterina Svanidze ilə olub. Onlar evlənən zaman Yekaterinanın 16, Stalininsə 26 yaşı vardı. Bu, Stalinin inqilabçı kimi fəaliyyət göstərdiyi illər idi. Bu nikahdan onların oğlu dünyaya gəlib, adını Yakov qoyublar. Kobanın həyat yoldaşı 3 il sonra tif  xəstəliyindən (bəzi mənbələrdə vərəm xəstəliyi qeyd edilir) vəfat edib. Stalin bir də 12 il sonra – 1919-cu ildə ailə qurur. Onun ikinci həyat yoldaşı o zaman bolşevik partiyasının üzvü olan Nadejda Alliluyeva idi. Onlar nikah bağlayarkən Nadejdanın 17, Stalininsə artıq 40 yaşı vardı. Bu nikahdan onların 2 övladı – Vasili və Svetlana dünyaya gəlir. Bu nikah 13 il davam edir –  1932-ci ildə Nadejda Alliluyeva özünə qəsd edənədək. Onun ölümü ilə bağlı da müxtəlif fərziyyələr var. Bəzi mənbələr Nadejda Alliluyevanın Stalinin “cəza maşını”na dözməyərək ruhi sarsıntılar keçirdiyini və növbəti ruhi sarsıntı zamanı, Kremldə təşkil olunmuş ziyafət zamanı gözdən uzağa çəkilərək özünü güllə ilə vurduğunu, bəzi mənbələrsə öz əcəli ilə öldüyünü bildirir.
Qəribə burasıdır ki, Stalinin qızı Svetlana anasının soyadını daşıyırdı – Alliluyeva. Onun 1966-cı ildə Hindistanda səfərdə olarkən ABŞ səfirliyinə gedib siyasi sığınacaq istəməsi və ömrünü orada başa vurması da məlum faktlardır.   
Stalinin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki hədsiz sərtliyi, qəddarlığı onun qadınlarla soyuq münasibətlərdə olması, qadınlara qarşı marağının olmaması təəssüratı yaradır. Lakin bu heç də belə deyil. Sovet İttifaqının ən zəhmli, ən qəddar hesab edilən rəhbəri də qadın cazibəsi önündə tərksilah vəziyyətdə qalıbmış. Müxtəlif mənbələr Stalinin həm ali rəhbərlik dövrünədək, həm də ali rəhbər olduğu dövrlərdə sevgi romanları yaşadığını xəbər verir. 
Hələ XX əsrin başlanğıcında – Stalin Arxangelsk vilayətində sürgündə olarkən kilsə xidmətçisinin qızı Matryona Kuzakova ilə tanış olub. Qadının həyat yoldaşı vəfat etdiyindən gecə-gündüz çalışırmış. Stalin qadına kömək etməyə başlayıb və beləcə həyat yoldaşına ilk dəfə xəyanət edib. Bir müddət sonra Matryonanın oğlu dünyaya gəlib. Stalin artıq orda deyildi. Qohum-qonşu isə körpənin bacı və qardaşlarından fərqləndiyini görürdülər. Matryonanın əvvəlki uşaqları sarışın idi, bu uşaq isə qaraşın.
Adını Konstantin qoyurlar. Atasının adını isə ananın atasının adını yazdırırlar  – Stepanoviç. Maraqlıdır ki, Konstantin Stepanoviç Kuzakob 1970-ci illərdə Moskvaya gəlib. Və “Şabalovka” TV studiyasında  ədəbi redaktor kimi işləməyə başlayıb. O zaman ətrafdakılar dedi-qodu edirmiş ki, o, Stalinin oğludur. Konstantin isə həqiqəti yalnız 1996-cı ildə təsdiqlədi. Atasını gizli saxlamasının səbəbini isə belə izah etdi ki, ondan bu haqda danışmamaqla bağlı yazılı iltizam alıblar. Hətta 1947-ci ildə Konstantin Kuzakovu güllələmək istəyiblər. Lakin görünür, Stalinlə qan bağlılığı onu xilas edib. 
1913-1916-cı illərdə Stalin növbəti dəfə sürgündə olub. Bu dəfə Turuxanski vilayətinin Kureyka kəndində. O, yetim qardaş-bacı Pereprıginlərin evində qalıb. 14 yaşlı Lidiya Pereprıgina ilə də elə burada münasibət saxlamağa başlayıb. Yetkinlik yaşına çatmamış qızla intim əlaqədə olduğuna görə Stalinə cinayət işi açmaq istəyiblər.
Lakin o, qızla evlənəcəyini deyib və həbsdən yaxa qurtarıb. Amma sonra sözünün üstündə dayanmayıb. Və Lidiyanı ataraq çıxıb gedib. Lidiyanın da oğlu dünyaya gəlib – Aleksandr. Sonra qadın kənd sakini Yakov Davıdovla ailə qurub. Aleksandr da beləcə Davıdov olub. 1935-ci ildə ozamankı “NKVD” əməkdaşları Aleksandrdan əsl atasının kim olmasını açıqlamayacağı barədə yazılı iltizam alıblar.  Aleksandr Davıdov – Stalinin “karyerası” Novokuznetskdə yeməkxana müdiri olmaqla yekunlaşıb. 
Stalinin zəif cinsə marağı təkcə kənd qadınları ilə bitmir. Deyilənə görə, onun məşhur balerina Olqa Lepeşinskaya və Marina Semyenova, həmçinin müğənnilər Nataliya Şpiller və Valeriya Barsova ilə də yaxın münasibətləri olub. 
Dahi rəhbərin “Bolşoy teatr”ın (Böyük Teatr) solisti Vera Davıdova ilə də isti münasibətlərinin olduğu məlumdur. Hərçənd, Davıdovanın qohumları bunu təkzib edir, lakin həyatı və solistlik karyerası boyunca həddən artıq mükafatlar, təltiflər alması, böyük imtiyazlara sahib olması bi faktın həqiqiliyini dəstəkləməyə imkan verir. 
Stalinin sonuncu məhəbbəti isə Valentina İstomina idi. Bu qadın 1935-ci ildən taki Stalinin ölümünədək onun yanında olub. Bunu o zamanın partiya rəhbərlərindən  Molotov təsdiqləyib. İstomina Stalinin məişət-təsərrüfat məsələlərinə nəzarət edirmiş. Daim rəhbərin yanında olurmuş. Stalin vəfat etdikdən sonra İstominaya fərdi təqaüd təyin edilmişdi. Bu qadının övladı yox idi. Qardaşı oğlunu himayəsinə götürübmüş. Valentina İstomina 1995-ci ildə vəfat edib. 

araz.az xəbər portalı.