1618391644.3494

Paytaxtın Nizami rayonu Mətləb Ağayev və Pəhlivan Fərzəliyev küçələrində məskunlaşan sakinlər özlərini təhlükəyə atırlar. 

Baku TV-nin xəbərinə görə, yaxınlığından dəmiryolu xətti keçən evlərin qapısı ya boru kəmərinə, ya da neft emalı zavodunun hasarına açılır.

Ərazidə vaxtilə bəzi işbazlar neft sənayesinə aid torpaqları zəbt edərək ya ev tikib satıb, ya da kirayə verib. Şəhərin müxtəlif ərazilərinə yaxınlığı, eləcə də qiymətlərin nisbətən ucuz olması bu ərazilərdə çoxlu sayda evlərin tikilməsinə gətirib çıxarıb. Bəzi işbazların artıqtamahlığı ucbatından minlərlə insanın həyatı təhlükədədir.  

Bu ərazilərdə boru xətlərinə aid olan texniki təhlükəsizlik qaydalarının heç birinə əməl olunmur. Sakinlər neft kəmərləri boyu ərazidə bağ-bağça salıb, toyuq, qaz, ördək, hətta mal-qara da saxlayırlar. Yay aylarında isə bu ərazilərdə təndir qalayıb, samovar çayı dəmləyənlər də olur. Neft məhsullarının nəql olunduğu boru xəttinin yaxınlığında ocaq qalanmasının nə dərəcədə böyük təhlükə olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur.  

Qanunun tələbinə əsasən, yaşayış evləri boru xəttindən ən azı 50 metr məsafədə yerləşməlidir. Ekspertlər bildirir ki, neft boru kəmərləri keçən hissədə xüsusi mühafizə zolaqları yaradılmalıdır. 

Neft kəmərlərinin ətrafının zəbt olunması SOCAR əməkdaşlarına da xeyli çətinlik yaradır. Mövcud vəziyyət neft kəmərlərinin mühafizəsini, zəruri hallarda texniki xidmətin göstərilməsini, eləcə də hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsinə ciddi problemlər yaradır.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/fFkTgXKzYb0′” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.