Son günlər bir neçə şəxsdə COVID-19 əleyhinə birinci doza vaksin vurulandan sonra da koronavirusa yoluxma halları müşahidə olunur. Həmin şəxslərin ikinci doza peyvənd alıb-almamaları suallar yaradır. Birinci doza peyvənddən sonra virusa yoluxan şəxs bir də nə vaxt peyvənd oluna bilər? Həkim–infeksionist Vasif Əliyev “Qafqazinfo”ya bildirib ki, birinci dozadan sonra antitelin yaranma ehtimalı çox aşağıdır. Ona görə də, 4 həftədən – 28 gündən sonra ikinci doza peyvənd vurulur. Lakin şəxs birinci doza peyvənd alandan sonra virusa yoluxarsa, ona ikinci doza vaksinin vurulmasına ehtiyac qalmır:
“Ola bilər ki, birinci doza vurulandan sonra təmas pozular, yəni koronavirusla təmas edən şəxslər xəstələnə bilərlər. Bu şəxslərə artıq koronavirus peyvəndinin vurulmasına ehtiyac qalmır. Çünki təbii yolla virusla təmasda olublar. Bilirik ki, xəstə olan insanlara peyvənd vurulmur. Peyvəndi vurmağın məqsədi ondan ibarətdir ki, həmin şəxs xəstəliyi gizli formada keçirsin və ya heç keçirməsin. Xəstəliyi keçirən şəxsə peyvənd vurulmasına zərurət qalmır”.
Həmin hallarda peyvəndin nə zaman vurulmasına gəlincə isə, V. Əliyev bildirib ki, istər birinci dozadan sonra xəstəliyi keçirən, istərsə də, heç peyvənd vurulmadan xəstəliyi keçirən insanlara gələcəkdə peyvənd 6 aydan sonra vurulmalıdır: “Bu, bu günə olan məlumatdır, gələcəkdə ola bilər ki, bu müddət dəyişsin”.
İnfeksionist həmçinin əlavə edib ki, əgər bədəndə antitel yaranmış olsa belə, bu peyvənd üçün əks-göstəriş deyil və heç bir təhlükəsi yoxdur.
araz.az xəbər portalı.