Hurriyyet.org xəbər verir ki, Türkiyənin baş nazirinn müavini Fikri Işık deyib: “Süleyman şahın türbəsi müvəqqəti olaraq köçürülüb. Əvvəl-axır öz yerinə qaytarılacaq. Çünki ora türk torpağıdır”.
Baş nazirin müavini Fikri Işık bu açıqlamanı “TRT Haber” kanalına müsahibəsi zamanı verib
Süleyman şah türbəsi
Türkiyənin “Milliyet” qəzetinin yazarı Tunca Bengin bu gün qələmə aldığı “Süleyman şah həmləsinin zamanı” başlıqlı yazısında türbənin yerinin əhəmiyyətindən bəhs edərək yazıb: “Türkiyə Tel Abyaddan Menbiçe doğru geniş bir dəhliz açacaq. Yəni Afrində olduğu kimi Menbiçə şimaldan, sərhəddin yanından daxil olmayacaq. Geniş bir təhlükəsizlik dəhlizi ilə həm Fərat çayının şərqini, həm də Menbiçi nəzarət altına alaraq bir daşla iki quş vuracaq. Bu dəhlizi açmağın səbəbi də Süleyman şah türbəsinin keçmiş yerinə yerləşdirilməsi olacaq. Çünki həmin bölgə Menbiçin şərqində, Fərat sahilindədir. Türbəni oraya yerləşdirdikdən sonra da Silahlı Qüvvələrin döyüşçüləri çevrədə geniş bir əməliyyat aparacaqlar. Daha sonra da həm Menbiç, həm də Fəratın şərqinə doğru dəhliz yavaş-yavaş genişləndiriləcək. Məncə, Türkiyə bu cür əməliyyat aparmalıdır. Əks halda Türkiyə Afrində olduğu kimi Menbiçə də sərhəddən daxil olacaqdır”.
Qeyd edək ki, Süleyman Şah türbəsi — Suriyanın Hələb vilayətinin Karakozak kəndi sərhədləri içərisində olan və Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir.
Türbədə Osmanlı İmperiyasının qurucusu və ilk padşahı Osman Qazinin babası və Ərtoğrul Qazinin atası olan Süleyman şahın qəbri var.
Süleyman şah yeni yurdlar axtarmaq məqsədiylə boyu ilə birlikdə Fərat çayı sahilinə gedib. Kayı boyundan olan iki əsgəri ilə Caberə getmək üçün Fərat çayından keçərkən boğularaq vəfat edib. Ölümündən sonra onunla birlikdə iki adamı da Caber Qalasının ətəklərindəki bir qübbədə basdırılmışdır. Türbə və Caber Qalası Osmanlı Sultanlığı dağılandan sonra Fransız Suriya ərazisi sərhədləri içərisində qalmışdır. Ancaq Türkiyə Respublikasının Fransa ilə bağladığı Ankara Andlaşması və Lozanna sazişinə görə qala və türbə Türkiyənin torpağı sayılmışdır. 1938-ci ildə türbə yanına Jandarma polis bölməsi inşa edilmişdir. Bundan sonra torpağın və türbənin qoruması Türk əsgərlərinə həvalə edilmişdir.
1973-cü ildə Suriya hökuməti Tabka Anbarı inşasının bitiriləcəyini və türbənin Əsəd Su Anbarı gölünün suları altında qalacağını bildirmişdir. Buna görə türbə və polis bölməsi Hələb vilayətinə aid Karakozak kəndindəki 10.096 m² lik yeni yerinə daşınmışdır.
Suriyada vəziyyət gərginləşdikdən sonra, 21 fevral 2015-ci ildə Türkiyə ordusu Suriya ərazisindəki Türkiyəyə məxsus Süleyman şah türbəsinə daxil olmuş, Türkiyə Baş Qərargahının şərti olaraq “Şah Fərat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən 40 hərbçi, Süleyman Şahın nəşi və əmanətlər oradan çıxarılmışdı.
Hurriyyet.org
araz.az xəbər portalı.