POLISLER

Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda toy mərasiminin keçirilməsinin qarşısı alınarkən polislə vətəndaşlar arasında yaşanan xoşagəlməz hadisə barədə açıqlama verib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, pandemiya dövründə, ölümcül virusun geniş yayıldığı zamanda belə kütləvi tədbirlərin keçirilməsi vətəndaşların sağlamlığı baxımından həm təhlükəli, həm də yolverilməzdir: “Övladına toy etməyi hər bir vətəndaşımıza arzu edirik. Buna baxmayaraq təəssüflər olsun ki, toy, yas, ad günləri və digər belə kütləvi tədbirlər keçirməyə cəhd hallarına rast gəlirik və sözsüz ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən belə cəhdlərin qarşısı alınır.

Aprelin 10-da Kürdəmir rayonunun Ərşəli kəndində toy mərasiminin keçiriləcəyi barədə polisə məlumat daxil olub və ərazidə xidmətdə olan bir neçə əməkdaş ünvana gedərək toyun keçirilməsinin yolverilməz olduğu barədə toy sahibinə xəbərdarlıq edilib. Lakin çox təəssüflər olsun ki, orada olan bir neçə qadın polis əməkdaşlarına qarşı aqressiv davranaraq Azərbaycan xanımına yaraşmayan hərəkətlər edib, ifadələr işlədiblər. Buna baxmayaraq onlarla profilaktik və izahedici söhbətlər aparılmış, tədbirin keçirilməsinin qarşısı alınıb”.

Xatırladaq ki, sözügedən toy zamanı toyda iştirak edən qadınlar polis əməkdaşlarına etirazlarını bildirmişdi. Bəyin anası oğlunun 3 ildir nişanlı olduğunu əsas gətirərək toya icazə verilməsini tələb edirdi. Polis əməkdaşlarının müdaxiləsi zamanı qadınlardan biri huşunu itirərək yerə yıxılıb.

araz.az

araz.az xəbər portalı.