Bərdə şəhər sakini, 1994-cü il təvəllüdlü Orxan Talıbov 2018-ci ilin yanvarın 6-da yol keçərkən avtomobil tərəfindən vurulub. Orxan Talıbovun bildirdiyinə görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, ayağına mil qoyulub.
Orxan Talıbov deyir ki, düz 1 il mil onun ayağında qalıb. Amma gənc Orxanın ayağında gödəklik əmələ gəlib, axsamağa başlayıb. Onu əməliyyat edən Bərdə RMX-nın həkimi Xaliq Məmmədov deyib ki, mil çıxandan sonra gödəklik olmayacaq. Amma həkimin səhlənkarlığından onun ayağında gödəklik qalır:
“Mil çıxandan sonra gəzmişəm, amma 2 santimetr gödəklik yaranıb. Yəni, həkimin ucbatından ayağım axsayır. Mənə demişdi ki, problemin olmayacaq. Əvvəl iki çəliklə gəzirdim, sonra tək çəliklə gəzdim. İndi çəliksiz gəzirəm, amma axsayıram. Əvvəllər sağlam bir adam olmuşam, heç bir travma, yaxud anadangəlmə bir qüsurum olmayıb. Həkim Xaliq Məmmədov 1 il ayağımı mildə saxladı, axırda ayaq 2 sm gödək oldu”, – deyə Orxan Talıbov danışır.
Onun sözlərinə görə, ayağındakı problemlə əlaqədar Baş Prokurorluğa müraciət edib, oradan tibbi ekspertizaya göndərilib. O.Talıbov bildirir ki, ekspertiza üçün Bakıda yerləşən Elmi – Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda müayinə olunub.
Şikayətçi qeyd edir ki, institutun travmatologiya bölməsinin elmi rəhbəri, tanınmış həkim Qələndər Canbaxışov gözlənilmədiyi halda pasientə qarşı kobud, yersiz münasibət sərgiləyib.
Qələndər Canbaxışov Orxan Talıbova “Sən niyə şikayət etmisən? Nə üçün mətbuata və prokurorluğa yazmısan? Onsuz da uduzan tərəf olacaqsan” deyib sanki Bərdədəki həmkarı X.Məmmədovn müdafiəsinə qalxıb.
Ayağının axsadığını, 2 sm gödəklik olduğunu Qələndər Canbaxışova deyən O.Talıbov həkimdən “Heç bir həkim səhvi yoxdur” cavabını alıb.
Şikayətçi deyir ki, Qələndər Canbaxışovdan həkim səhvi yoxdursa, bəs niyə ayağında gödəklik olduğunu soruşub: “Mənə dedi ki, ola bilər. Amma bu həkim səhvi deyil. Dedi ki, şükür elə səni əməliyyat edib, yeriyirsən. Mənə qayıtdı ki, şikayətini geri götür”.
Amma Elmi – Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun o boyda travmatologiya bölməsinin elmi rəhbəri çox maraqlıdır ki, Bərdədə həkim səhvinin olduğunu nəinki etiraf etməyib, üstəlik, vətəndaşdan şikayətini geri götürməyi tələb edib.
Görəsən Canbaxışov niyə prokurorluğa şikayət edilməsinə görə həyəcanlanıb və canfəşanlıq edir. O.Talıbov bildirir ki, onun prokurorluğa müraciət etməsinin səbəbi həkim səhvini araşdırmaq, onun cəzalanmasına nail olmaqdır.
“Mən ekspertiza üçün Travmotologiya və Ortopediya İnstitutuna getmişdim. Ayağımda 2 sm gödəklik qalmasının əsl səbəbini üzə çıxarmaq istəyirəm. Ancaq əvəzində Qələndər Canbaxışov mənə deyir ki, boş yerə şikayət edirsən, get şikayəti geri götür. Başa düşmürəm ki, onun bunu deməklə məqsədi nə olub? Mən Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm ki, bu iş düzgün araşdırılsın və həkim səhvi sübuta yetirilsin”.
Bu xüsusda üzə çıxan digər nüans isə səhiyyə sistemində özbaşınalıqların, səhlənkarlıqların vətəndaşlara zərbə vurması ilə yanaşı həm də həkimlərin özlərini müstəntiq kimi aparması, həmkarlarının səhvi olduğunu təsdiqləmək yerinə onlara qahmar çıxmasıdır. Q.Canbaxışov da onlardan biri kimi təəssürat yaratmaqdadır.
Onun ayaqda 2 sm gödəklik yaranmasının günahını Bərdə RMX-dəki X.Məmmədovda axtarması əvəzinə onun əməlini ört-basdır edir. Yeri gəlmişkən, elə Q.Canbaxışovun özünün də şikəst qoyduğu xəstə olub. Bu haqda mətbuatda yayılan şikayətləri yada salmaq kifayətdir.
Bir müddət əvvəl Ucar şəhəri, S.Vurğun küçəsi, ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu Qələndər Canbaxışovdan şikayətlənmişdi.
Onun sözlərinə görə, Qələndər Canbaxışov pulunu alıb, səhv cərrahiyyə əməliyatı aparıb, ömürlük şikəst edib, ziyan vurub: “Belə ki, ayağımda topuğun qamış sümüyü sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim. Qələndər həkim məndən 800 manat pul alıb cərrahiyyə əməliyyatı etdi.
Amma əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır. Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu. Qələndər həkim mənə məsləhət gördü ki, sən intensiv masaj terapeyası keçməlisən ki, ayağındakı şikəstlik düzəlsin.
Bundan sonra mən inanıb, həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası olmadı. Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular. Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb-bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalar da, sağalmamağım mənə iki qat ziyan vurdu”.
Təkcə bu şikayət məktubundan aydın olur ki, Qələndər Canbaxışov nə üçün Bərdədə olan həkimin tərəfini saxlayıb, həkim səhvi olmadığını iddia edirmiş. Çünki özü də vətəndaşı şikəst qoyub.
Bununla belə, hörmətli Qələndər Canbaxışovun mövqeyini işıqlandırmağa hazırıq.
Mənbə rubrika.az
araz.az xəbər portalı.