Rusiyadan Azərbaycana köçürülən pul vəsaitlərinin həcmində artım qeydə alınıb. Rusiyanın Mərkəzi Bankının yaydığı məlumata görə, bu, 2016-cı il ilə müqayisədə 30,6 milyon ABŞ dolları və ya 5,42 faiz çoxdur. Belə ki, 2017-ci ildə fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 595,6 milyon dollar təşkil edib. 2017-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 116,1 milyon dollar, II rübdə 165,2 milyon dollar, III rübdə 155,4 milyon dollar və IV rübdə 158,9 milyon dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pulköçürmələr daha çox II rübdə, ən az isə I rübdə qeydə alınıb.
Məlumdur ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra Rusiya dərin böhran yaşadı.Bu Rusiyada işləyən azərbaycanlıların gəlirinə də ciddi şəkildə təsir göstərdi.Bu da Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmində ciddi azalmalara səbəb oldu.Ancaq Rusiya Mərkəzi Bankının yaydığı son məlumatdan belə məlum olur ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi artan templə gedir. Maraqlıdır, bu proses davamlı olaraq gedə bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcminin artmasına səbəb olan amillərə aydınlıq gətirib. N.Cəfərli hesab edir ki, bu neftin qiymətində baş verən kəskin artımla bağlıdır:
“Son 3-4 ili müqayisə etsək, pul köçürmələrdə ciddi azalmalar var. 2013-14-cü illərdə pulköçürmələr pik həddə çatmışdı. Həm bank, həm də əldə keçirilən vəsaitlərin həcmi hər il üçün təxminən 3-4 milyard dollar olurdu. Bu Azərbaycanda həm iqtisadi aktivliyə ciddi təsir göstərirdi, həm da daşınmaz əmlak, avtomobil bazarında qiymətlərin şişməsi məhz bu amillə bağlı idi.Təkcə 2013-cü ildə 80 min avtomobil satılmışdı ki, bu da Azərbaycan üçün tarixi rekord idi.Yəni, Rusiyadan gələn vəsait Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan amillərdən biridir.Xüsusilə də regionlarda sosial gərginliyi azaldan əsas amildir”.
Natiq Cəfərli hesab edir ki, cari ilin ilk yarısında da Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin artması istisna deyil:
“Son 1 ildə Rusiyadan gələn vəsaitlərdə artım müşahidə olunur. Doğrudur, hələ rekord hədlərə çatmağa çox var. Artımın əsas səbəbi isə Rusiyada son bir ildə rublun sabitləşməsi, neftin qiymətinin kəskin artmasıdır.Azərbaycan iqtisadiyyatında da pozitiv dinamika məhz neft qiymətlərinin artması ilə bağlıdır.Bu günə qədər davam edən prosesdə Azərbaycana köçürülən pulların artması pozitiv məsələdir.Bu Azərbaycanda sosial vəziyyətə və iqtisadi aktivliyə müsbət təsir göstərir. Amma bunun davam etməsi üçün neft qiymətləri ən azından bu səviyyədə qalmalı və Rusiyada iqtisadi aktivlik zəifləməməlidir. Təəssüf ki, Rusiya ilə bağlı bunu demək çətindir.Çünki Qərb-Rusiya qarşıdurmasının getdikcə daha da gərginləşməsi yaxın gələcəkdə Rusiyanın iqtisadi həyatında yeni tənəzzülün yaranması ehtimalını artırır.Əgər Rusiyada iqtisadi tənəzzül baş verəcəksə, təbii ki, orada çalışan 1.5 milyona yaxın azərbaycanlının gəliri də azalacaq.Bu da Azərbaycana köçürülən vəsaitlərin həcmində azalmaya səbəb olacaq. Amma indiki vəziyyətdə ola bilər ki, bu ilin ilk yarısında köçürülən pulların həcmi artan templə davam etsin”.
araz.az xəbər portalı.