WhatsApp Image 2021 04 18 at 23.23.13

Şirkətin tikdiyi yaşayış kompleksindən ev alan 500 nəfər arasında narazı kimsə tapılmadı

Araşdırmalarımız da sübut edir ki, bu MTK-nın rəhbər şəxslərinə qarşı irəli sürülən iddia və ittihamların heç bir hüquqi əsası yoxdur, bunlar aşkar yalanlardır  

Son illər, ölkə ərazisində fəaliyyət göstərən bir çox Mənzil — Tikinti Kooperativlərinin ürəkbulandırıcı xoşagəlməz fəaliyyətləri ilə bağlı ağlagəlməz saxtakarlıqlar dolu dələduzluq faktları ortaya çıxıb. Elə olub ki, həmin şirkətlərin səlahiyyət sahibləri və vəzifəli şəxsləri tikdirdikləri həmin evlərdəki bir mənzili dörd-beş adamın adına satmaqdan belə çəkinməyiblər. Danılmaz faktdır ki, aldanan belə vətəndaşlar artıq nə edəcəklərini bilmirlər. Çünki şikayət etmədikləri aidiyyatı dövlət qurumu qalmayıb. Üz tutduqları bütün ünvanlardan “əlləri ətəklərindən geri dönüblər”.
Xeyli müddətdir ki, ölkə mətbuatı və sosial media ilə bərabər, “Araz” Media Qrupundakı mətbu vasitələrin, daha çox isə, araz.az xəbər portalının da gündəmi zəbt edən əsas mövzularından biri, heç şübhəsiz, respublika ərazisində fəaliyyət göstərən və illərdən bəri mövcud olan problemlərini həll edə bilməyən bir çox tikinti şirkətlərində baş verən xoşagəlməzliklərlə bağlı olur. Kütləvi informasiya orqanlarının, vətəndaşların şikayət xarakterli müraciətləri əsasında dərc olunmuş həmin məqalələrində o da qeyd olunur ki, əhali, bütün bunlara görə, hətta, son ümid yeri olaraq, Prezident Administrasiyasına belə üz tutub, ünvanına saysız-hesabsız şikayətlər göndərir. Sakinlərin şikayətlərində, əsasən, 100-dən çox tikinti qurumu tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşası zamanı mövcud qanunlarımızın tələblərinə əməl olunmaması, müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsi, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satması, razılığa gəlinmədən və kompensasiyalar verilmədən vətəndaş mülklərinə qanunsuz müdaxilələrlə və varvarcasına hücumlarla söküntü işlərinə başlanılması, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafələrdə tikilməsi xüsusi vurğulanır. Qeyd olunur ki, edilən şikayətlərə baxmayaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də əlaqədar digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə haray-həşir dolu şikayət ərizələrinə diqqət yetirilmədiyi üçün, edilən şikayətlərin sayı azalmaq əvəzinə, getdikcə daha da çoxalır.
Doğrusu, araz.az-ın dərc etdiyi bu dəfəki yazı da, oxşar mövzular silsiləsindəndir və bir şikayətçi vətəndaşın ittiham və iddialarına rəğmən qələmə alınıb. Di gəl ki, əməkdaşlarımızın, digər media qurumlarından olan bir qrup həmkarları ilə birgə, bu məsələyə aydınlıq gətirmək üçün apardıqları jurnalist araşdırmalarından sonra, həmin vətəndaşın şikayətlərinə heç cür haqq qazandırmaq olmur. Çünki onun ortada olan ittiham və iddiaları təəssüf doğuran aşkar böhtan və yalanlar üzərində qurulub. Şikayətçi unudur ki, ölkədə müştərilərinin etibar və inamlarını qazanan tikinti şirkətləri də var və onların barəsində mətbuata yalan materiallar ötürmək vicdan çərçivəsinə sığmır.
Həmin şəxsin ünvanına yalan hədyanlar söylədiyi həmin tikinti şirkəti, yarandığı vaxtdan indiyədək, sağlam təməlli və müasir görünüşlü binaların inşası ilə daim alıcıların diqqət mərkəzində olan “Abşeron — A1″ Mənzil — Tikinti Kooperatividir. Araşdırmalarımızdan məlum olur ki, həmişə öz hərəkətverici qüvvəsiylə, layihələri üzrə öhdəsinə götürdüyü işləri müvəffəqiyyətlə yerinə yetirərək, məsuliyyət daşıdığı işləri vaxtında və yüksək keyfiyyətlə təhvil verir. Hər bir yeni layihədə bu şirkət, sahib olduğu potensialını daha da artıraraq, öz müştərilərinin hörmətini və etibarını qazanır. Həyata keçirdiyi bircə layihəyə diqqət etmək kifayətdir ki, onun gücü və peşəkarlığı haqqında insanda təəssürat yaransın. Konkret desək, “Abşeron — A1” MTK peşəkar fəaliyyətini dəfələrlə sübut etməklə, sakinlərin etibar və hörmətini təsadüfən qazanmadığını əyani şəkildə göstərib. Bir sözlə, alıcıların rahatlığını təmin edəcək yaşayış evləri ilə, bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilib. Elə, insanların komfortunu və rahatlığını düşünməklə də, inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.
Araşdırmalarımızdan o da məlum olur ki, bu gün sərfəli qiymət və şərtlərlə alıcılarına yaşayış komplekslərindəki yeni tikililərdə mənzillər təklif edən şirkətlərdən biri də, elə, “Abşeron — A1”-dir. Fəaliyyət göstərdiyi illər ərzində öz etibarlılığı ilə seçilən bu MTK-nın, inşa etdiyi yaşayış evlərindən mənzil almaq üçün, çox sərfəli qiymətlərlə alış şərtləri irəli sürülür. Bu evlərin daha bir üstünlüyü ondan ibarətdir ki, 24 saat mühafizə olunur və yerləşdikləri kompleksin ərazisində yüksək zövqlə abadlaşdırma işləri aparılır, üstəlik, sakinlərin rahatlığı üçün hər şey nəzərə alınır. Mənzillərin sahəsində hər hansı problemdən söhbət gedə bilməz. Keyfiyyətli tikinti materialları vasitəsi ilə, yüksək zövqlə inşa edilən bu yaşayış binaları daimi işıq, qaz və su ilə təchiz edilir. Binalarda modern yük və sərnişin liftləri, habelə yeraltı avtodayanacaqlar nəzərdə tutulur.
Araşdırmalardan sonra gəlinən son qənaət belədir ki, bütün bu böhtan və yalanlar, yaradıldığı gündən şəffaflığı və sakinlərə göstərdiyi yüksək xidmətə görə, seçilən tikinti şirkətlərdən birinə çevrilən “Abşeron — A1”-in işinə kölgə salmaqdan başqa bir şey deyil. Elə, araşdırmalar nəticəsində, bu yöndən üzə çıxarılan bəzi mühüm detallar da bunun inkarolunmaz təsdiqidir. Belə ki, xeyli bundan əvvəl, “Abşeron-A1” MTK-da sədr vəzifəsini Ağamoğlan Duman oğlu Ağayev müvəqqəti icra edərkən, onun, indi şikayətçi olan həmin vətəndaşla — Bakı şəhəri, Nərimanov rayonu, R. Axundov küçəsi, ev, 43, mənzil, 12 ünvanında yaşayan Sevil Nəsirova ilə aralarında hansısa bir haqq-hesabı olub. O vaxtdan da, bu MTK-ya qarşı həmin şikayətçi qadının irəli sürdüyü əsassız iddia və ittihamlar tükənmək bilmir, hər yerdə, burada aldadıldığını iddia edir. Əslində isə, bəzi mətbu orqanlarda da dərcini tapmış bu məsələ tamamilə başqa cürdür. Yəni, bu MTK rəsmilərini yalandan ittiham edən həmin qadının həyat yoldaşı ilə, bir müddət burada sədr vəzifəsini icra etmiş həmin Ağamoğlan Ağayev yaxın dost olublar. Elə, bu yalan və uydurmalar da, həmin dostluqdan qaynaqlanır. Çünki, ortada, “Abşeron — A1” MTK ilə, adı çəkilən şikayətçi qadının arasında bağlanmış heç bir rəsmi müqavilə sənədi yoxdur. Onun iddia etdiyi ödənişlərlə bağlı, şirkətin Maliyyə şöbəsində heç bir qeydiyyat aparılmayıb, adına heç bir rəsmi ödəniş qəbzinə rast gəlinməyib. Konkret desək, mənzil almaq məqsədilə, Sevil Nəsirovanın bu şirkətin hesabına heç bir ödənişi olmayıb. Bir sözlə, onun şirkətin sabiq sədr əvəzi Ağamoğlan Ağayevlə bağladığı saxta müqavilə və həyata keçirdiyi ödənişlər, — əgər edibsə, — şirkətdən kənarda baş verib.
Baş verənlərlə bağlı, şirkət rəsmisi Etibar Ağayev də araşdırmaçı jurnalistlərə bildirib ki, burada həyata keçirilən bütün ödəmələr qanun çərçivəsində aparılır: “Danılmaz faktdır ki, bizim MTK-da həyata keçirilən ən cüzi miqdarlı prosedurlar belə Maliyyə şöbəsi və Xəzinədarlıq tərəfindən qeydə alınır. Və buna görə, hər kəsə qəbz də verilir. Şikayətçi Sevil Nəsirova ilə bağlı apardığımız araşdırmalar zamanı isə, bəlli olub ki, şikayətçinin etdiyi iddialar tamamilə əsassızdır. O ki qaldı Sevil Nəsirovanın şikayətində deyilənlərə, bu, şirkətin əvvəlki direktoru Ağamoğlan Ağayevin onunla bağladığı və əlində bərk-bərk tutduğu saxta müqavilə, onlar arasındakı qaranlıq bir şəxsi məsələdir və şirkət xaricində baş verib. Bundan sonra yaşanan hansısa problemlərə görə də, Sevil Nəsirova evdən uzaqlaşdırılıb. Bunu tam dəqiqliklə deyə bilmərik. Çünki, bununla bağlı, əlimizdə rəsmi sübut yoxdur. Ağamoğlan Ağayev vəzifəsindən uzaqlaşdırılarkən, şirkətin təhvil-təslimi zamanı da, Sevil Nəsirova adına heç bir ödəniş qəbzinə rast gəlməmişik. Doğrudan da, onun həyata keçirdiyi ödənişlərlə bağlı, bizim MTK-da heç bir dəlil-sübut yoxdur. Bir daha deyirəm, bunun da əsas səbəbi odur ki, adı çəkilən qadın nə qədər ödəmələr həyata keçiribsə, bütün bunların hamısı şirkətdən xaric baş verib”.
Araşdırmalar zamanı, şirkətin Xırdalan şəhərində tikdirdiyi yaşayış kompleksindən ev almış 500 nəfər sakin arasında, rəhbərliklə hansısa problemi olan bir kimsəni tapmadıq. Bu bir həqiqətdir ki, bu MTK ilə hüquqi müstəvidə müqavilə bağlayan sakinlərin hamısı hər ay ödənişləri rəsmi qaydada həyata keçiriblər və hər hansı qanun pozuntusu da baş verməyib. Doğrudan da, həyata keçirilən ən cüzi miqdarlı prosedurlar belə, Maliyyə şöbəsi və Xəzinədarlıq tərəfindən qeydə alınıb. Elə, bunun nəticəsidir ki, hər kəs aldığı evində rahat və problemsiz yaşaya bilir. Sakinlərə göstərilən nümunəvi xidmət artıq hər kəsə bəllidir. Elə, sakinlərə göstərdiyi yüksək xidmətə görə də, “Abşeron — A1” ölkənin seçilən tikinti şirkətlərindən biri kimi tanınıb.
“Abşeron — A1” MTK-nin təsisçisi kimi özünü qələmə verən və hər dəfə qarşımıza çıxıb, ağlına gələni danışan Elman Babayev aramızda olan bu ziddiyyəti, Azərbaycan və Ermənistan arasında olan müharibəyə bənzədərək, sonda bağlanan sülh müqaviləsi ilə müqayisə edir!”, — bu, həmin şikayətçi qadının daha bir absurd iddiasıdır. Göründüyü kimi, beləcə, o, aidiyyatı dövlət qurumlarına, eləcə də ölkə mətbuatına yazdığı şikayət xarakterli müraciətlərini ağlına gələnlərlə uzlaşdırmağa çalışır, iddia və ittihamlarına siyasi don geydirməkdən, hətta bu qaranlıq məsələdə “qazanacağı qələbəni” Vətən Müharibəsindəki Zəfər Qələbəmizlə müqayisə etməkdən belə çəkinmir. Beləcə, şirkət rəsmisi Elman Babayevi nə yolla olursa-olsun “vurmağa” çalışır.
44 günlük Vətən Müharibəsindən söz düşmüşkən, araşdırma apardığımız zaman o da məlum oldu ki, Azərbaycan torpaqları uğrunda vuruşan Milli Ordumuza dəstək üçün, bu şirkətin rəhbərləri əllərindən gələni əsirgəməyiblər, gücləri nəyə çatıbsa, şanlı qələbəmizə öz töhfələrini veriblər. Döyüşən əsgərlərimizin ərzaq, su və s. ehtiyacları üçün yardımlar edib, yaralılara kömək üçün çalışıblar. Bir sözlə, cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstəyi özlərinə mənəvi borc biliblər. Bu barədə, şirkət rəhbərliyinin adına, “N” saylı hərbi hissə komandiri adından Təşəkkürnamə də var.
Bəli, “Abşeron — A1” MTK ölkənin seçilən belə bir tikinti şirkətlərindəndir. Ünvanına hansısa bir iddia və ittiham əsassızdır. Konkret desək, “Abşeron — A1”-ə qarşı irəli sürülən iddia və ittihamların heç bir hüquqi əsası yoxdur. Bir də ki, şikayətçi qadınla bağlı baş verənlər şirkətin ərazisində deyil, kənarda baş verib. Doğrudan da, onunla bağlanan saxta müqavilə barədə, MTK-da heç bir məlumat olmayıb. Yaxşı olar ki, Sevil Nəsirova Ağamoğlan Ağayevlə aralarında olan bu məsələni, bu şirkətdən kənarda aydınlaşdırsınlar.

araz.az xəbər portalının araşdırma mərkəzi.

araz.az xəbər portalı.