Aprelin üçü şair dostumuz Zakir Fəxrinin doğum günüdü. Yetmiş yaşı tamam olur. Bu əgər aprelin biri olsaydı, deyərdim ki, yalandı, Zakir zarafat eləyir. Çünki Zakirə 70 yaş vermək mümkün deyil. Biz onunla bəlkə əlli ildi ki, dostuq və bu gün bütün köhnə dostlarımızın arasında zahirən onun qədər dəyişməyəni yoxdu; sir-sifətdə də, çəkidə də…
Mən heç onun saçlarının ağarmağını da saymıram, çünki Zakirin saçları çox erkən ağarmağa başlamışdı. Amma bir məsələ də var ki, çoxlarının dünən dediyini bu gün dandığı, cilddən-cildə, sifətdən-sifətə girdiyi bu illər ərzində xoşbəxtlikdən Zakir daxilən də dəyişməyib; şerə-sözə, evə-ailəyə, doğmalara, dostlara, sevdiklərinə, inandıqlarına həmişəki kimi indi də vəfalı və sədaqətlidi. Vaxtilə onun haqqında dediyim söz bu gün də qüvvədədi: “Zakir lazım olanda onu axtarmağa ehtiyac yoxdu. Axırıncı dəfə onunla harda ayrılmısızsa, Zakir ordadı”. Bu baxımdan, məncə, Zakirin soyadıyla onun xarakteri arasında qəribə bir bağlılıq var; Sabitov.
Füzuli “dərd çox, həmdərd yox” deyirdi. Şairlik bəlkə elə başqalarına həmdərd olmaq deməkdi. Və bu mənada da, Zakir əsl şairdi. Öz içində dünyanın övlad itkisi boyda ən böyük dərdini daşıya-daşıya həmişə başqalarının dərdinə şərik olmağa, o dərdlərin hovunu almağa, təsəlli və təskinlik verməyə hazırdı.
Bir şeyi də deyim ki, Zakirlə bizim aramızda yaş fərqi az olsa da, nəsə lap cavanlıqdan Zakir mənim “ağsaqqallığımı” qəbul eləyib. Və o vaxtdan bəri ona əsasən bir şeyə görə irad tutmuşam; impulsiv və emosional olmağına, bəzən boş şeydən coşub özündən çıxmağına görə. O iradlarımda nə qədər haqlı, ya haqsız olduğumu deyə bilmərəm, amma bu gün bir həqiqəti də deməliyəm ki, bəzən nadanlığın və həyasızlığın püskürüb ən səbrli adamı da hövsələdən çıxartdığı məqamda Zakirin heç ondan gözləmədiyim dərəcədə qəribə səbr və təmkin göstərməyinin də şahidi olmuşam.
Bu gün 70 yaşı tamam olan əziz dostuma təbrikdən əlavə nə deyə bilərəm?
70 il şair üçün böyük ömürdü. Folkner “şairlik yaşının” 26-da bitdiyini deyirdi. O hesabla, Zakirlə mən az qala üç şair ömrü yaşamışıq. Bunun yeganə bəraəti bu yaşda da gözəl şeirlər yazmağı bacarmaqdı. Və məncə, bu son illərdə Zakir bəlkə də özünün ən gözəl şeirlərini yazıb; “Çiynimdə tabut gəzirəm”, “Axirət” və s…
Mən əziz dostuma bundan sonra da uzun illər yaşamağı və bir-birindən gözəl şeirləri ilə bizi sevindirməyi arzulayıram.
araz.az xəbər portalı.