Məlum olduğu kimi, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, MDB-yə üzv olan dövlətlər qarşısında, bu ilin iyun ayının 15-dək, öz vətəndaşlarını bu ölkənin ərazisindən çıxarmaları tələbini qoyub. Bu tələbi, nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib. Yeri gəlmişkən, onu da bildirək ki, Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min nəfər qeyri-leqal yaşayır.
Narahatedici bu məsələ ilə bağll Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı öz fikirlərini bildirib. Partiyanın mətbuat xidmətindən araz.az-a daxil olan məlumata görə, Rusiyada soydaşlarımızın məskunlaşması prosesinin tarixinə nəzər salan millət vəkili öncə onu qeyd edib ki, Federasiya ərazisində azərbaycanlıların daha çox sayda yerləşməsi yaxın tariximizlə bağlıdır: “Sovetlər imperiyasının süqutundan sonra, onun ərazisində yaşayan xalqlar öz azadlıqlarını əldə edərək, müstəqil dövlətlərini qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahələr üzrə əlaqələr indiyədək davam edib. İnsanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edərək, daha çox bu ölkələrə üz tuturlar. Üstəlik, ayrı-ayrı respublikalarda sosial-iqtisadi problemlərin hələ də öz həllini tapmaması, bu dövlətlər arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də, köhnə sovet istehsal obyektlərinin əksəriyyətinin indiki Rusiya Federasiyası ərazisində yerləşməsi və bunun nəticəsində, həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə və digər yaşayış məntəqələrinə axınına rəvac verib. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmirlər. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elm-istehsalat müəssisələrində, mədəniyyət və incəsənət institutlarında mühüm postlar tutmaqla yanaşı, digər qismi də, bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışı ilə məşğuldurlar”.
Millət vəkili soydaşlarımızın illər öncə ölkəni tərk etməsinin səbəbləri sırasında, Rusiyanın bölgədə apardığı siyasətin də mühüm rol oynadığını önə çəkib: “Bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də, soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada, hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşayan adamlardır və onlar Rusiyaya xoş gündən getməyiblər. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yaxın gələcəkdə vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. O zaman, heç bir məcburiyyət olmadan, Rusiyadan da minlərlə soydaşımız doğma Vətənə dönəcək. Amma belə insanlıq faciələrinə dünyanın hər yerində, xüsusilə qonşu ölkələrdə anlayışla yanaşılır, hətta onların ruhi-psixoloji durumları nəzərə alınır. Şimal qonşumuz isə, nəinki bunu nəzərə alır, əksinə, münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradır və hər dəfə, burada miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə olunur.”
Sabir Rüstəmxanlı Rusiya Daxili İşlər Nazirliyi rəsmisinin son bəyanatı ilə bağlı, Azərbaycan hökumətinin təcili tədbirlər görməsinin vacibliyini də vurğulayıb: “Bir müddət öncə, mən, Mİlli Məclisdəki çıxışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN Xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada, Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərimizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda, xahiş etmişdim ki, ASAN Xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin, onlar xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın və onların ailə üzvlərinin müvafiq sənədlərlə təmin olunmasını təşkil etsinlər. Rusiya Federasiyasına, indinin özündə də, səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da, Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN Xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət qurumları və təşkilatlarla birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməlidirlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.