Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Touchess” MMC ilə maliyyə dəyəri 4 963 461 AZN olan müqavilə bağlayıb.
Hit.az xəbər verir ki, müqavilədə İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində və Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin Scada sisteminin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə avadanlıq və mal-materialların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Touchess” MMC 7 may 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9, mənzil 001-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məmmədov Səbuhi Əmirxan oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, “Touchess” MMC yaranmasından 1 il keçdikdən sonra iriməbləğli tenderin qalibi olub. Şirkət ötən il “Bakı Telefon Rabitəsi” MMC ilə maliyyə dəyəri 943 912 AZN olan satınalma müqaviləsi bağlayıb. Müqavilədə GPON layihəsinin davam etdirilməsini və mövcud şəbəkənin baxım işlərinin görülməsini təmin etmək məqsədilə tələb olunan mal materialların satın alınması nəzərdə tutulub.
Ötən il həmçinin “Azərpoçt” MMC “Touchess” MMC-də 25 ədəd üçtəkərli velosiped alıb. Buna görə şirkətə 10 768 AZN ödənilib. Beləliklə, bir ədəd velosiped “Azərpoçt”a 430 AZN-ə başa gəlib.
Şirkətin rəsmi veb səhifəsində qeyd edilib ki, “Touches” MMC-nin əsas fəaliyyəti rabitə, eletronika və digər avadanlıqlarının təchizatıdır.
MMC-nin qanuni təmsilçisi Səbuhi Məmmədova gəlincə, o, həm də Auditorlar Palatasının üzvü və “PSG Tax Consulting” MMC-nin rəhbəridir.
Araşdırmalarımız zamanı o da aydın olub ki, “Touches” MMC-nin 4026.25 AZN vergi borcu var. “Dövlət satınalamları haqqında” Qanun vergi borcu olan şirkətin tenderdə iştirakını qadağan edir.
araz.az
araz.az xəbər portalı.