Ermənistan kütləvi informasiya vasitələrində tez-tez Azərbaycanı silahlandırmaqda Rusiyanı ittiham edən yazılara rast gəlmək düşmən mətbuatını izləyənlərə yaxşı tanışdır. Beynəlxalq tədbirlərdə də nəinki erməni qeyri-hökümət təşkilatları nümayəndələrinin, hətta diplomatlarının da guya bu “silahlanmadan” narahatlıq ifadə edən bəyanatlar verməsi, Qərb qarşısında özlərini “yazıq”, “aqressiv Rusiya Azərbaycanı himayə edir” fikrini formalaşdırmaqdan başqa bir şey deyil və açığını deyək ki, bu elə Rusiyanın erməniyə ötürdüyü siyasi xəttdir. Bu xətti Rusiya qəsdən yeridir. Bizə demək istəyir ki, bax, Sizə silah veririk, müttəfiqimiz Ermənistan buna görə bizdən narazıdır, hay-küy salır. Birincisi, bizə silah “verilmir”, satıılır, amma erməniyə verilir. Adını kredit qoyub erməniyə verilən silahlar hara, bizdən milyardlar alıb bizə soxuşdurulan silahlar hara?!
Elə indicə Moderator.az saytından bu xəbəri oxudum: ”…bir neçə gün bundan əvvəl məlum olub ki, Rusiya Ermənistana 200 milyon dollar həcmində ilk kredit üzrə silah daşınmasını başa çatdırıb. Rusiyanın bu krediti əvvəlkilərdən fərqli olaraq faizsiz olacaq və əsasən, ona “İsgəndər” raket kompleksi alınacaq…”.
Xəbərdə daha sonra deyilir: “…Ermənistan “Qasırğa” reaktiv sisteminin açılışının quraşdırılması və ona “İynə-C” zenit raket kompleksinin, “Avtobaza-M” icraedici radiotexnika kəşfiyyatı yerüstü kompleksi, nəqliyyat-doldurma maşınları ilə ağır odpüskürən TOC-1A sistemləri, 9M113M idarə edilən raketlər, RPQ-26 qranatomyotları, Draqunov snayper tüfəngləri, “Pələng” zirehli vtomobilləri, texniki və əlaqə vasitələri alıb”.
Bu müasir silahların içərisində bizi daha çox narahat edən təbii ki, “İsgəndər” raket kompleksidir. Hələ 2016-cı ilin sentyabrında “İsgəndər” raket kompleksini İrəvandakı hərbi paradda nümayiş etdirəndə hərbçilərimiz xalqın başını aldadan xeyli bəyanatlar verdilər ki, qorxmaq lazım deyil, biz o raketləri vuracağıq. Sonra da İsrail “Gümbəz”ləri almaq və raketləri zərəsizləşdirmək haqqında bəzi nala-mıxa vuran mətbuat vasitələrində təbliğat apardılar. Amma, yalnız hərbiçi mütəxəssislər deyil, bu mövzu ilə maraqlanan adi oxucu da bilir ki, bu raketləri “Gümbəz”lərin zərərsizləşdirmək imkanı yoxdur, NATO belə Kalininqradda yerləşdirilən “İsgəndər”lərdən çox narahatdır, bu raketləri sərhəddən çıxarmağı tələb edir.
Bu yaxınlarda da mətbuatda Rusiyanın bizə satdığı silahların yararsızlığı barədə xeyli müzakirələr aparıldı. Yanan yerdən tüstü çıxar. Bu, heç nədən üzə çıxmamışdı. Hətta, bizə satılan silahların arasında Çapayevin “Maksimka”sının da olması barədə yarızarafat, yarıciddi söhbətlər gəzdi. Bu, lap həqiqət olmasa da bizə satılanla, erməniyə verilənin müqayisəsi “Maksim”lə “İsgəndər”in fərqi kimi bir şeydir…
Qarabağ problemini həlli güclü silahlanmadan və güclü ordudan asılıdır. Dünya güclə hesablaşır, yalançı təbliğatla yox. Danışıqları bu gedişlə sonsuza qədər aparmaq olar. Bu müddətdə də Ermənistan öz paytaxtını Şuşaya köçürər, necə ki, İsrail Qüdsə köçürür. Dünya İsrailə nə edə bilir ki, erməniyə də nəsə edə. İsrailin atom bombası var, erməninin də “İsgəndər”i. Biz də Çapayevin arabasının dalındakı maksimkalarla oynayarıq.
İlham İsmayıl
araz.az xəbər portalı.