“Azərbaycan Rusiya ilə daha yüksək səviyyədə əməkdaşlıq etməlidir, ümumiyyətlə, biz MDB çərçivəsində daha aktiv olmalıyıq”.
araz.az xəbər verir ki, bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan türk dövlətləri və Belarusla sıx əməkdaşlıq etməliyik.
Q.Həsənquliyv hesab edir ki, Belarusun daxilində baş verənlər bu ölkənin daxili işidir:
“Əlbəttə, biz istərdik Belarus çox demokratik bir ölkə olsun. Amma gəlin baxaq, bu gün dünyada demokratiyanı təbliğ edən ABŞ krallıq üsul-idarəsinin olduğu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə çox gözəl əlaqələr qurub, müttəfiqdirlər, ən müasir silahları onlara satır. Bizə isə – işğala məruz qalmış ölkəyə – sanksiya tətbiq edib, problemin ərazi bütövlüyü çərçivəsində həlli barədə mövqe də sərgiləmirlər”.
Deputat vacib bir xatırlatma etdi: “Azərbaycan ona Qərbin vermədiyi silahları, raketləri Belarusdan aldığı halda, niyə bu ölkə ilə münasibətləri pozmalıyıq? Bu, hansı sağlam məntiqə sığır? Bu insanlar özlərini necə peşəkar siyasətçi sayırlar? Onu demək istəyirəm ki, müəyyən dairələr tərəfindən Azərbaycan-Rusiya, Azərbaycan-Belarus münasibətlərini korlamaq istəyən insanlar var. Bizim Ukrayna ilə də gözəl münasibətimiz mövcuddur, baxmayaraq ki, Kiyevlə Moskva az qala müharibə vəziyyətindədir, Belarusla da. Hesab edirəm ki, bu, belə də olmalıdır. Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Amma Ukrayna Qarabağ məsələsində bizə hansı dəstəyi veribsə, biz də ona ərazi bütövlüyü məsələsində o dəstəyi veririk”.
Q.Həsənquliyev qeyd etdi ki, əvvəla, bizim Rusiya və digər ölkələrlə əməkdaşlığımız Qərbə qarşı yönəlməyib: “İkincisi, Azərbaycanı “qatillər qrupu”na üzv olmaqda ittiham edən insanlar bir fikirləşirlərmi ki, nə danışırlar? Deyək ki, sən Rusiya ilə münasibətləri poz, səni kim müdafiə edəcək? Qərbmi müdafiə edəcək? Qərb yazılı öhdəlik götürdüyü Ukraynanı müdafiə etdimi? Ukrayna nüvə arsenalına görə dünyada üçüncü dövlət idi. Rusiya, ABŞ-dan sonra Çin, Britaniya, Fransadan da daha çox nüvə başlığına, ballistik raketlərə malik bir dövlət idi. Ukraynanı günün günorta çağı, gözlərinin içinə baxa-baxa aldatdılar, nüvə silahlarını əlindən aldılar, sonra da onu müdafiəsiz qoydular. Üçüncüsü, heç olmasa, Qərb deyir ki, Ukrayna, Gürcüstan, Moldovadakı münaqişələr bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağla bağlı bir dəfə biz bu sözü eşitdikmi? Onda bu insanlar hansı ağlın sahibidirlər ki, deyirlər Azərbaycan “qatillər qrupu”nun üzvü olmaq istəyir?”
BAXCP sədri digər bir məsələyə də diqqət çəkdi: “Bizdə ekstremizmə yuvarlanmış, ayrı-ayrı xarici dairələr tərəfindən idarə olunan Qərb ölkələrində sığınacaq tapmış, müliyyələşdirilən insanlar var, bütün günü Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Düşünürəm ki, biz buna imkan verməməliyik. Əlbəttə, Rusiyanın Azərbaycana qarşı yönələn hansısa addımı olacaqsa, biz onu tənqid etməliyik. Amma bu, elə çərçivədə və elə həddə olmalıdır ki, bizim strateji tərəfdaşlıq münasibətlərimizi korlamasın və pozmasın”.\mia.az/
araz.az xəbər portalı.