sexsiyyet5

Azərbaycanda şəxsiyyət vəsiqələrinə inteqrasiya olunan elektron imzalar (e-imza) rüsumlar müəyyən olunduqdan sonra aktivləşdiriləcək.

araz.az-ın xəbərinə görə, vəsiqələrə e-imza sertifikatlarının inteqrasiyası üzrə aparılan texniki işlər artıq yekunlaşıb.

Qanunvericiliyin tələblərinə görə, e-imzalar ödənişli olmalıdır. Layihəyə yaxın mənbə bildirib ki, rüsumun məbləği hələlik müəyyən olunmayıb və bu məsələ hökumətin səlahiyyətindədir.

Qeyd olunub ki, proses yekunlaşandan sonra vəsiqələrə inteqrasiya olunan e-imzalar aktivləşdiriləcək.

Xatırladaq ki, çiplərə inteqrasiya olunan elektron imzaların etibarlılıq müddəti 5 il olacaq. Hazırda bu müddət 3 il ilə məhdudlaşır və vətəndaşlar üçün e-imzanın dəyəri 18 manat, fiziki və hüquqi şəxslər üçün müvafiq olaraq 36 manat və 72 manat, dövlət qurumlarının işçiləri üçün isə 58 manat təşkil edir.

Texniki olaraq Sertifikat Xidmətləri Mərkəzi, Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən fərdiləşdirmə mərkəzlərinin müraciətlərini emal edir. Alınan müraciətlər əsasında Mərkəz sertifikatlar hazırlayır və geri göndərir.

Şəxsiyyət vəsiqəsinin çipinə üç tətbiqi proqramı yazılır: vəsiqə sahibi haqqında fərdi məlumatlar, iki sertifikatın məlumatları (autentifikasiya sertifikatı və e-imza sertifikatı) və vəsiqə sahibi haqqında məlumatları avtomatik olaraq yeniləyə biləcək daxili tətbiqetmə (“domestic applications”). Misal olaraq, vətəndaşın soyadı dəyişərsə və ya ailə vəziyyəti ilə bağlı məlumatlar yenilənərsə, o hər hansı xidmət üçün səlahiyyətli orqana müraciət edən kimi bu məlumatlar xüsusi kart oxuyucular vasitəsi ilə avtomatik olaraq yenilənəcək.APA

araz.az xəbər portalı.