Vüqar DADAŞOV: “Rusiya Federasiyasının öz xarici güc və işğalçılıq siyasətindən imtina etməsi, sivil dünyanın axarına qoşulması mütləqdir!”
“Rusiyanın Ukraynaya qarşı güc nümayişi, Rusiyanın bir nömrəli təbliğatçısı hesab olunan Vladimir Solovyov demişkən, Ukraynanın dərinliklərinə Suriyadakı və Qarabağdakı kimi raket zərbəsinin endirilməsi çağırışı və onun ehtimalı, demək olar ki, bütün dünyanı Rusiya Federasiyasına qarşı birləşməyə məcbur edib. Bu yekdil mövqe, təbii ki, bütün dünya tərəfindən Rusiya Federasiyasının təcavüzkar və təhlükə mərkəzi kimi qəbul edilməsi nəticəsində formalaşıb. Federasiya üçün yeganə nəfəslik olan Türkiyə Cümhuriyyətinin beynəlxalq hüquq normalarına uyğun Ukrayna siyasəti, demək olar ki, Rusiyanın güc siyasətinin, hərbi imkanlarının bumeranq effekt verdiyinin əlavə sübutudur.”
Bu fikirlər tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşova məxsusdur. O, bu mövzuda fikirlərini davam etdirərkən, xüsusi olaraq onu vurğulayıb ki, NATO-nun və Avropa İttifaqının daxilindəki fikir və mövqe ayrılıqlarına görə, Rusiya bu nüfuzlu beynəlxalq qurumların dağılmasını gözləyirdi: “Lakin, elə, Rusiyanın Ukrayna davranışı həmin təşkilatların birliyini daha da gücləndirdi. Konkret desək, həmin təşkilatlara marağı və üzvlüyü aktuallaşdırdı. Ümumən götürdükdə, Qərb siyasət mərkəzi kimi, həmin təşkilatların həyat ömrünü daha da uzatdı. Deməli, Rusiyadakı mövcud Putin hakimiyyəti, keçmiş Boris Yeltsin hakimiyyətindən sonra, strateji baxımdan ən böyük uğursuzluğunu qazandı. Bu isə, açıq şəkildə görsənən Rusiyanın nəinki Ukrayna qarşıdurmasında, ən vacibi isə, Qərb dünyası qarşısında psixoloji məğlubiyyətinin fiksasiyasıdır. Putin hakimiyyətinin beynəlxalq hüquq normalarına, diplomatiya qaydalarına belə bir hörmətsizliyi, onun güc və hərbi-siyasi xəttinin tərkibi kimi, ölkəsi üçün qorxulu ssenarinin anonsunu verir. Rusiya siyasəti, ABŞ-ın sabiq prezidenti Barak Obamanın prezidentliyi dövrünə aid yazdığı kitabında göstərdiyi Putinin şəxsi keyfiyyətlərinin və düşüncə tərzinin dəyişməsinin mütləq ehtiyacını yaradır. Hər bir halda, Rusiya ya mütləq öz dövlət siyasətini, ya da Putin hakimiyyətini dəyişməlidir. Deməli, Rusiya Federasiyasının öz xarici güc və işğalçılıq siyasətindən imtina etməsi və sivil dünyanın axarına qoşulması mütləqdir. Əks təqdirdə isə, Rusiyanın özü suverenliyinin, dövlət idarə sisteminin, ərazi bütövlüyünün… dəyişəcəyini zamanın mütləq prosesinə çevirəcək.
Yeri gəlmişkən, maraqlı bir məqamı da qeyd edim ki, Qərb dünyasının əksər dövlətlərinə Azərbaycan ərazilərinin işğalında Rusiyanın rolu və faktiki olaraq, Qarabağ münaqişəsində tərəf olduğu bəlli olduğu halda, Azərbaycanın mövqeyini dəstəkləmirdi. Bəli bu məsəldə xristian təəssübkeşliyi, ən başlıcası isə, Qərb dünyasının türk etnosuna qarşı xronoloji qorxu hissi və nifrəti həlledici mövqeni formalaşdırmışdı. Ancaq, baxın, Ukrayna məsələsində rəqib tərəflərə çevrilmiş Rusiyanın, Qərb dünyasının və eləcə də ATƏT-in, Azərbaycanın zəfər dolu möhtəşəm qələbəsindən sonra, Qarabağ məsələsinin yenidən canlanmasında, Ukrayna məsələsində maraqları üst-üstə düşür və eyni mövqedən çıxış edirlər. Deyin ki, bu məsələdə türkəfobiya, xristian təəssübkeşliyi yoxdur!
O ki qaldı Azərbaycana, ölkə Prezidenti İlham Əliyevin Az.tv-yə verdiyi müsahibədəki “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”, — ifadəsi təkcə Ermənistana yox, “İSGƏNDƏR — M”- i atanlara və türkəfobiya ilə zəhərlənmiş xristian təəssübkeşlərinə Qalib Azərbaycan Xalqının, Türk Qardaşlığının açıq və birbaşa
diqtəsidir. Artıq Azərbaycanın özü o zamanı gətirib — kiminsə istəyi yox, öz istəyimiz həyatımızın gerçəkliyidir.”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.