bandicam 2021 04 22 11 51 37 726

İlham Əliyev, əlbəttə, Azərbaycan Respublikasının Prezidenti olaraq bu ali vəzifədə çalışdığı 18 ilə yaxın müddətdə özünün dövlət və xalq qarşısındakı xidmətlərinə görə, adını nəinki xalqımızın, həmçinin regionun tarixinə yazdıra bilən nadir dövlət xadimidir.
Birbaşa ölkə Prezidenti və Ali Baş Komandan olaraq onun adı ilə bağlı 2020-ci il 27 Sentyabr Müharibəsi isə o yazılan tarix kitabının qızıl səhifəsidir.
Bu, birinci növbədə, Azərbaycan xalqının 30 illik əzablarına son qoyulması ilə bağlı başa düşülə bilər və hesab edirik ki, o cür başa düşənlər haqlıdırlar; lakin həmin məsələyə alternativ yanaşmalarımızla razılaşanların sayının heç də az olmayacağına inanırıq: Bu, ancaq azərbyacanlıların qələbəsi deyil.
Nə qədər parodoksal olsa da, 27 Sentyabr Müharibəsi təkcə azərbaycanlıların yox, 30 ilə yaxındır ki, əl və ayaqları “Qarabağ zənciri ilə” bağlanmış ermənilərin də qələbəsi hesab oluna bilər. Azından, 10 Noyabr Bəyanatına qədər təkcə azərbaycanlılar üçün deyil, dünya əhalisi üçün heç bir maraq kəsb etməyən Ermənistan cəmiyyətinin əsl mənzərəsini görən hər kəs bu qənaətdədir. Xüsusi maraq dairəsinə düşən Ermənistan ictimaiyyətinin fikirləri kontekstində oradakı gerçək vəziyyət onu göstərdi ki, “Qarabağ qələbəsi” qazanan ölkə hansı rəzil gündəymiş..! Üstəlik, onu da görmək olur ki, Koçaryan-Sarkisyan tandeminin monopoliyasında olan bu bədbəxt insanlar “Qarabağ qələbəsi”nin eyforiyası altında uzun müddət yaşamağa məhkum olunublar.
27 Sentyabr Müharibəsi bütün baxışlarda ancaq azərbaycanlıların deyil, Güney Qafqazın qələbəsidir.
İlham Əliyev,mübaliğəli çıxmasın, Makedoniyalı Aleksandr kimi regionu orqanik inkişafdan saxlayan növbəti “Qordi düyünü”nü- Qarabağ düyününü kəsməyi bacardı…
Nə isə…
Mövzumuzun oxundan çıxmamaq üçün, dayandırırıq bu söhbəti.
İlham Əliyevin bəxti niyə yoxdur?
Bu söhbətə keçməzdən əvvəl xatırlatma edək.
Deyəsən, Manaf Süleymanovun əsərlərinin birində belə bir epizodu yada salmışdı: Hüseyn Cavid və Abdulla Şaiq indiki İstiqlaliyyət küçəsi ilə bugünkü DİN-in inzibati binasına qədər olan yolda bir-neçə nəfər Cavidin, bir-neçə də nəfər də Şaiqin keçmiş tələbələri ilə rastlaşırlar. Şaiqin tələbələrinə baxanda, Cavidin keçmiş tələbələri elə təşəxüsslə müəllimlərinin yanından keçirlər ki,elə bil, rəhmətliyin bunlara borcu olub və verməyib. Növbəti belə epizodda Hüseyn Cavid bunun səbəbini o sısqa kişidən (Cavidlə müqayisədə, hər mənada) soruşub, həmin sısqa kişi isə gördüyü səhnədən təəssürratını bu cür bölüşür: Cavid əfəndi, bu, deyəsən, bəxt məsələsidir…
İndi, həmin bəxt məsələsini xatırladım və niyə? Bütün saytlarda belə bir xəbər paylaşıldığının şahidi oldum: “Nigar Arpadarai AŞPA iclasında erməni deputata etiraz edib, prezidenti müdafiə etmək istəyib. Amma tərsinə alınıb, erməni deputatın dediklərini təsdiq edib, İlham Əliyevin ritorikasını sərt tənqid edib.
Bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, Naira Zöhrabyan Əliyevin ermənilərlə bağlı “vəhşilər, iti qovan kimi qovuruq onları” və s. sözləri işlətdiyini deyib, yeni dronlarına “iti qovan” adı qoyulduğunu bildirib və nifrət nitqinin yolverilməz olduğunu vurğulayıb: “Arpadarai də elə bilib ki, erməni deputat bu sözləri Azərbaycan haqqında işlədir. Özünü təsdiq üçün fürsət bilib, tez qalxıb ayağa ki, biz bir-birimizə hörmətlə yanaşmalıyıq, təhqirə yol verməməliyik, belə çıxışlar Avropa dəyərlərinə ziddir-filan.
Amma faktiki olaraq N.Arpadarai erməni deputatın dediyini təkrarlayıb, Prezident Əliyevi tənqid edib”.
Sözün düzü, Bəxtiyar Hacıyev adlı “ictimai fəal”ı bir o qədər də Azərbaycan üçün fəal bir şəxs kimi qəbul etmirəm, lakin o, olanlar barədə fikrini bildirib.
Olanların isə cənab Prezident İlham Əliyev üçün bəxt məsələsi olduğu barədə əminliyim beləcə yarandı.
Birincisi, həmən Bəxtiyar Hacıyev cənab Prezidentin “qardaşı olduğunu” iddia edən müxalifət partiyasının sədri cənab Hafiz Hacıyevin əmisi oğlu, yainki əmisi nəvəsidir. İkincisi, bu, cənab Prezidentin “öz doğması saydığı” adamlardan birinci şəxs deyil ki, ona “ayı xidməti” göstərir…
Eldar Mahmudovu yadımıza salaq və yaxud Əli Abbasovu…
Bunlar bir tərəfə, akademik elmi kəşflərindən daha çox, akademik eynəyi ilə diqqəti çəkən, üç-dörd il əvvəl Səyavuş Novruzovla birləşib içki məclisindəcə hörmətli şeyximiz Allahşükür Paşazadəni bihörmət edən Abel Məhərrəmovun üç-dörd gün əvvəl verdiyi müsahibəni xatırladım. Hər kəs yüzə-yüz əmindir ki, bizim ölkədə, yainki istənilən xarabada, məsəli Abel müəllimdən uzaq, bir kimsənin boğazına çöküb müsahibə almırlar. Türkün məsəli, müsahibə verən kimdirsə özü zəng vurur səviyyəsinə uyğun saytın rəhbərinə və deyir ki, məndən müsahibə alın. Və “verilən həmin müsahibədə” Abel müəllim Məhərrəmov oğlunun İspaniyadakı səfir vəzifəsindən azad edilməsinə münasibətini belə bildirir: Əlbəttə, bütün bunlar cənab prezidentin səlahiyyətində olan məsələdir. Əgər o, hesab edibdirsə, 6-7 dil bilən oğlumu azad etsin, buna hansı münasibət bildirə bilərəm? Qərar onundur və nə qərar verilsə biz o qərarı qəbul etməliyik…
Azərbaycan Milli Məclisinin iki çağırışda keçmiş deputatı, bu gün isə Milli Şuranın “liderlərindən biri” kimi təqdim edilən Gültəkin Hacıbəylini yadımıza salaq.
Keçmiş Az.TV sədri Arif Alışanovun dəyişməz gündəlik qrafikinin tərkib hissəsi olan dənizkənarı gəzintiləri zamanı prezidentdən incikliyini dönə-dönə yada salması da, hər halda, minnətdarlıq ifadəsi deyil.
Ondan əvvəlki keçmiş sədr Nizami Xudiyev..! Oturub-durub onun “çörəyinə bais olanları” qarğıyır ki, vəzifədən vaxtsız azad olunmasaydı, indi oğlu Nazimə bir gün ağlamışdı…
Hələ “yumurtadan dünən çıxan” indiki Az.TV sədri “alim” Rövşən Məmmədov…! Barəsində bir dəfə materiallar olduğunu elan edən, hazırda Almaniyada “siyasi bloger” kimi fəaliyyət göstərən Qabil Məmmədovla “dil tapması” göstərir ki, bu adam nəinki “alim”, hətta Az.TV sədri də olmağı haqq edib. Ona deyən gərək ki, prezidentin əməyi burnundan gəlsin, dil tapansansa, o Qabil Məmmədova niyə demirsən ki, ağzına gələni danışma..!
Baş prokurorun keçmiş müavini Rüstəm Usubov nələr dediyini eşitmək olar, dilə gətirmək isə çox çətin məsələdir.
Yenə, çoxuna baxanda, heç nədən akademik olmuş keçmiş “torpaq Qərib” olan Qərib Məmmədovun atasına rəhmət…!
Nəsə, dünyada nə varsa, içində bəxt məsələsi axtarmaq gərəkdir…

Mirzə KARGÜZAR.

araz.az xəbər portalı.