Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayılla müsahibə verib.
araz.az həmin müsahibəni təqdim edir:
– Toğrul bəy, Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi ictimai-siyasi durumu necə analiz etmək olar, bu durum bizim xeyrimizə cəryan edir, yoxsa əleyhimizə?
– Ermənistanda əslində siyasi vəziyyət daima gərgin olub. Kənardan Ermənistanı tanımayan və bilməyənlər üçün ola bilsin ki, bura çox stabil ölkə kimi görünür. Amma burada hər zaman siyasi böhranlar olub, qarşıdurmalar yaşanıb. Təəssüflər olsun ki, Ermənistan 1990-cı ildən sonra normal dövlət kimi oturuşa, özünü normal dövlət kimi inkişaf etdirə bilmədi. Düzdür, mexanizmlər var, prezident, baş nazirlik sistemi var. Demokratiya kimi görünür. Amma müxalifətçilərin yolun ortasında öldürülməsi, parlamentə basqın edərək deputatların güllələnməsi və bir çox məsələlər Ermənistanda dövlətçilik ənənəsinin oturuşmadığına işarədir. Bu da Ermənistanın süni dövlət olduğu səbəbindən ortaya çıxır.
Erməni xalqı da “dövlət necə olmalıdır” məsələsini anlamır. Bu təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də belədir. Ermənistanın xarici siyasəti əsasən 1915-ci il hadisələrini soyqrımı kimi göstərmək, Türkiyəni günahkar çıxarmaq üzərində qurulub. Eyni zamanda söhbət özünü Rusiyaya bağlayan bir Ermənistandan gedə bilər. Sonucda bütün qonşuları ilə problemi, onlara torpaq iddiası irəli sürən bir dövlətdir. Üstəlik Ermənistan qonşularının hamısından zəif və gücsüzdür. İqtisadi baxımdan inkişaf etməyən, demoqrafik baxımından problem yaşayan, təbii qaynaqları qıt bir ölkədir. Bütün mənası ilə xaricə möhtac bir dövlətdir, amma hər kəsə də “meydan oxiuyur”. Kimə arxayındır? Sözsüz ki, böyük güclərə. Bu da Ermənistanın əslində kukla dövlət olduğunu ortaya qoyur. Belə olduğu təqdirdə Ermənistanda hakimiyyətə kimin gəlməsi o qədər də önəmli məsələ deyil. Çünki müstəqil xarici siyasət apara bilmir. Son illərdə isə Rusiyanın həm ağzına, həm də əlinə baxan bir Ermənistan var.
Azərbaycan, Gürcüstan və Ermənistan eyni vaxtda müstəqil olub. Gürcüstan pis-yaxşı inkişaf edir. Azərbaycan iqtisadi baxımdan hamını keçdi, hərbi baxımdan da həmçinin. Əlbəttə, biz bundan məmnun deyilik, daha yaxşı olmasını, ölkəmizin inkişaf etməsini istəyirik. Amma biz üç ölkə arasında müqayisə edəndə görürük ki, torpaqlarının işğal edilməsinə baxmayaraq Azərbaycan çox irəli getdi, inkişaf oldu. Bu gün Azərbaycan üç respublika içərisində ən güclü olanıdır. Bu təsadüfdirmi? Yox. Bu Azərbaycan türklərinin dövlətçilik ənənəsinin olmasından irəli gəlir. Pis-yaxşı dövlət mexanizmi hərəkət edir. Ermənistana kənardan demokratiya deyilə bilər, amma nə demokratiya…Bütün mexanizm bəlli istiqamətə yönəlikdir. Paşinyan ilk dəfə fərqli siyasət ortaya qoyub. Əslində Paşinyan da bir erməni millətçisidir, amma o “Qarabağ klanı”ından fərqli olaraq Ermənistanı dövlət kimi görməyə çalışır. Normal dövlət kimi…
– Bu ölkədə iyunun 20-də keçiriləcək seçkilərdən gözləntiniz nədir?
– Mən, Paşinyanın qələbə çalacağını ehtimal edirəm, amma bu seçkilərə kənar faktorlar da güclü təsirlər edəcək. Xüsusilə indiki vəziyyətdə. Yəni Qarabağ məğlubiyyəti qarşısında. Amma biz görürük ki, Paşinyan hadisələrə nəzarət edir və erməni xalqı da artıq Qarabağ poroblemini bir kənara buraxaraq normal yaşamaq istəyir. Revnşistlər çoxdur, amma onların ideyaları da işə yaramır. Görünən budur. Paralel olaraq Paşinyana qarşı ciddi kampaniyada aparılır.
Azərbaycan üçün Ermənistandakı seçkilərdə Paşinyanın qalib gəlməsi daha münasibdir. Ən azından onunla razılaşmaq, anlaşmaq mümkündür. Amma ümumi baxdıqda fərq etmir. Azərbaycan qələbə qazanıb. Ermənistanın ən böyük problemi iqtisadiyyatını bərpa etməkdir. Ordusu 44 günlük müharibədə darmadağın edilib. Yəni Ermənistanın bu gün qalxıb nəsə deməsi, Azərbaycana qarşı əməliyyat başlatması müharibənin Ermənistan ərazisində aparılması demək olardı. Və belə bir addım atarsa, bu dəfə onu Rusiyada xilas edə bilməz. Əlbəttə, ruslar çox şey deyə bilər. Ermənistan Azərbaycana hücum edərsə, sözsüz ki, daha ağır zərbə alar.
Digər tərəfdən, Qarabağda bitmiş bir erməni icması var, onları da əsasən Rusiya diriltməyə çalışır. Bunun da uzun sürəcəyini zənn etmirəm. Əvvəl-axır Rusiya reallığı qəbul etməlidir. Ya sülhməramlı kimi missiyasını həyata keçirəcək, ya da sonda çıxıb getməli olacaq. Açığı Azərbaycan prezidentinin son müsahibəsinə baxdıqda bunu diplomatik üslubda söylədi.
Türkiyənin möveyi baxımından məsələyə yanaşdıqda orada kimin hakimiyyətə gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Diplomatik münasibətləri qurmaq üçün İrəvanın atmalı olduğu addımlar var. Bunlar işğalçı siyasətindən imtina etməsi, Türkiyəyə ərazi iddilarından vaz keçməsi, saxta soyqrım iddiasını unutmaqla bağlıdır. Başqa şərtlər altında İrəvan ilə Ankara arasında normal dialoqun qurulması imkansızdır.
– Sonuncu çıxışı zamanı Azərbaycan Prezidenti Əliyev açıq bəyan etdi ki, Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq. Bu dəhlizin açılmasına dair ermənilərin maneələr yaratdığını deməyə əsas verirmi?
– Mən erməni maneəsi görmürəm. Maneə varsa, bu rusların tərəfindən ola bilər. Üçtərəfli anlaşmada bu məsələdə Ermənistanın adı keçmir. Rus sərhədçiləri ora gəlməli və dəhlizin açılmasını da onlar təmin etməlidir. Ola bilsin ki, Rusiya bunu yubadır. Amma dəhliz açılmalıdır, başqa çarələri yoxdur. Azərbaycan üzərinə düşəni etdi, onlar da etmək məcburiyyətindədir.
– Amma dəhlizin açılması Rusiyanın da maraq dairəsindədir…
– Bəli, ona görə də deyirəm ki, dəhliz açılacaq. Sadəcə Rusiya ola bilsin ki, bazarlıq imkanları axtarır. Mən bu məsələdə Azərbaycan iqtidarının həssaslığını anlayıram. Sözsüz ki, Rusiya ilə konfliktə getmək istəmir, yavaş-yavaş həll etməyə çalışır. Amma ruslar bəzən sözü açıq deyəndə anlayırlar. Mənim Prezident Əliyevin “İsgəndər” raketləri ilə bağlı son açıqlamaları xoşuma gəldi. Buna ehtiyac var idi. Ola bilsin ki, hər şeyi prezidentin deməsinə də ehtiyac yoxdur. Məncə, Azərbaycan rəsmilərinin, deputatların bəzi məsələlərdə müəyyən mesajlar verməsi lazımdır. Zəngəzur dəhlizi açılmalıdır. Bu Rusiya, elə Ermənistan üçün də sərfəlidir. Azərbaycan üçün isə bu həm də pristij məsələsidir. İmza atılıb və bu məsələ həll edilməlidir.
– Azərbaycan addım-addım Xankəndi və digər əraziləri nəzarəti altına götürəcəkmi?
– Məncə, indiki mərhələdə Xankəndində daha vacibi Xocalıdakı hava limanının nəzarətə götürməyimiz daha əhəmiyyətlidir. Sözsüz ki, bu məsələlər diplomatik kanallar vasitəsilə qaldırılır və müzakirə olunur. Azərbaycan həm də ciddi bir həmlə etdi. Məsələn, Xankəndi hava limanını beynəlxalq hava limanı statusu verməklə əslində Rusiyanın və ermənilərin əl-qolunu bağladı. Çünki hava uçuşları ilə bağlı sərt beynəlxalq mexanizmlər tətbiq edilir. Hava limanını beynəlxalq status verdiyiniz zaman bu ciddi mexanizmlər altına düşür. Məncə, bu məsələdə Bakı çox taktiki baxımından uğurlu addım atıb.
Mən Zəngəzur məsələsinə qayıtmaq istəmirəm. Bu həll edilməlidir və ediləcək də. Çünki Rusiyanın da marağı var. Rusiya bu saat Gümrüdəki hərbi bazasına yükləri ən baha başa gələn formada daşıyır. Ən ucuz yol Azərbaycan üzərindəndir. Ən sonda bizimlə anlaşmalı olacaqlar. Azərbaycanın da əli güclüdür. Bəzən, xüsusilə “beşinci kolon”un nümayəndələri bizi zəif, bacarıqsız şəkildə təqdim etməyi sevir. Xatırladım ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalq olaraq işğalçının önünə çıxdı. Özü də əli silahsız.
Bir daha qeyd edim ki, Zəngəzur dəhlizi məsələsi həll ediləcək. Eyni zamanda rus sülhməramlı missiyasını misiya daxilində fəaliyyət göstərməsinə məcbur etməyimiz lazımdır. Rusiya sanki bir qədər havadadır, düşünür ki, gəlib Qarabağa giriblər. Elə şey yoxdur, 5 illik anlaşma var.
İkincisi, Laçın dəhlizi məsələsi. Rus sülhməramlıları bu dəhlizin içərisinə nəzarət edə bilər. Amma sərhəd məsələsində keçidi Azərbaycan sərhədçiləri təmin etməlidir. Bu əhəmiyyətli məsələdir.
Üçüncüsü, Xocalı hava limanı işləyəcəksə, orada Azərbaycan sərhədçiləri, gömrükçülərinin nəzarətində olmalıdır. Rus sülhməramlıları da orada ola bilər. Konflikti önləmək üçün. Sülhməramlının məqsədi nədirsə, onu həyata keçirməlidir. Sülhməramlıların məqsədi konflikti, qarşıdurmanın qarşısını almaqdır. Onsuz da heç vaxt azərbaycanlılar ermənilərə hücum etməyib. Ermənilər edib. Bunu da təmin etsin. Erməni əsilli Azərbaycan vətəndaşı da, azərbaycanlı da bu hava limanından istifadə etməlidir. Hətta Ermənistan vətəndaşları da bundan istifadə edə bilər. Bunun üçün Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bizim ərazi btövüyümüzü qəbul etməlidir. Bu olmadıqca revanşist mövqelər ortada olacaq. Sülh müqaviləsi imzalandıqdan sonra revanşist fikirlər cinayət məsuliyyətinə girəcək. Mənə görə ən əhəmiyyətli addımlar bunlardır.
Teleqraf.com
araz.az xəbər portalı.