nesib34

“Şübhə etmirəm ki, ABŞ Prezidenti Co Bayden erməni soyqırımı ilə bağlı qəti mövqe sərgiləyəcək, çünki onun siyasi fəaliyyətinin əsasını uzun illər Türkiyə əleyhinə ideologiya təşkil edib. Bu şəxs həmçinin Azərbaycana qarşı qərəzli bəyanatların müəllifi kimi tanınır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Bayden yalnız ABŞ-ın maraqlarını ayaqlar altına ataraq erməni soyqırımını tanıya bilər.

Bunu üzücü və təəssüfləndirici hal kimi qeyd edən Nəsib Məhəməliyev vurğulayıb ki, tarixdə erməni soyqırımını təsdiqləyən heç bir fakt yoxdur: “Sadəcə olaraq, Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlı İmperiyasında yaşayan ermənilər öz dövlətlərinə qarşı hərbi qiyam təşkil ediblər. Baxmayaraq ki, ermənilər həmin dövrlərdə Osmanlı imperiyasının hərbi strukturlarında, dövlət idarəetməsində kifayət qədər üstün mövqedə idilər, lakin Osmanlı imperiyasına hücum edən Antanta blokunun tərkibində öz dövlətlərinə xəyanət etdilər. Nəticədə, bütün dünyada qəbul olunmuş təcrübəyə əsasən, ermənilərin köçürülməsi prosesinə başlanıldı. Amerika Birləşmiş Ştatları da məhz bu praktikadan II Dünya Müharibəsində yaponlara qarşı onların cəmiyyətdən təcrid olunması üçün geniş şəkildə istifadə edib. Əksinə Anadolunun Şərq vilayətlərində – Ərzurum, Qars, Vanda, bir sözlə türklərin və kürdlərin yaşadıqları bir sıra şəhər və kəndlərdə Andranik və onun kimi digər erməni quldurlarının başçılığı ilə terror dəstələri kütləvi qırğınlar törədiblər. Bu qırğınları təsdiqləyən edən kütləvi məzarlıqlar aşkar edilib ki, soyqırımları sübut edən əsas fakt da elə kütləvi məzarlıqlardır. Məsələn, müxtəlif ölkələrdə olan kütləvi yəhudi məzarlıqları II Dünya Müharibəsində Hitler Almaniyasının bu millətə qarşı genosidini təsdiq edir. Amma yəhudilərdən fərqli olaraq, ermənilər beynəlxalq ictimaiyyətə hələ indiyə kimi bir dənə də olsun kütləvi məzarlıq təqdim edə bilməyiblər. Əksinə onların törətdikləri qırğınları – Anadolunun Şərq vilayətləri, Bakı, Quba soyqırımlarını sübut edən faktiki məzarlıqlar göz önündədir. Lakin indi dünyaya car çəkirlər ki, guya nə vaxtsa ermənilərə qarşı soyqırım həyata keçirilib. Türkiyə Cümhuriyyətinin başçısı hörmətli Rəcəb Tayyib Ərdoğan dəfələrlə ermənilərin iddia etdiyi soyqırımın sübut olunması ilə bağlı Osmanlı arxivlərinin, eyni zamanda ermənilərin öz arxivlərinin açılmasını təklif edib. Təəssüflər olsun ki, beynəlxalq komissiyanın iştirakı ilə bu arxivlərin açılmasına dair qərar qəbul olunmayıb.

Deputatın sözlərinə görə, bütün bunlar onu göstərir ki, Ermənistan, sadəcə, bir çox güclərin, ermənilərə himayədarlıq edən lobbi təşkilatlarının, super güclərin əlində olan layihədir: “Bəhanədir ki, bu regionda heç vaxt sülh və əmin-amanlıq olmasın, türkofobiya ideyaları geniş şəkildə təbliğ olunsun, Türkiyə ilə Azərbaycan təsir altında qalsın və nəhayət onlar öz geosiyasi maraqlarını təmin etsinlər. Ermənistan qlobal şəkildə həm türkofob və islamafob güclərin əlində oyuncaqdır. Şübhə etmirəm ki, ABŞ Prezidenti erməni soyqırımı ilə bağlı qəti mövqe sərgiləyəcək, çünki onun siyasi fəaliyyətinin əsasını uzun illər Türkiyə əleyhinə ideologiya təşkil edib. Co Bayden həmçinin Azərbaycana qarşı qərəzli bəyanatların müəllifi kimi tanınır. Çox təəssüflər olsun ki, bundan sonra iki ölkə arasındakı münasibətlərdə ciddi çatlar əmələ gələcək və ABŞ regionun Türkiyə kimi güclü bir dövlətini, öz müttəfiqini itirə bilər. Bu, təbii ki, xoşagələn hal deyil. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə öz siyasətlərini davam etdirməli və daha da güclənməlidirlər. Həmçinin biz istənilən “beynəlxalq sürprizlərə” hazır olmalıyıq. Əgər cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərə çatsaq, nə Ermənistan, nə də onların havadarları bizə ciddi təsir göstərə bilməzlər”.

Nəzrin Cavid

araz.az xəbər portalı.