HafizH.jpg

Professor Bəhman Sultanlı prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə açıq məktub ünvanlayıb. Müəllifin redaksiyamıza təqdim etdiyi məktubu olduğu kimi dərc edirik:

“Sayqılı Hafiz Hacıyev!

Siz 27 mart 2018-ci ildə Azərbaycan Respublikası prezidentliyinə namizədlərin ödənişsiz efir vaxtındakı çıxışınız zamanı tarix elmləri doktoru, professor Cəmil Həsənli haqqında təhqiredici, aşağılayıcı sözlər dediniz. Bunu Cəmil Həsənlinin sizin prezidentliyə namizət olaraq çıxışınıza iradları ilə bağladınız. Onu nəzərinizə çatdırım, professor Cəmil Həsənli, tarixçilərin sıra nəfərlərindən deyil, o, çağdaş Azərbaycan tarixinin ən aktual, qlobal problemlərini ilk dəfə olaraq araşdıran ən samballı tarixçilərdəndir. Bu sahədə onun yüzlərcə elmi məqalələri dərc edilmiş, çoxsaylı monoqrafiyaları ABŞ-ın dünyaca məşhur universitetlərində, İngiltərənin qüdrətli Oksford universitetində, Türkiyənin, Rusiyanın ünlü nəşriyatlarında… çapdan çıxmışdır. Professor Cəmil Həsənlinin kitablarından ABŞ, Kanada, Rusiya, Türkiyə, İngiltərə… universitetlərində dərslik kimi istifadə edilməkdədir.

Rüşvətin, korrupsiyanın tüğlan etdiyi zamanlar Bakı Dövlət Universitetdə işləyərkən heç zaman rüşvət almamışdır. Universitet əməkdaşlarının hansından soruşulsa, onun haqqında bu sözləri deyər: “O, müəllim işləyərkən, həmişə tələbələrə Azərbaycanın keçmişini, onun qəhrəmanlıq tarixini aşılayıb, tələbələrini Vətənin gələcəyinə umudla baxmağı tövsiyə edib”. Cəmil Həsənlinin gördüyü işlər müqəddəs işlər, əməlləri müqəddəs əməllərdir. Biz Vətəndaşıqsa, Vətənimizin işıqlı adamları ilə fəxr etməliyik, onları sevməliyik, onlara hər cür qayğı göstərməliyik. Xalq yazıçıları Anarı, Elçini, Xalq yazıçısı olmayan, Azərbaycan mədəniyyəti, fəlsəfəsi qarşısında böyük xidmətləri olan Əlisa Nicatı, Xalq artistləri Polad Bülbüloğlunu, Fərhad Bədəlbəylini, tarixçi professor Cəmil Həsənlini necə söymək, təqib etmək, çərçivəyə sığmaq olar, axı onlar xalqımızı, Vətənimizi, onun inkişafını, gələcəyini, bu gününü heç də bizdən az istəmirlər! Axı, onlar həyatlarını, bütün varlıqlarını mədəniyyətimiz, incəsənətimiz, tariximiz yolunda qurban verən insanlardır! Bu cəhətlər onların namuslu, vicdanlı Vətəndaşlıqlarını, xalqımız və Vətənimizin bu günü, gələcəyi üçün son dərəcə gərəkli olduqlarını deməyə hər cür əsas verir.

Sözsüz, Vətənimizə, xalqımıza, dövlətimizə qənim kəsiliblərsə, onları sevə, onlarla fəxr edə bilmərik. Əksinə, onları qaragünlü görmək istəyərik. Ya da hər hansının kimlərdənsə, xoşu gəlmirsə, onu təhqir etməyə, təqib etməyə, aşağı tutmağa heç birimizin bir Vətəndaş olaraq nə mənəvi, nə də namuslu Vətəndaş kimi haqqımız yoxdur. Axı, xoşu gəlmək də tapşırıqla, zorakılıqla olur?! Onları təhqir, təqib ediriksə, onda, bir millət olaraq, xalq olaraq özümüz özümüzə qənim kəsilmiş oluruq, özümüz təhqir olunmuş oluruq.

Cəmil Həsənli sizi sevməyə, sizə etimad bəsləməyə bilər, siz də eynilə ona qarşı o cür münasibətdə ola bilərsiniz. O, sizin haqqınızda söz deyibsə, hansısa əsas gətirib. Qəbul olunmayan sözün, fikrin təkzibi söyüşlə, təhqirlə deyil, faktlarla, əsaslarla doğru, düzgün anlaşılar. Söyüş, təhqir yolu sivil yol sayılmaz. Siz yaşının çox olduğunu etika-filan gözləmədən onun üzünə vurursunuz. Buna qalsa, öz yaşınızı onunkundan heç də az saymayın. Yaş fərqiniz, elə də böyük deyil. Əcəl macal versə, özünüzün də o yaşa çata biləcəyinizi yadınıza salın…

Bir də, belə saymayın ki, hansısa münasibətə görə Cəmil bəyə belgə dururam. Yox, heç də belə deyil. Mən həmişə haqsız, yersiz təhqir olunanların, alçaldılanların, aşağılananların yanında oluram. İndi isə, professor Cəmil Həsənli haqqında dedikləriniz o etikadan uzaq sözlərinizə görə bir Vətəndaş olaraq sizi kəskin şəkildə qınayıram və buna görə sizin özbaşınalığınıza etiraz edirəm. Yanlış olaraq ölkə prezidentini “qardaş” adlandırmanızdan belə çıxır ki, özünüzü aldadaraq böyük səlahiyyət yiyəsinə çevirirsiniz. Bu da özbaşınalıqdır. Yox, siz prezidentin qardaşı deyilsiniz və ola da bilməzsiniz. “Özbaşınalığınızı” ona görə deyirəm, siz bir prezidentliyə namizər olaraq professor Cəmil Həsənli haqqında həmin sözləri sizinçün ayrılmış pulsuz efir vaxtında televiziya ekranından deyirsiniz. Sizin görəviniz öz platformanızdan danışmaqdır. Bəlkə də professor Cəmil Həsənlini cəzalandırmağı öz platformanıza salmısınız!? Bunu bilmirəm. Ancaq doğrudan da belə isə, onda prezident seçildiyiniz halda, güman, professoru cəzalandırmaqla xalqı xoşbaxtlığa qovuşdura biləcəyinizi düşünürsünüz! Bu, artıq, başqa məsələ!..

Azərbaycan Respublikası Prezidentliyinə namizəd qərəzçi olmayan, Vətəni də, Vətəndaşı da ürəkdən sevən, düzdanışan, doğrucul, vicdanlı, tükü-tükdən ayıra bilən, Vətəndaşlar arasında fərq qoymayan, Yerin altını da, üstünü də bilən olmalıdır. Belə olmayan namizəddən heç bir ümid gözləmək olmaz.

Ancaq, siz bir prezidentliyə namizəd kimi televiziya ekranından professor Cəmil Həsənli haqqında nifrət püskürürsünüzsə, demək, öz tərəfdarlarınıza, yaxınlarınıza, sizə ümid bəsləyənlərə Cəmil müəllimi daha çox söymək, aşağılamaq, haqqında ciddi “ölçü götürmək” tapşırığı vermiş olursunuz. Deməli, onları bu yolda səfərbərliyə çağırmış olursunuz, prezident seçildiyiniz halda isə, birbaşa öz tabeliyinizdə olanları, eləcə də bütün xalqı ona qarşı səfərbər etməyə çalışacaqsınız. Görünür, sizdən xoşu gəlməyənlər və sizin xoşunuz gəlməyənlər haqqında belə planlarınız var. Bu hərəkətləriniz isə, dövlətçiliyimiz üçün müsbət hal deyil. Buna reaksiya verilməməsini də anlaya bilmirəm.

Professor Cəmil Həsənlini nə içdə, nə dışda alim saymayan tapılmaz. Onda Sayqılı Hafiz bəy! Sizcə alimi kim təhqir edər?

Bəhmən SULTANLI

hurriyyet.org

araz.az xəbər portalı.