Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı internetdə yayılan qeyri-etik video günün əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır.
“Sıradan qalma geri”- atalar sözünə əməl edən “Azərbaycan Ağsaqqallar Şurasının sədri” (!) ağsaqqal cənab millət vəkili, üstəlik, “Azərkoop”un əbədi sədri və Kooperasiya Universitetinin rektoru, “Avropanın əməkdar elm xadimi” Eldar Quliyev “modern”ə açıqlamasında məsələyə münasibət bildirib.
Eldar Quliyev deyib ki, belə bir hadisə həqiqətən baş veribsə, Hüseynbala Mirələmovun yerinə xəcalət çəkir: “Sosial şəbəkədə görüntüləri gördüm, amma nə qədər düzgündür və ya yanlışdır deyə bilmərəm. Bunu araşdırmaq, daha sonra bu barədə fikir irəli sürmək lazımdır. Bilirsiz ki, bu dövrdə texnikanın inkişafı ilə çox hadisələr etmək olar. Videonu görəndə hansısa montaj olduğunu hiss etmədim. Yenə də araşdırmaq mütləqdir. Hüseynbala müəllimlə işlədiyimiz müddətdə mən onun heç zaman belə bir hadisələr etməsilə qarşılaşmamışam. Özü də ziyalı, alim adamdır. Əgər belə bir hadisə həqiqətən baş veribsə, mən onun yerinə utanıb xəcalət çəkirəm. Çünki belə bir yaşda bu cür hərəkət etməsi düzgün olmaz. Hadisənin düzgünlüyü təsdiqlənsə, bu barədə Ağsaqqallar Şurası tərəfindən də ciddi tədbirlər görüləcək. Texnika o qədər inkişaf edib ki, insan nəyin doğru, nəyin yanlış olduğunu da bilmir”.
İndi gəlin baxaq görək, görünən şəxsin Hüseynbala Mirələmovun olduğu iddia edilən məlum videoya baxan Eldar Quliyev niyə xəcalətindən yerə girir?
Birincisi, cənab Eldar Quliyev cənab Hüseynbala Mirələmovun etdiyi iddia olunan hər hansı hərəkətə görə, hesab edirik ki, səhv edib “yerə girir”. Xəcalət çəkmək, hətta yerə girmək üçün hər kəsin öz bioqrafiyasına boylanması kifayət edərdi. “1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edən” cənab Quliyev bilməmiş olmaz, onun rəhbərlik etdiyi “Azərittifaq” üzü 80/90-cı illərdən ölkəmizdə ən çox korrupsiyalaşmış bir təşkilatdır və həmin təşkilatın bütün ölkəboyu yayılmış şəbəkəsinin imici haqqında danışmağa dəyməz. İkincisi, “Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırmaqla “Avropanın əməkdar elm xadimi” adına layiq görülmüş” bu elm fədaisinin rektoru olduğu Azərbaycan Kooperasiya Universitetinin hansı prinsiplərlə “kadr yetişdirdiyini” istənilən şəxs “əzbər deyər”.
Üçüncüsü, “xəcalət çəkib, utanmaq” üçün Hüseynbala müəllimin əlinin harasa toxunduğunu görmək lazım deyil, 25 il dalbadal “seçildiyi” Milli Məclisdə təmsil etdiyi seçicilərdən soruşmaq gərəkdir ki, insan nəyə görə utanmalı və xəcalət çəkməlidir.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmiş, Roma şəhərinin “Fəxri alimi” olan cənab Eldar Quliyevə xatırlatmaq istərdik ki, sadalanan bu titulların bircəciyini bioqrafiyasına yazdıran adamın “yerə girməsi” üçün kiminsə əlini harasa toxunmağı da lazım deyil.
“Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı və “Atatürk Beynəlxalq mükafatı”, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunan” bir şəxs bilməliydi ki, insanın ən gözəl mükafatı təmiz addır.
Mirzə KARGÜZAR.
araz.az xəbər portalı.