tapdiq abbasPrezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun statuslarındakı tövsiyyələr hər kəsə örnəkdir.

Məlumdur ki, son illər elm və texnikanın sürətli inkişafının məhsulu olan sosial şəbəkələr, xüsusən facebook və youtub səhifələri dünyanın informasiya məkanının ən sürətli vasitələrinə çevrilib. Hazırda virtual məkanda istənilən mövzuda geniş müzakirə aparmaq və cəmiyyət üçün vacib olan informasiyaları ictimaiyyətə çatdırmaq çox asanlaşıb. Təəssüflə qeyd edim ki, internetin verdiyi bu cür səmərəli imkanlardan heç də hamı həmişə cəmiyyətə, insanlara xeyir vermək məqsədi ilə istifadə etmir. Əksinə, bəzi hallarda internet üzərindən terrora çağırışlar edilir, insan ləyaqətini aşağılayan söyüş və təhqir kimi heç kimə hörmət gətirməyən mənfi elementlərdən gen-bol istifadə olunur. Bu, əlbəttə, istər beynəlxalq hüquq, istərsə də hədəf seçilən subyektin, ölkənin, vətəndaşın konstitusiya hüquqlarına kökündən ziddir və şəxsiyyət əleyhinə yönəlmiş ən ağır cinayətdir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun internetdə yayılmış statusları ilə tanış olarkən, statuslarda yuxarıda azacıq toxunduğum vacib məqamların hamısına olduqca mükəmməl münasibətlər sərgilənib. Müəllifin statusunda harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, hər bir soydaşımızın mənsub olduğu milləti, dövləti və dövlət mənsublarını söymək və təhqir etmək kimi, düşmənləri daha çox sevindirən əyri yola qədəm qoymaqdan çəkinməyə dəvət edən, xaricdə yaşayan hər bir soydaşa yüksək əxlaqi keyfiyyət aşılayan tövsiyyələr yer alıb.

Eyni zamanda, statuslarda çox haqlı olaraq qeyd edilir ki, dövlətimizə qarşı aparılan bu cür söyüş və təhqir motivli qərəzli kampaniya həm ölkəmiz üçün, həm də sosial şəbəkələrdə söyüş və təhqir yolu seçmiş xaricdə yaşayan soydaşlarımız üçün yaxşı heç nə vəd etmir. Əksinə, Avropada yaşayan soydaşlarımızın çox az sayda olan bu qisminin bu cür mənfi hərəkətləri hər kəsdən çox onların özlərinin hörmətdən düşməsinə, özlərinin alçalmasına səbəb olması yazıda xüsusi olaraq vurğulanır. Xaricdə yaşayan soydaşlarımızın internet üzərindən ölkəmizi idarə edənlərin, hakimiyyət nümayəndələrinin ünvanına çılpaq söyüşlərlə sistemli təhqiretmə kampaniyası aparmaları yalnız Azərbaycanın düşmənlərinin arzu və istəklərinə xidmət etməsi haqlı olaraq, status müəllifi tərəfindən qeyd edilib.

Bəli, hər seçki dövründə olduğu kimi, ölkəmizin müstəqil siyasət yeritməsini qəbul etməyən bəzi üzdəniraq Qərb və Avropa dairələri bu dəfəki prezident seçkiləri ərəfəsində yenə ən qəddar vasitələrdən istifadə etməyə cəhd edirlər. Aydın hiss olunur ki, bu dəfə ölkəmizin öz soydaşlarımız tərəfindən təhdid edilməsi ön plana çəkilib. Azərbaycana, onun qətiyyətli Prezidentinə qarşı iyrənc söyüş üsullarına əl atılması heç də yaxşı yaşamaq üçün üç-beş nəfər vətənini tərk etmiş azsavadlı soydaşlarımızın təkbaşına düşündükləri plan deyil. Yaxşı görünür ki, bu söyüş və təhqir kampaniyası Qərb və Avropanın Azərbaycana qarşı məkrli mövqe tutmuş bəzi düşmən, ermənipərəst dairələrinin hazırladıqları təxribatın tərkib hissələrindən nöbətisidir. Artıq düşmən yaxşı başa düşür ki, Azərbaycanın uğurlu müstəqil siyasət həyata keçirən qətiyyətli Prezidenti ölkəmizə qarşı qurulmuş bütün tələləri ustalıqla dəf edərək, ölkəmizin iqtisadi və siyasi qüdrətinin daha da artmasına nail olur. Ona görə də ölkə rəhbərliyini ən incə metodla – ölkəmizi bu və digər səbəblərdən tərk etmiş soydaşların əli ilə ləkələməyə üstünlük verirlər. Amma bu məkrli plan alınan deyil!

Sosial şəbəkərdə söyüş və təhqir motivli kampaniya aparın soydaşlarımızın özlərinə gəlincə isə, onları sağlam düşüncəyə sahib olmağa, vətənpərvərlik hisslərini itirməməyə, bu Vətənin, bu Dövlətin və bu Hökumətin millət olaraq bizim olduğunu dərindən dərk etməyə, bir qədər dərin düşünməyə dəvət edirəm! Ayılın, əziz soydaşlar, düşmənlərimiz hələ çox güclüdür, onların dəyirmanına su tökməkdən uzaq durun!!!

araz.az xəbər portalı.