WhatsApp Image 2021 04 26 at 14.38.58

Hamıya məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyadan, ABŞ tarixində ilk dəfə olaraq məhz Prezident Cozef Baydenin 1915 hadisələrinə saxta siyasi qiymət verməsinə, öz açıqlamasında “soyqırımı” ifadəsi işlətməsinə kəskin etiraz oldu. Bu siyasi partiyalar öz etirazlarını qəbul etdikləri birgə bəyanatla dünyaya çatdırdılar. Bəyanatlarında xüsusi olaraq onu vurğuladılar ki, ABŞ kimi bir superdövlətin rəhbərinin erməni anım günündə səsləndirdiyi bu açıqlamasında hüququ, ədaləti tapdalaması, ölkəsinin milli, regional və qlobal maraqlarını bir qrup lobbistə qurban verməsi və bu hadisələrlə bağlı tarixi həqiqətləri təhrif etməsi hədsiz təəssüf hissləri doğurur. Çünki Co Baydenin 1905-ci il hadisələrini “soyqırım” olaraq qiymətləndirən, heç bir tarixi və hüquqi əsası olmayan açıqlaması regionda sülhün və əmin-amanlığın bərpa olunması ilə bağlı ümidlərə vurulan daha bir zərbədir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar isə, hər zaman qardaş Türkiyə Cümhuriyyətinin yanında olduqlarını bəyan edərək, xəstə erməniçilik ideyaları ilə yaşayanları dəstəkləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair belə bir mövqeyini qətiyyətlə pislədiklərini bəyan edirlər
Bu siyasi partiyalardan başqa, verdikləri Bəyanat və açıqlamalarında, ABŞ Prezidentinin 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasını, ermənilərin “kütləvi qırğınını” tarixi həqiqətləri təhrif etməklə tanıyıb, populist məqsədlərlə siyasiləşdirmək cəhdini ciddi şəkildə pisləyən digər ictimai-siyasi qurumların da sayı günbəgün artmaqdadır. Azərbaycan xalq hərəkatının tanınmış liderlərinin, ictimai-siyasi xadimlərin, aparıcı simaların və ziyalıların təşəbbüsü ilə yaradılan, bu yaxınlarda təsis qurultayını keçirən Azərbaycan Böyük Dayaq Partiyası da, Co Baydenə etiraz edənlər və ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyini şiddətlə qınayanlar sırasındadır. Partiya bununla bağlı verdiyi Bəyanatında xüsusi olaraq onu vurğulayıb ki, 1915 hadisələrinə siyasətçilər deyil, tarixçilər qiymət verməli olduğu halda, Baydenin bu addımı, sözsüz ki, tarixin saxtalaşdırılmasına yönəlib və siyasi məqsədlər üçün istifadə cəhdidir: “Konkret desək, dünya dövlətləri ABŞ-ın timsalında növbəti dəfə ədalətsiz qərarın verildiyinə şahidlik etdi. Sözsüz, indi, düşünən beyinlər də belə bir qənaətdədirlər ki, Cozef Baydenin bu açıqlamasından ən çox zərər çəkən tərəflər, elə, ABŞ və Ermənistan olacaqlar. Axı, müasir dünya ABŞ Prezidentindən sülhə, barışa, əmin-amanlığa, insan haqlarını və hüquqlarını tanımağa çağırışlar gözlədiyi bir dövrdə, onun rəhbərinin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlaması qəbuledilməzdir. Bu, tarixi bir səhv olmaqla bərabər, həm də regionda yaranmaqda olan birlik, həmrəylik və sıx əməkdaşlıq meyllərinə ciddi bir zərbədir. Məhz buna görə, Böyük Dayaq Partiyası ABŞ rəhbərinin ölçüyəgəlməz bu səhlənkar hərəkətini ciddi şəkildə qınayır.
Bir də ki, superdövlət rəhbərinin səhlənkar bir tərzdə “erməni soyqırımı”nı tanıması nə insan haqlarına sayğı demək deyil, nə də ki, beynəlxalq aləmdə insan haqlarına hörmət olunacağına dəlalət etmir. Əksinə, dünyada demokratiyanı və insan haqlarını müdafiə edəcəyini bəyan edən ABŞ-ın yeni Prezidentinin ətrafında formalaşan Administrasiya, bu səhlənkar addımı ilə, dövlətlərarası qarşıdurmalara rəvac verir. Bu isə, demokratiyanın və insan haqlarının qorunmasına qarşı ən təsiredici addımdır və Bayden Administrasiyası tərəfindən əvvəlcədən bəyan edilən dəyərlərə uyğun gəlmir. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların, ümumilikdə götürdükdə, bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdiddir.
Ümumiyyətlə, tarixin dəyişdirilməsinə yönələn hər hansı iyrənc yanaşma ilə, eləcə də əsrlər öncə baş verən hər hansı hadisəyə saxta qiymət vermə cəhdiylə, tarixi həqiqətləri və günümüzün reallıqlarını dəyişmək heç cür mümkün deyil. Guya, Çox Bayden və onun Administrasiyasında, eləcə də ABŞ Konqresində oturan söz və səlahiyyət sahibləri bilmirlər ki:

— Hazırda bu Administrasiyada və Konqresdə erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmilər var. Axı, bu iki rəsmi qurumun rəsmi saytlarına ötəri nəzər yetirmək kifayətdir ki, hər ikisinin tərkibində erməni lobbisinə xidmət edən kifayət qədər siyasətçinin olduğunu açıq-aydın görəsən. Bu isə, açıq-aşkar ona işarədir ki, bu Administrasiya və Konqres, çoxdandır ki, erməni lobbisinin girovuna çevrilib. Son vaxtlar, nəhayətdə, 1915 hadisələrinin soyqırım adlandırılmasına nail olmaq üçün, bu lobbiçilər tərəfindən Co Baydeninin özünə belə çox ciddi təzyiqlər olur. Məhz buna görə, nədən, həmin hadisələrə məhz indi bu cür yalan qiymət verilməsinə heç də təəccüblənmirik. Və belə hesab edir və bu qənaətə gəlirik ki, öz çirkin əməlləri ilə dünyaya “meydan oxuyan” erməni diasporu və lobbisi uzun illər ərində böyük vəsaitlər, böyük pullar sərf edərək, öz çirkin niyyətlərinə çatmış oldu;
— ABŞ kimi bir superdövlətin rəhbərinin belə hüququ, ədaləti tapdalayaraq, ölkəsinin milli, regional və qlobal maraqlarını bir qrup lobbistə qurban verməsi son vaxtlar ortaya çıxan acı həqiqətlərin ən dəhşətlisi, ən acınacaqlısıdır. Bunu onlar da qabaqcadan biliblər və indi də unutmurlar ki, uydurma “soyqırım”la tarixi saxtalaşdıranlar həmişə uduzublar, elə, bu dəfə də uduzmağa məhkumdurlar;
— Baydenin müttəfiqlik ruhuna zidd bu davranışı, sözsüz, ABŞ-Türkiyə münasibətlərinin atmosferini ciddi şəkildə korlayacaq. Halbuki Türkiyənin milli maraqları əsasında qurulan müstəqil siyasətini həzm edə bilməyən qüvvələr başa düşməlidirlər ki, bütün dünyada ABŞ-ın nüfuzunun azaldığı bir dövrdə Türkiyəyə qarşı bu saxta iddiaya qoşulmaq, sonda, Vaşinqtonun milli maraqlarına çox ciddi zərbə ilə nəticələnəcək. Bir də ki, Baydenin nə deməsindən asılı olmayaraq, reallıqda əhəmiyyətli heç nə dəyişməyəcək. Çünki ABŞ Prezidentinin sözü beynəlxalq məhkəmə deyil, heç bir hüquqi gücü də yoxdur. Əksinə, onun bu addımı beynəlxalq hüququn prinsiplərinin pozulması, indiyədək bu mövzuda verilmiş əhəmiyyətsiz çoxsaylı bəyanatlardan biridir. Bir də, unutmaq lazım deyil ki, indiyə qədər hüquqşünaslar və tarixçilər tərəfindən 1915 hadisələri soyqırım kimi tanınmayıb və həmin hadisələrin soyqırım adlandırılması ilə bağlı heç bir dəlil və sübutun olmaması bəyan edilib. Ən son Avropa Məhkəməsi “erməni soyqırımı”nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb. Ümumiyyətlə, tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir;
— Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atmaqdan çəkinməyib. Onilliklər ərzində ermənilərə məxsus təbliğat maşını və onların havadarları Osmanlı İmperiyasında ermənilərə qarşı “soyqırım”ın törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstəriblər. Həqiqət isə, ondan ibarət olub ki, Birinci Dünya müharibəsinin davam etdiyi vaxtlarda, yəni, çətin döyüş şəraitinin, daxili münaqişələrin, aclıq və xəstəliklərin… baş verdiyi vaxtlarda çoxlu sayda erməni həyatını itirib. Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, o halda tarixi reallıq təhrif edilməməli və digər partiyaların da öz bəyanatlarında xüsusi olaraq qeyd etdikləri kimi, iş bu sahə üzrə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Dəfələrlə Türkiyə tərəfi öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu bəyan edib, əsl həqiqəti üzə çıxarmaq üçün birgə komissiyanın yaradılması təklifini də irəli sürüb. Bu təkzibolunmaz bir faktdır ki, rəsmi Ermənistanın məkrli siyasətinin arxasında təzminat ödənilməsi, Türkiyə ərazisinin bir hissəsinin bu ölkəyə verilməsi kimi cəfəng və uydurma iddialar durub həmişə;
– Erməni saxtakarların Türkiyənin şərq əyalətlərini “Qərbi Ermənistan” adlandırması da, həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edən addımlar kimi qəbul edilməlidir. İşğalçı Ermənistanın tarixi faktların saxtalaşdırılması siyasəti yalnız Türkiyə Cumhuriyyətinə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb, hətta onların çoxunun meyitləri də tapılmayıb. XX əsrin ən dəhşətli faciəsi Xocalı soyqırımıdır ki, bunu, 1992-ci ilin fevral ayının 26-da işğalçı erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində törədiblər. Bu cür faciələr təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə Türk dünyasına, bəşəriyyətə və insanlığa qarşı törədilən ən böyük unudulmaz tarixi cinayətlərdəndir;
— Nəhayətdə, son illər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı iyrənc imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı, bu anlayış ətrafında onların əsassız iddia və ittihamları yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətlərinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan həmin qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını tələb etsinlər. Bunu isə, onlar heç vaxt etməzlər…  
…Azərbaycan Böyük Dayaq Partiyası olaraq, bu cür iyrənc yalan və iftiranın ABŞ Prezidenti tərəfindən həqiqət kimi təqdim olunmasını şiddətlə qınayırıq.
Siyasi qisas üçün tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələrinin Co Bayden tərəfindən “soyqırımı” olaraq qiymətləndirməsini, heç bir tarixi və hüquqi əsası olmayan açıqlamanı dilə gətirməsini, əslində, regionda sülhün və əmin-amanlığın bərpa olunmasına vurulan ciddi zərbələrdən biri kimi qəbul edir, Vaşinqtonun şərəfli tariximizə kölgə salmağı seçməsini qətiyyətlə rədd etməyi və bunu ən sərt şəkildə qınamağı özümüzə borc bilirik. Çünki tarixi hadisələr tarixçilər tərəfindən öyrənilməli və onlar əsl həqiqətləri həqiqət olaraq ortaya çıxarmalıdırlar”. 

Azərbaycan Böyük Dayaq Partiyasının mətbuat xidmətindən araz.az-a daxil olan məlumata görə, partiya rəsmiləri verdikləri Bəyanatı bu günlərdə ABŞ-ın ölkəmizdəki səfirliyinə təqdim etməyi planlaşdırıblar.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.