İdeyanızı reallaşdırmaq üçün, Siz də, imkanlardan faydalanın
“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilən “Yeni Nəsil 2.0” (“New Generation 2.0”) gənc sahibkarlara dəstək layihəsinin birinci — “Başla” mərhələsi yekunlaşıb. Proqram təşkilatçılarından araz.az– a daxil olan məlumata görə, “Yeni Nəsil 2.0” layihəsinin məqsədi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Layihə 5 mərhələdən — “Başla”, “Komandanı yarat”, “Sürət”, “Yüksəliş”, “Hədəfə çat” mərhələlərindən ibarətdir. Artıq layihəyə ilkin mərhələdə 3600-dən artıq gənc müraciət edib. Müraciətlərin ümumi gender nisbətini 52,3 faiz qadınlar, 47,7 faiz isə, kişilər təşkil edir.
Bu ilin yanvar ayının 28-də açılış mərasimin baş tutduğu layihənin, 22 fevral – 16 aprel tarixlərində Bakı və Gəncə şəhərlərində, eləcə də Abşeron, Qobustan, Şəki, Lənkəran və Sabirabad rayonlarında canlı və onlayn təqdimatları keçirilib. Baş tutan görüşlərin məqsədi layihə haqqında məlumatlılğın artırılması və layihə çərçivəsində sıx əməkdaşlığın yaradılması ilə yanaşı, layihəyə gənclərin yaxından cəlb edilməsi olub.
Bu müddət ərzində, 8 fərqli mövzuda 8 fərqli ekspertin çıxışı ilə, silsiləvi onlayn vebinarlar keçirilib. Sözügedən vebinarlar “HoReCa” (otel, restoran, kafe), “Sahibkar düşüncə tərzi”, “Biznesimə necə başlayım?”, “Qadın sahibkarlığı”, “İnnovasiya”, “Kənd təsərrüfatı”, “Sosial sahibkarlıq, “İdeyamı necə tapım?” mövzularını əhatə edib. İnteraktiv formada keçən vebinarlar zamanı ekspertlər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.
Layihənin ikinci mərhələsi olan “Komandanı Yarat” mərhələsi start götürüb. Burada iştirakçılar üçün biznes ideyalarını və komandalarını formalaşdırmaq məqsədi ilə, müxtəlif vebinarlar, onlayn sessiyalar və netvörkinq məqsədilə görüşlər keçiriləcək. Həmçinin biznes ideyası olan komandalar da, bu mərhələdən layihəyə qoşula biləcəklər.
“Komandanı yarat” mərhələsinə qoşulmaq və investisiya əldə edə bilmək üçün, bu linkə daxil olmaq lazımdır:
https://cutt.ly/QvRvQUG
Məlumatda o da bildirilir ki, bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” Fondunun və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilir. Növbəti mərhələlərdən xəbərdar olmaq üçün, “Youth Inc.” Sahibkarlıq Proqramının sosial şəbəkə səhifələrini izləyə bilərsiniz.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.