Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı, dünyaca məşhur www.change.orq saytında, Ermənistana qarşı petisiya ilə çıxış edib. Petisiyanın əsas təşəbbüsçülərindən biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun Mətbuat Departamentindən araz.az-a daxil olan məlumata görə, petisiyanın ictimailəşdirilməsi məqsədi ilə, bir müddət əvvəl tanınmış ictimai xadimlər, mədəniyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, insan hüquq müdafiəçiləri də kampaniyaya qoşulub.
“Petisiya beynəlxalq aləmdə ciddi marağa səbəb olub. Petisiyaya 172.017 baxış olub. 23.227 nəfər petisiyanı paylaşıb. Ümumilikdə, 500-dən yuxarı şərh yazılıb, onların hamısında Azərbaycanın haqlı tələbi dəstəklənib. Bu günə kimi 15 min nəfər petisiyaya qoşulub. Petisiyaya təkcə Azərbaycandan deyil, Böyük Britaniya, İsveçrə, Rusiya, Pakistan, Kanada, Amerika, Macarıstan, Qətər, Səudiyyə Ərəbistan, BƏƏ, Malayziya, Almaniya, Türkiyə, Avstraliya, Sinqapur, Birma və hətta Cənubi Afrika və Keniyadan qoşulublar”. Bu barədə petisiyanın əsas təşəbbüsçülərindən olan BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev məlumat verib.
Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən otuz illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə, Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman, bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır. Tədbirin sənədində deyilir:
“Ermənistan minaların harada qoyulduğunu bilir, lakin müxtəlif bəhanələrlə bu məlumatı verməkdən imtina edir. 30 ildən sonra, azərbaycanlı məcburi köçkünlər geri dönərək, minaların içərisində özlərinə həyat qurmağa çalışır. Lakin müharibədən sonrakı dövr ərzində, 85 nəfərdən çox azərbaycanlı minaya düşərək həlak olub və ya ağır yaralanıb”.
“Petisiya dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Azərbaycanın üzləşdiyi mina probleminə yönəltmək üçün, çoxsaylı insanların www.change.org saytında birgə etiraz çağırışıdır. Hər dəqiqə artmaqda olan bu statistika birliyimiz sayəsində bizi hədəfimizə daha da yaxınlaşdırır”, — deyə, Umud Mirzəyev qeyd edib.
Azərbaycan vətəndaşları və xaricdə yaşayan dostlarımız bu link vasitəsilə https://www.change.org/p/republic-of-armenia-urge-armenia-release-the-map-of-landmines-in-liberated-areas-of-azerbaijan-to-save-lives saytına daxil olub, petisiyaya imza ata bilər.
“Bu petisiyanı imzalamaqla, Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağımız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bütün həmyerlilərimizi petisiyaya qoşulmağa, onu paylaşmağa çağırıram. Xüsusən qardaş Türkiyədə və postsovet məkanında, Avropada yaşayan həmyerlilərimizi daha fəal olmağa çağırırıq”, — deyə, BAMF prezidenti Umud Mirzəyev çağırış edib.
araz.az
xəbər portalı.
araz.az xəbər portalı.