Ötən yüzilin 50-ci illərində Azərbaycanda “kosmopolitizm” və ulusalçı (milli) anlamlar arasında yaşanılan gizli savaşlar çılpaqlığı ilə üzə çıxdı. Beləliklə də ulusal kimlik, kültür və özgürlük adına savaşlar ictimai xarakter daşımağa başladı. Tarixin ən qəddar diktatoru İosif Stalinin türkü inkar, ermənilərin işinə yarayan “arizm” xəstəliyinin çökdürülməsinə qarşı aparılan savaşlar bu gün də yaşanılır. Azərbaycan kültürünün “fars ladı” altında oxlokratik modelə çevrilməsi və “kosmopolitizm”in içində əridilməsi hədəflərinin aradan qaldırılması uğrunda ulusalçı savaş öz ahəngi ilə davam edir.
Özgür kültürün “colouration”laşma bataqlığına yuvarlanmasının qarşısının alınması və devrimçi hərəkatın gücə çevrilməsi çağdaş dövlətləşmə modeli üçün çox vacibdir. Çünki teatrın sosial xarakteri, ictimai yükü, ulusal sənət dilinin kültür anlamında gələnəyə çevrilməsi “kosmopolitizm” və “feodal” düşüncə sisteminin buxovuna çevrilib. Ona görə də çağdaş Azərbaycan Teatrı bu gün ölgünlük durumu ilə üz-üzə qalıb.
“Teatr Xadimləri İttifaqı” bataqlıq yuvasına çevrilib
1991-ci ildən “Azərbaycan Teatr Xadimləri İttifaqı”na sədrlik edən Azərpaşa Nemətov ötən 27 il ərzində bu qutsal qurumu “fərdi təqaüdçülər ittifaqı”na çevirib. Ölkədə teatr sənətinin inkişafı baxımından bircə dəfə də olsun konfranslar keçirilməyib. Çağdaş dramaturigiyanın, aktyor və rejissor sənətinin, səhnəqrafiya, teatrşünaslıq problemlərini qabartmayıb. Halbuki A.Nemətovdan öncə bu quruma başçılıq edən xalq artisti, böyük sənətkar Həsənağa Turabovun dönəmində Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” qaynar ocağa çevrilmişdi. Teatr festivalları, yaradıcılıq gecələri, dəyirmi masalar, ayrı-ayrı teatrların qastrol səfərlərinin, xarici ölkələrə sənət adamlarının ezamiyyətlərinin təşkili, teatr xadimlərinin yaradıcılığı ilə bağlı dərc olunmuş əsərlərin təqdimatlarının keçirilməsi əsl sənət mühitinin təntənəsi idi. Bundan əlavə, ölkə teatrlarının səhnəsində qoyulmuş uğurlu tamaşalara görə rejissorların, dramaturqların, aktyorların, bəstəçilərin və rəssamların mükafatlandırılması kimi çox möhtəşəm tədbirlər həyata keçirilərdi. Bölgə teatrlarının durumu ilə bağlı problemlərin qabardılmasına dəstək verilərdi. Bütün teatrlarda sənət adamlarının yaradıcılıq gecəsi və yubileylərində yaxından iştirak edərdi. Gənc rejissorların, aktyorların və dramaturqların birgə işi kimi tamaşaların “Aktyorlar Evi”nin səhnəsində oynanılmasına imkan yaradıdlardı. Son 27 ildə kimsə bu ənənənin davam etməsinin şahidi olmayıb. Sənətsevərlər demək olar ki, “Aktyorlar Evi”nin qarşısındakı afişalara baxaraq, teatr aləminin mədəni hadisələrində iştirak etmək üçün zaman ayırardılar. İndi bütün bunlar A.Nemətovun “kəraməti” sayəsində yoxa çıxıb. Səbəb? Çünki “Teatr Xadimləri İttifaqı” və “Aktyorlar Evi” teatrxanadan daha çox, “QUTABXANA”ya çevrilib. Burada sənət qoxusu deyil, qutab qoxusu “Malakan Bağı”na kimi aləmi bürüyüb. Süni disaxarid-saxoroza ilə bişirilib satılan “bonçik”ləri demirik. Peşəkar teatr xadimləri ona görə bu ocaqdan perik düşüblər.
Çağdaş Azərbaycan Teatrının problemləri A.Nemətovun 27 illik fəaliyyətinin hesabatı bu anlama bağlanıb. Sanki “Teatr Xadimləri İttifaqı” və “Aktyorlar Evi” onun fərdi sexinə çevrilib. İndiyə kimi bu iki qurumun binasında Bakının ən bahalı restoranlarına və kafelərinə çevrilmiş iaşə məkanlarından əldə edilən gəlirlər barəsində teatr xadimləri qarşısında hesabat verilməyib. Bu iki qurum kimsənin özəl müəssisəsi deyil, bütovlükdə Azərbaycan Teatr Xadimlərinin halal məkanıdır.
Teatr Xadimləri İttifaqı dəyişməlidirmi?
Bu qurum 125 il öncə yarandığı gündən qarşısına qoyduğu məqsəd Azərbaycan ulusal teatr sənətinin gəlişməsi, dünya teatrının bir parçasına çevrilmək olub. Ona görə də müqtədir sənət xadimləri bu yolun təməlini qoyublar. Burada aktyorlar, rejissorlar, dramaturqlar, teatr tənqidçiləri, rəssamlar, bəstəçilər, yazıçılar və şairlər çeşidli ədəbi baxışları müzakirə edərdilər. Səhnə xadimlərinin problemlərinin çözümündə yaxından iştirak edərdilər. Yaranışının ilk günündən həm də teatr sənətinin əmək birjasını belə qurmuşdular. Hər bir aktyor əmək sanksiyasını müqaviləsiz həyata keçirmirdi. Beləliklə də peşəkar teatr mühitini daim gəlişdirmək yönündə addımlar atılırdı. Eyni zamanda, üzvlərinin peşə hüquqlarını müdafiə edən quruma çevrilmişdi. Bəs indi nələr baş verir? Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov aktyorların hüquqlarını pozan məmurlar sırasında ilk sırada yer alır. Ona görə də teatrlarda direktorlar baş menecer kimi deyil, diktator davranışını nümayiş etdirirlər. Halbuki teatr mühitinin canlanması, sənət adamlarının hüquqlarının müdafiə olunması yönündə Teatr Xadimləri İttifaqı avanqard rolunu oynamalıdır. İndiki bazar iqtisadiyyatı çağında teatr xadimlərinin sosial-iqtisadi problemlərinin çözülməsi yönündə təşəbbüslərlə çıxış etməlidir. Teatr sənətinin bütün janrlarında kitabların dərc edilməsi, gənclərin bu estafeti davam etdirməsi üçün yaradıcılıq laboratoriyalarının yaradılması çox vacibdir. Demək olar ki, bu gün teatrlarda sənət admalarının maaşları minimum bazar zənbilindən bir neçə dəfə aşağıdır. İndiki halda bir nəfərin acından ölməməsi üçün ehtiyac zənbilinin dəyəri kimi aylıq 650 manat tələb olunur. Ancaq bölgə teatrlarında yüksək dərəcəli aktoyrun aylıq maaşı 192 manat təşkil edir. Bütün bunları Teatr Xadimləri İttifaqı və onun 27 illik sədri A.Nemətov görməzliyə vurur. Bu ali qurumun başqanı olmaq hamıya qarşı öfkə nümayiş etdirmək demək deyildir. Fərdi özəlliklərini belə bir qurumun iradəsinə çevirmək isə, ümumiyyətlə, olmaz. Bizim fikrimizcə, bu qurum öz fəaliyyətini qolçaq oyunu (kukla teatrı), gənclər və uşaq, həvəskar teatrlar, səhnəqrafiya və teatr təhsili verən ocaqların üzərində kökləməlidir. Dünya və ulusal teatr sənəti ilə bağlı ayda bir dəfə dərc ediləcək dərgisi olmalıdır. Min dəfələrlə təəssüflər olsun ki, Teatr Xadimləri İttifaqı ötən yüzilin 70-ci illərində yaşanılan Leonid Brejnevin mürgülü siyasət ocağını xatırladır. Ona görə də “Teatr Xadimləri İttifaqı” daha çox “Təqaüdçülər İttifaqı”na çevrilib.
Ayda 25 min manat gəlir hara gedir?
Çağdaş Azərbaycan Teatrının problemləri Bütün dünyada teatr siyasətinə yanaşma iki biçimdə olur. Bu, bir yandan cüzi maaşla teatrın saxlanılması və digər yandan isə əlavə gəlir mənbələrinin əldə edilməsi üçün imkanların yaradılmasından ibarətdir. Bu ikili yanaşma tərzi ilə demək olar ki, teatrlar öz maddi və sosial problemlərini çözməkdə böyük imkanlar əldə edirlər. Azərbaycanda isə bütün bunlar, sadəcə, birtərəfli yanaşımla idarə olunur. Teatrların əldə etdiyi gəlirlər direktorların komprador maraqlarına pərçimlənir. Aktyor babanın alın təri ilə qazanılan gəlirlərdən ona əlavə heç bir qazanc (mükafat) ödənilmir. Elə buna görə də aidiyyəti bürokratik qurumlar teatrların direktorlarına istədikləri basqıları asanlıqla tətbiq edirlər.
Sonucda istənilən sənətkarın həyat tərzi süni reanimasiyaya pərçimlənir. Dilənçilik xəstəliyi onun mənəvi aləmini paramparça edir. Teatr Xadimləri İttifaqı teatrların güvənc mərkəzi olmaqdan çıxdığı üçün bütün bunlar baş verir. Hamının hər şeyi gördüyü və susduğu üçün bu rəzalət illərdir davam edir. Azərbaycan teatrının aktyorlarının alın təri və üzvlük haqlarının sayəsində yaradılmış Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi”nin binasının restoranlara və barlara icarəyə verilməsi sayəsində ayda orta hesabla 25 min manat dəyərində gəlir əldə edilir. Bu gəlirlərdən qurumun üzvü olan aktyorların, rejissorların, dramaturqların, teatrşünasların, rəssamların, bəstəçilərin hüququ yoxdur ki, soruşsun: “Bizlərin alın təri ilə yaradılmış, adımızla bağlı olan bu qurumun gəlirləri hara və hansı məqsədlərə yönəldilir? İttifaqın balansındakı anbaların, emalatxanaların, yaradıcılıq mərkəzlərinin, çoxsaylı binaların aqibəti necə oldu?” Çox suallar var. 27 illik sədrlik dönəmində A.Nemətov isə bunlara cavab verməyib.
Problemlər məngənəsində çapalamağın durdurulması resepti
Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyində təmsil olunanlar dünya teatrı dedikdə, əsasən Rusiya teatrlarını və bu ölkədə baş verənləri diqqətlə izləyirlər. Heç olmasa, Rusiya Teatr Xadimləri Birliyinin müdrik sədri Aleksandr Kalyaginin apardığı siyasəti gündəmə gətirsəydilər, bütün sorunların aradan qaldırılmasında önəmli işlər görə bilərdilər. “Çıxılmazlıq”dan ÇIXIŞ YOLU-nu tapa bilən Kalyagin buna görə hamının sevimlisinə çevrilib.
Çağdaş Azərbaycan Teatrının problemləri Teatr işçilərinin normal maaş almaq, maddi-texniki imkanların yaradılması, teatrlara qarşı bürokratik düzənlə yaradılmış problemlərin çözülməsi, işçilərin hüquqlarının qorunması, yaradıcılıq projelərinin genişləndirilməsi, yaradıcılıq studiyalarına (özəl və dövlət sektoruna fərq qoymadan) maliyyə dəstəyinin verilməsi, gənc istedadlı tələbələrə təqaüd verilməsi, tələbə aktyorlar və rejissorların hazırladığı tamaşların festivallarının keçirilməsi, teatr sənəti üzrə müxtəlif peşələrin hazırlıq kurslarının təşkili, teatr sənətinin inkişafı ilə bağlı yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, mədəniyyət evlərinin özəlləşdirilıməsi deyil, binası olmayan teatrlara verilməsi, ölkə teatrlarında premyera tamaşalarında ünlü sənətçilərin iştirakının təmin edilməsi, hər il kukla teatrlarının, mono tamaşaların, teatr kollektivlərinin festivallarının təşkili, dramaturgiyanın problemlərinin həlli yollarının müzakirələrə çıxarılması və sair işlərin görülməsi çox vacibdir. Ancaq bütün bunlar gözəlim Teatr Xadimləri İttifaqının və onun rəhbərliyinin yuxusunda belə yox kimidir. Bayağıcasına bu ali qurumun rəhbərliyi adı altında özlərinə “komfort” düzən yaratmaqla yetinən bir başqanlıq qurulunun olması ölgünlük düzəninin bir parçasına çevrilmənin indi heç bir anlamı da qalmayıb.
Bizim kimsə ilə nə qərəzimiz, nə də öfkəmiz var. Eləcə də Azərpaşa Nemətovla da. Azərbaycan teatrının belə bir ağır duruma düşməsinin problemlərini zamanla ona görə qabardırıq ki, ulusal kültür düzəninə sahib çıxmayan toplum hər zaman ən acı yaşam düzəni içində boğulub məhv olur. Kültürün gəlişməsi və kültürlü topluma çevrilmə həm də özgürlüyün ana simgəsidir. Azərbaycan artıq 26 ildir dövlət özgürlüyünə sahibdir. Bu özgürlüyün gəlişdirilməsi dövlətimizin əbədiyyən qorunub saxlanılması deməkdir. Kültürü gəlişməyən dövlət və toplum özgələrinin quluna çevrilməsinə xidmət edər. Əgər Teatr Xadimləri İttifaqı və onun rəhbərliyi buna əməl etmirsə, deməli, sorun var. Bu sorun onların özləri ilə yanaşı, həm də bütövlükdə ulusal teatr sənətimiz üçün yaşanılan ən ağrılı qavramdır. Teatr mənəvi dəyərlərin gəlişdiyi canlı məkandır. Dünyanın yaranışının iki dəyəri var. Birincisi, bizi yaradanın, digəri isə, öz gücümüzlə yaratdıqlarımızdır. Bu iki qavram var oluşumuzu gəlişdirən düzəndir. Azərbaycan Teatr Xadimləri İttifaqı bu gün ulusal varlığımızı və kültrürümüzün dəfn edildiyi məkana çevrildiyi üçün teatr sənəti də yox kimidir.
Ənvər BÜRÜSOY,
sənətşünas
araz.az xəbər portalı.