407168645

İcra hakimiyyəti başçılarının həbs olunması, tutduğu vəzifədən azad edilməsi bəzi rayonları “başsız” qoyub.

Bundan əlavə, hazırda Milli Məclisdə də 5 boş yer var. 2 gün əvvəl isə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun həbs xəbəri yayılıb. Bu xəbərdən sonra o, Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Bundan əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatlarla Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov həbs olunub.

Həbs olunan icra başçılarının bəzilərinin yerinə təyinatlar var. Amma hələ də bəzi rayonlarda bu yüksək posta təyinat olmayıb.

Hazırda 6 rayonda icra hakimiyyəti başçısı vəzifəsi boşdur. Bu rayonlara Bakının Nizami rayonu, Ağsu, Cəlilabad, Göygöl, Kürdəmir və Şəmkir rayonları daxildir. Qeyd edək ki, Nizami rayonun sabiq başçısı Arif Qasımov və Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov həbs olunmayıb, onlar ölkə başçısının sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.

Ağsu rayon İcra Hakimiyyətinin sabiq başçısı Vahid Tağıyev isə ötən ilin 27 noyabrında dünyasını dəyişib. Digər 3 rayon – Cəlilabad, Kürdəmir və Şəmkirin sabiq icra başçıları hazırda həbsdədir və onlarla bağlı istintaq hərəkətləri davam edir.

Milli Məclisdə isə boş qalan 5 dairə – 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi və 116 saylı Qəbələ Seçki Dairəsidir. Qeyd edək ki, 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov ötən ilin 4 avqustunda dünyasını dəyişib. Digər 4 dairə üzrə isə 9 fevralda keçirilən parlament seçkilərindən sonra nəticələr ləğv olunub. Parlamentin son plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi təsdiqləndikdən dərhal sonra sosial şəbəkələrdə boş qalan dairələr üzrə seçkilərin keçiriləcəyi ilə bağlı mülahizələr irəli sürülür.

İddia olunur ki, MSK yenidən formalaşdıqdan sonra qısa zamanda Milli Məclisdə boş qalan yerlərə təkrar seçkilər keçiriləcək. Digər tərəfdən, bu ilin dövlət büdcəsində seçkilərin keçirilməsi üçün 20 milyon manat vəsaitin nəzərdə tutulması da parlamentdə boş qalan yerlərlə seçkilərin keçirilməsi ilə bağlı iddiaları gücləndirir.

Vilayət MUXTAR,
Cebhe.info

araz.az xəbər portalı.