“Araz” Media Qrupuna və araz.az xəbər portalına daxil olan məlumata görə, Qərbi Azərbaycandakı — indiki Ermənistan Respublikasındakı tarixi dədə-baba torpaqlarından qovulan yurd həsrətli qaçqınlarımızın olduqca çətin qaçqın ömrü yaşadıqları ötən 32 il ərzində bir araya gətirilib, onların təşkilatlanması işində xüsusi rol oynayan Göyçə — Zəngəzur Respublikası və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi, ABŞ Prezidenti Cozef Baydenin məlum çıxışı zamanı işlətdiyi əsassız “erməni soyqırımı” ifadəsinə etiraz olaraq, birgə Bəyanat qəbul ediblər. Rizvan Talıbovun rəhbərlik etdiyi hər iki təşkilat adından verilən həmin Bəyanatda deyilir:
“Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin aprelin 24-dəki məlum çıxışı zamanı “erməni soyqırımı” kəlməsindən istifadə etməsi, bizdə, çox böyük təəccüb və hiddət doğurdu. Bu, Co Baydenin, tərəfdarları olan bir ovuc erməni lobbisinə xoş gəlmək xatirinə, dünyanın super gücü olan ABŞ dövlətinin və Amerika xalqının təməl prinsiplərinə və maraqlarına vurduğu ciddi zərbədir!
Co Bayden, ABŞ Prezidenti kimi, Amerika xalqının və dövlətinin çıxarlarını və maraqlarını nəzərə alaraq, bu kobud səhv addıma getməməli idi. Amma, təəssüf ki, Bayden bu tarixi səhv addımı atdı. Bununla da, göstərdi ki, onun üçün tərəfdarları olan bir ovuc erməniləri məmnun etmək, ABŞ-ın milli maraqlarını qorumaqdan daha önəmlidir! Tam əminik ki, bu həqiqəti anlayan çoxmilyonluq Amerika seçiciləri, Co Baydenə səs verdikləri üçün, hədsiz peşimançılıq hissləri keçirdilər. İnanırıq ki, onlar növbəti prezident seçkilərində ABŞ-ın milli maraqlarını bir ovuc millətçi ermənilərin məmnunluğuna qurban verən Co Baydenə səs verməyərək, bu səhvinin bədəlini onun özünə ödətdirəcəklər!
Göyçə — Zəngəzur Respublikası və
Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi bəyan edirlər ki, özünü demokratik dəyərlərin himayəçisi elan edən, dünyanın supergücü kimi qəbul olunan ABŞ kimi bir dövlətin Prezidenti erməni uydurmalarına deyil, tarixi həqiqətlərə və doğrulara əsaslanaraq fikir bildirməli idi. Yaxşı olardı ki, Bayden uydurma erməni yalanlarına deyil, ermənilər tərəfindən Türkiyədə türklərə, Azərbaycan ərazilərində isə, azərbaycanlı əhaliyə qarşı törədilən və vəhşilik əlaməti olaraq tarixə düşən qətllərə diqqət ayıraydı! Xüsusən də, 18-ci əsrdən başlayaraq, ermənilərin, onların zorla məskunlaşdırıldıqları tarixi Qərbi Azərbaycan, indiki Ermənistan ərazilərində tarixən yaşamış yerli azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımı hadisələrindən danışaydı. Artıq, bütün dünya bilir ki, indi həmin ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bəyan edirik ki, erməni lobbisinin uydurma və yalanlarına istinad edən Co Baydenin bu tarixi səhvinin bədəlini həm Amerika dövləti, həm də məzlum erməni xalqı ödəyəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.