2020-ci ilin sentyabr ayının 4-də İlham Əliyevin sərəncamı ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Mətbuatda Baba Rzayev kimi tanınmasını istəyən Balababa Rzayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-nin sədri idi. 2015-ci ildə “Bakıelektrikşəbəkə”-nin adı dəyişdirilərək “Azərişıq” olub və Baba Rzayev yenidən həmin quruma sədr təyin olunub.
Yerli KİV-in 2012-ci ildə onunla bağlı apardığı araşdırmada deyilir ki, Baba Rzayev həm də biznes sahibidir.
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.
“Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir.
Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
Həm də təkcə “Santral Elektrik” deyil, sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.
Araşdırma zamanı məlum olub ki, “Santral Elektrik” LTD-nin Rzayevlərin işıqlı biznesində yeganə halqa olmadığını göstərir.
Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir.
“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.
2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Dövlət Vergi Xidməti reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə “Handa Group”dur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan – “Bakıelektrikşəbəkə”-dən alıb.
Araşdırmaya əsasən, ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.
Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – “Barmek” şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə keçib.
Araşdırma müəllifləri prezident İlham Əliyevin xüsusi tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyini əldə edib.
Rəyə əsasən, “Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülmüşdür.
Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. “Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur.
Həm “GBS MMC”nin, həm də “Gök-Nur Bakı”nın Zirə qəsəbəsində yanaşı sahədə kabel və elektrik avadanlıqları istehsalı zavodu var. Hər halda görünəni budur ki, hazırda “Azenerji”nin başında oturub “səssizcə” işini görən Baba Rzayevin yeganə qazancı dövlət büdcəsindən ayrılan pullar deil.
Araşdırmalarımız davam edir. Yeni faktlarımız olacaq.
Bizi izləyin.
Mənbə dia.az
araz.az xəbər portalı.