“Bu anda keçirdiyim hissləri bölüşmək mənim üçün o qədər ağırdır ki, anlatmaq üçün sözlər yetməz… Heç düşünə bilməzdim ki, nə vaxtsa Azad müəllimi dərin kədərlə anacaq və onun haqqında fikirlərimi keçmiş zamanda paylaşacam…”
araz.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
“Bu gün mən mənəvi atamı, böyük qardaşımı, mənə əziz olan bir insanı, ailəmin hər bir üzvünün dəyər verdiyi – doğma ailə üzvü kimi qəbul etdiyi safqəlbli və mərhəmətli bir şəxsiyyəti itirdim… Yalnız Azərbaycan xalqının deyil, onunla tanış olmuş əcnəbilərin də böyük sevimlisi, çox hörmət etdiyi gözəl insan idi, Azad müəllim. Qapısını döyən hər kəsə dayaq olar, heç kəsi naümid qoymazdı. Vətənini həddindən artıq sevər, onun adının həmişə ucalardan səslənməsi üçün əlindən gələni əsirgəməzdi. “Allah çox sevdiyi insanları tez zamanda ağuşuna alar” deyirlər, Azad müəllim də onlardan biri – Allahın ən gözəl bəndələrindən idi. Onun həyatdan köçməsi xəbəri məni dərindən sarsıtdı, buna inanmaq istəmirəm. Qəlbimizdə böyük bir boşluq qoyub getdin, Azad müəllim. İllər ərzində ətrafınızdakılara saçdığınız pozitiv enerji, göstərdiyiniz qayğı, mərhəmət, hörmət, ali insani dəyərlər üçün Sizə minnətdaram. Siz bizim xatirələrimizdə əbədi yaşayacaqsınız! Ruhunuz şad olsun! Sonda Azad müəllimin xanımı çox hörmətli Zülfiyyə xanıma, oğlu Arifə, qardaşı Murada və bütün əzizlərinə Allahdan sonsuz səbr diləyirəm…” – K.Nurullayeva qeyd edib.
araz.az
araz.az xəbər portalı.