Koronavirus hələ də dünyada “at oynadır”. Hazırda Hindistanda epidemioloji vəziyyət ən gərgin olaraq qalır. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda son sutka ərzində 386 min 452 nəfərdə COVID-19 aşkarlandığı bildirilib.
Bu arada Türkiyədə aprelin 29-dan mayın 17-dək küçəyə çıxmaq qadağası tətbiq olunub. Buna səbəb aprelin 16-sı Türkiyədə koronavirusa 63 min 82 yoluxma faktının qeydə alınması ilə günlük yoluxma sayında rekord göstəricinin olmasıdır.
Azərbaycanda isə yazını hazırladığımız zaman koronavirus infeksiyasına 1392 yeni yoluxma faktı qeydə alınıb, 2274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahından bu barədə verilən məlumata görə, analiz nəticələri müsbət çıxmış 29 nəfər isə COVID-19-dan vəfat edib.
Azərbaycan üçün də Türkiyədəki kimi təhlükə gözlənilirmi? Bu yayı da maskadamı keçirəcəyik?
Bu arada ölkəmizdə Hindistan ştammının yayıldığı deyilir. Ölüm saylarının çoxalması da bununla əlaqələndirilir.
Bizimlə söhbətdə infeksionist İlhamə Abbasova bəzi məqamlara aydınlıq gətirib: “Türkiyədə yoluxma sayı yüksəldiyi üçün qapanmalara gedildi. Bizdə yoluxma sayı 1300-dən, 2 mindən yuxarı rəqəmlər olur. Bu say 5 mini ötsə, əlbəttə bizdə də qapanmalara gediləcək. Amma Türkiyədə qapanma oldusa, bizdə də mütləq qapanma olacaq fikri yanlışdır. Əgər yoluxma sayı pik həddə çatarsa, bütün ölkələr qapanmaya gedir”.
İnfeksionistə görə, bu yayı da maskada keçirməliyik: “Çünki əhalinin 90 faizi vaksin olunmayıb. Olunarsa, yalnız bundan sonra açıq havada maskadan istifadə etməmək barədə düşünmək olar. O ki qaldı ştamm məsələsinə, Hindistan, Braziliya ştammı deyilən bir anlayış yoxdur. Sadəcə olaraq hər bir ölkədə virus mutasiyaya uğrayır, yoluxma sayı çoxalır. Öldürücülüyü çoxdur deyə Hindistan ştammı adlandırırlar. O demək deyil ki, o virus Hindistana məxsusdur. Bizə də gəlib çıxa bilər, əgər Hindistandan bizə gələnlər olsa, virusun ölkəmizdə yayılması realdır. Bu virus istənilən ölkəyə yayıla bilər”.
İnfeksionist ölkəmizdə mövcud epidemioloji vəziyyət barədə danışıb: “Hazırda bizdə evlərdə xəstə sayı çoxdur. Klinikalarda da xəstələrimiz var. Vaksinasiya öz təsirini göstərib. Vaksin olunanlar xəstəliyi yüngül keçirir, xəstələr ağırlaşmır, hətta buzlu şüşə olsa belə xəstə yüngül formada bu virusdan qurtula bilir. Amma hələ ki, qapanma yox, qorunma şərtdir. Maskadan istifadə etmək, kütləvi yığıncaqlardan uzaq olmaq birinci şərtimizdir”.
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də mövzu ilə bağlı danışıb: “Yoluxma sayında azalmalar var. Xəstə sayının azalmasından bunu müşahidə edirik. Bundan sonra azalmağa doğru gedəcək. Amma 4 rəqəmli yoluxma sayı bizim cəmiyyətimiz üçün çox yüksək bir göstərici sayılır. Bu göstərici hələ o demək deyil ki, maskadan azad olmalıyıq. Maskadan azad olsaq, yenidən virusa yoluxanlar arta-çoxala bilər. Bu gedişlə davam etmək lazımdır, insanlar qaydalara riayət etməlidir, maska taxmalıdır, epidemik cəhətdən müşahidə aparmaq lazımdır ki, görək növbəti günlərdə vəziyyət necə olacaq. Təbii ki, bu fonda da insanlar vaksinasiyaya sürətlə müraciət etməlidirlər. Nə qədər çox insan vaksin olunarsa, bir o qədər insanın yoluxub-sağalması azalar. Ümumiyyətlə, yoluxma sayı hər zaman arta bilər. Çünki artımlar olub, biz görmüşük. Hər zaman arta bilər, fərqi yoxdur, qış, yaxud yay fəsli olsun. Keçən il yayda da artım olmuşdu, xəstələr daha ağır keçirmişdilər. Nəzərə almalıyıq ki, qarşıdan yay ayları gəlir, elə edək ki, artım olmasın, sərt karantin tətbiq edilməsin. İnsanlar heç olmasa yayda açıq havada, rayonlarda istirahət edə bilsinlər ki, qışa hazırlıqlı olsunlar, immunitetləri möhkəm olsun. Çünki koronavirusun nə vaxt bitəcəyini biz hələ bilmirik”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev isə “Yeni Müsavat”a bildirib ki, virusa yoluxub sağalanlara da peyvəndlər mütləq şəkildə vurulmalıdır: “1 il gözləmək səhv qərardır. Payız və qış aylarında indiyə qədər peyvənd alan şəxslər də mütləq yenə peyvəndlənməlidir. Əgər edilməsə, bu günə qədər atılan addımların və xərclənən pulların hamısı hədər olacaq. Mənim hələ bir il öncə dediyim öz təsdiqini tapıb. Azərbaycanda virus 2019-cu ilin dekabr/yanvar aylarında başlayıb. Həmin şəxslərin də 7 aydan sonra bir daha xəstələnməsi də elmi tərəfdən mümkündür. Bu, o demək deyil ki, peyvəndlər artıq effektiv deyil. Peyvəndlər bu günə qədər söylədiyim kimi effektivdir, hətta 80-90%-ə qədər yeni yoluxmaların azalmasına səbəb ola bilir. Bir daha təkrarlayıram: Sadəcə bu, o deməkdir ki, onların pozitiv effektini davamlı saxlamaq üçün peyvəndlər təkrarlanmalıdır. Bunu da mən buradan deyirəm ki, hökumət və aidiyyati səhiyyə qurumları mütləq bilsin və planlarını ona görə qursunlar. Bunun üçün hər hansı bir beynəlxalq səhiyyə qurumunun aylar sonra verəcəyi rəsmi açıqlamasını gözləmək lazım deyil”.
araz.az
araz.az xəbər portalı.