Vüqar DADAŞOV: “Lavrov İrəvana ona görə gedir ki, İrəvan Bakıya qarşı Rusiyaya sərf edən daha sərt mövqe göstərsin!”
“Azərbaycanın siyasi müstəvidə müharibəsi davam edir. Prezident İlham Əliyevin Zəngilan səfəri də, bu yöndən olan bir çox vacib məqamlardan xəbər verir. Aprelin 22-sində ölkə başçısı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində də, Zəngəzur dəhlizinin icrası barədə danışarkən: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik!” — deyə, bəyan edib.
araz.az xəbər verir ki, bunu, tanınmış hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi Vüqar Dadaşov, Rusiya xarici işlər naziri Serqey Lavrovun İrəvana və Bakıya gözlənilən səfərinin müzakirəsi zamanı
deyib. O, xüsusi olaraq qeyd edib ki, İlham Əliyevin bu açıqlamasından sonra, onun Zəngilana səfəri, birmənalı olaraq, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyinin göstəricisidir: “Heç kimə gizli deyil ki, Azərbaycan Prezidentinin açıqlamaları dünya siyasi elitası və ictimaiyyəti tərəfindən birmənalı qəbul edilir. Zəngəzur dəhlizinin açılması, eyni zamanda, Çin də daxil olmaqla, əksər dünya ölkələrinin maraqlarına uyğundur. Rusiya da bu dəhlizin açılmasında olduqca maraqlı tərəfdir. Elə, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin əsas sərtlərindən biri də, Zəngəzur və Laçın dəhlizi ilə bağlıdır. Bəyannamənin hər hansı bir bəndinin icra edilməməsi isə, hüquqi cəhətdən həmin sənədin hüquqi qüvvəsinin itirilməsinə gətirib çıxarar. Bu isə o deməkdir ki, həmin Bəyannaməyə əsasən, Azərbaycanın Qarabağ bölgəsinə yeridilən rus sülhməramlıları da, qüvvədən düşmüş həmin sənədə görə, bölgəni dərhal tərk etməlidir. Rusiya isə, nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinin açılmasını həyata keçirməlidir ki, 10 noyabr Bəyannaməsi qüvvədə qalsın. Bu, həm də o deməkdir ki, əgər, Zəngəzur dəhlizi açılmazsa, Laçın dəhlizinin bağlanacağı təbiidir.
Bir sözlə, Rusiyanın məsuliyyət zonasından erməni hərbi birləşmələrinin çıxarılması prosesinə başlaması, həmin 10 noyabr Bəyannaməsinin ən vacib şərtidir, hansı ki, 28 apreldən həyata keçirilməyə başlanılıb. Eyni zamanda, Rusiya Ermənistanla quru əlaqəsi əldə etdiyindən, Zəngəzur dəhlizinin açılmasında, təbii ki, maraqlı tərəfdir”.
Vüqar Dadaşov açıqlamasında xüsusi olaraq onu vurğulayıb ki, Zəngəzur dəhlizinin açılışından sonra, həm Ermənistanda, həm də Azərbaycanda təhlükəsiz hərəkətin təmin edilməsi, infrastrukturun qorunması baxımından, Rusiyanın regionda mövcudluğuna şərait yaradacaq: “Nəzərə alsaq ki, elə, özünün iki xalq arasında yaydığı nifrətin üzülməsi üçün, Rusiyaya xeyli müddət lazım olacaq. Elə, həmin o dövrə də, Rusiyanın regionda mövcudluğu bir siyasi tələbata çevriləcək. Rusiyanın digər dövlətlə əvəzlənməsi məsələsi isə, həyata yaşarlı deyil, bu, əsasən, erməni faktoruna söykənən məsələdir. Ermənistanda da, Zəngəzur dəhlizini ermənilər üçün nəfəs yolu kimi qiymətləndirən, üstəlik, bu dəhlizin açılışını Ermənistan iqtisadiyyatının inkişafının katalizatoru kimi dəyərləndirənlər də çoxdur. Ən vacib məsələ isə odur ki, erməni cəmiyyətində, Ermənistanın faktiki “formal müstəqilliyinin” mövcudluğunun dilə gətirilməsini milli qürura ləkə kimi görənlər, Paşinyan siyasətində bu dövlətin Rusiyadan real müstəqilliyini qazanacağına ümid edirlər. 44 günlük Qarabağ müharibəsində, Ermənistanın Azərbaycan qarşısında ağır məğlubiyyəti fonunda, Paşinyanın hakimiyyətdə qalması və hətta, Rusiyanın “İsgəndər biabırçılığı”nı ifşa edən bu Baş nazirə qarşı dövlət çevrilişi cəhdinin uğursuzluğu onu deməyə əsas verir ki, erməni cəmiyyəti onun siyasətini dəstəkləyir. Çox güman ki, Paşinyanın təyin etdiyi növbədənkənar seçkidə də, onun qələbəsini görəcəyik.
Paşinyan siyasətinin görünən əsas xətti, Rusiya zəncirindən qopmaq və faktiki suverenliyi əldə etməkdir. O ki qaldı ABŞ Prezidenti Cozef Baydenin öz çıxışında məlum “soyqırımi” ifadəsi işlətməsinə, heç bir hüquqi və siyasi qüvvəsi olmayan bu ifadə Ermənistana gözlənilən effekti vermədi. Əksinə, Ermənistanı, ABŞ-ın “soyqırımi” ifadəsinə görə, borclu vəziyyətə gətirib çıxardı. Yeri gəlmişkən, Baydenin “soyqırımı” ifadəsini səsləndirmədən öncə, Türkiyə Prezidenti Ərdoğana zəng etməsi və bu barədə məlumat verməsi, Ermənistanda, ümumən, dünya ermənilərində ona qarşı satqın baxışı yaradıb. Ardınca isə, ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907 saylı düzəlişin dondurulması, bu, bu nəhəng dövlətin ölkəmizə yeni xüsusi maraqlarının varlığından xəbər verir. Düzdür, ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil, ancaq, Türkiyə və Azərbaycanın ABŞ üçün önəmi fonunda, bu dövlətin Zəngəzur dəhlizinin açılışına güclü mane olacağı inandırıcı deyil.
Yaxın zamanlarda, Rusiya xarici işlər naziri Lavrovun gözlənilən İrəvan və Bakı səfərləri, əsl həqiqətdə, ABŞ-ın regiona marağının artmasından irəli gəlir. ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və Qarabağla bağlı post müharibə dövrünə aid səmimi müzakirəsi, bunun ardınca, Dövlət katibi köməkçisinin müavini Corc Kentin Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini tənqid etməsi də, Azərbaycanın maraqlarına uyğun və qaneedici mövqedir. Ancaq, görünən odur ki, Rusiya Qarabağ məsələsinin tam həllinə hər bir vəchlə mane olmağa çalışır. Elə, aprelin 26-da Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı, onlar tərəfindən bu danışıq zamanı Qarabağla bağlı “münaqişənin həlli” kimi ifadələrinin işlədilməsi və yeni “təşəbbüslərin” səsləndirilməsi də, sözsüz ki, Qarabağ münaqişəsinin dirilməsinə, nəticədə, Rusiya və Fransa üçün yeni təsir imkanlarının yaradılmasına hesablanmışdı. Bunu da bilirik ki, postsovet respublikaları ərazisində münaqişələrin mövcudluğu ABŞ-ın oralara oturuşlu girişini əngəlləyir, Rusiyanın isə, regiona daimi təsirini qoruyub saxlayır. Odur ki, Rusiyanın və Fransanın Qarabağa dair “təmasları” Azərbaycan dövlətinin maraqlarına və Prezident İlham Əliyevin müharibənin yekununa dair elan etdiyi “münaqişə bitib” mövqeyinə qarşıdır. Buna görə də, Lavrovun İrəvana və Bakıya səfəri, həm İrəvan üçün, həm də Bakı üçün yaxşı heç nə vəd etmir. Lavrov İrəvana ona görə gedir ki, İrəvan Bakıya qarşı Rusiyaya sərf edən daha sərt mövqe göstərsin.
Artıq, bu, gizlədiləsi bir fakt da deyil ki, Ermənistanda Paşinyan hakimiyyəti, ümumiyyətlə, “Qarabağ yükündən” azad olmaq istəyir. Bu hakimiyyət Ankara və Bakı ilə həm iqtisadi, həm də siyasi əlaqələrin qurulmasında çox maraqlıdır. Məhz bu səbəbdən də, — əvvəlki açıqlama və yazılarımda da qeyd etdiyim kimi, — Rusiya, ümumən, Ermənistanın özünə yox, məhz Qarabağdakı separatçı rejimə “stavka” edir.”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.