“Qarabağ savaşı hələ bitməmiş, fiziki müstəvidən, siyasi müstəviyə keçmişdir. Bu həssas dönəmdə hər bir azərbaycanlı istər Qrabağ savaşı ilə bağlı, istərsə də kənar qüvvələrdən dövlətimizi qorumaq üçün ciddi həmrəylik göstərməlidir. Çünki düşmən bizi dövləti qorumaq münasibətində parçalanmış görsə, istədiyini asanlıqla həyata keçirə bilər”.
araz.az xəbər verir ki, Azərbaycan İslam Demokrat Partiyasının sədri, AXH TK-nın üzvü Tahir Abbaslı fikrinin bu hissəsini öz açıqlamasında xüsusi vurğulayıb. İlahiyyatçı partiya lideri sonra deyib: “Bismilləhir rahmənir rahim! Belə bir gözəl deyim var: “Zaman ən böyük hakimdir”. Ddoğurdan da, bu hikmətli söz yaşadıqca nə qədər mənalı olduğunu görürsən. 30 ilə yaxındır ki, Azərbaycan öz müstəqilliyini qazansa da, elə siyasi şəxslərə inandıq və elə hadisələrə şahidlik etdik ki, baş vermiş hadisələrin mahiyyətini bilmədən, kimləri günahkar, kimləri isə, haqlı zənn etdik. Amma, zaman keçdikcə, düşüncələrimizdə səhv və haqlı olduğumuz məqamları qaqrşımıza qoyduq.
Uzun müddətdir ki, Azərbaycanda baş verən hadisələrin cavabdehi kimi, hökumətin başçısı və komandası bütövlükdə xalqın ittihamı qarşısında qalmışdı. Xalq korrupsioner və rüşvətxor məmurların əlindən cana doyduğundan, arxasında hansı ölkə durduğunu bilmədən, kim hakimiyətə qarşı çıxıbsa, onu özünə milli qəhraman hesab etmiş, onun ətrafına toplanaraq, onların şəxsində qurtuluş, nicat tapacağına ümid bəsləmişdi. Bu illər ərzində mitinqlərlə, piketlərlə, həbslərlə… bu xoşagəlməz hallara qarşı mücadilə aparmışdı. Mücadilə, bəllidir ki, müəyyən ictimai birliklər və siyasi partiyalar daxilində həyata keçirilmişdi. Hər bir siyasi partiya mənsubiyyətçisi qəbul etdiyi lideri və onun ətrafındakıları haqlı komanda kimi qəbul etmiş, rəhbərinə müxalif olanlara qarşı isə, düşmən münasibət göstərmişdi. Bu cür düşüncəni formalaşdıranlar isə, insanlar deyil, hər kəsin mənsub olduğu partiyanın rəhbərləri olmuşdu. Amma heç bir sadə vətəndaş, imperiyaların “Parçala, hökm sür!” siyasətinin qurbanı olduqlarını təsəvvürünə belə gətirə bilməmişdi. Konkret desək, Azərbaycan toplumunun müxtəlif ideologiya ilə gözlərini elə bağlamışdılar ki, heç kəs kiminsə yanında durub, hara xidmət etdiyini düşünə bilməmişdi. Buna misal olaraq, yalnız onu deməyim kifayətdir ki, bir partiya lideri olaraq, özüm dəfələrlə bu mövzuya toxunmuşam. Məsələn, ölkəmizdə məzhəbçilik və onlar arasında olan ziddiyətçilik, müxalif partiyalar aralarında olan hədsiz ziddiyətlər, müxalifətlə iqtidar arasında olan qarşıdurmalar dönəmlərində verdiyim risk dolu açıqlamalar dediklərimin sübutudur.
Həmin hadisələrə diqqətlə, dərindən analiz etməklə kənardan baxanda, bu parçalanmalardan və ziddiyyətlərdən kimlərin fayda götürdüyünü, eləcə də daxildə ortaya çıxan həmin fərdlərin kimliyini və kənardakı imperyaların görünməz əllərini açıq-aydın görmək olur.
İkinci Qarabağ Savaşından öncə, ölkəmizdə baş verən və bizim bilmədiyimiz çox terror hadisələrini, təzyiq kampaniyalarını, hakimiyyətdaxili çəkişmələri, bütün bunlarda günahkar olan görünməzləri, müharibə və müharibədən sonrakı dövr ortaya çıxardı. Hakimiyyətə qarşı çıxmaqla, “milli qəhrəman” olanlar istər müharibə vaxtı sərgilədikləri münasibətlərlə, istərsə də imperiya tərəfindən hakimiyyətə yerləşdirilmiş “5-ci kolon” qüvvələrinə olan münasibətlərlə kimliklərini ortaya qoydular. Sən demə, millətçi və haqq-ədalət donu geymişlər, necə deyərlər, imperyanın bölgəmizdə uzun müddətli hakimiyyətini təmin etmək üçün “ehtiyat təkəri” rolunu almışlar. Yazıqlar olsun bu tip insanlara uyanlara! Doğurdan da, zaman ən böyük hakimdir! Dünən haqq bildiyimiz, bu gün qarşımızda yanlış kimi durubdur!
Bunların təhlilini aparmaqda, son nəticəsi kimi, açıqlama ortaya qoymaqda məqsədim nədir? Hər kəs yaxşı-yaxşı fikirləşsin; Axı, 2-ci Qarabağ Savaşı çox şeyləri — 1-ci demokratiya dediyimiz bəzi Batı ölkələrinin, 2-ci İslam təəssübkeşliyində üzdə qardaş deyən farsların, 3-cü şimal qonşumuz Rusiyanın, 4-cü qardaş Türkiyənin və daxildə bəzi qüvvələrin münasibətləri bizim dost və düşmənlərimizin kim olduqlarını ortaya qoydu.
Bir daha qeyd etmək istəyirəm ki, Qarabağ savaşı hələ bitməmiş, fiziki müstəvidən, siyasi müstəviyə keçmişdir. Bu anda, hər bir azərbaycanlı istər Qrabağ savaşı ilə bağlı, istərsə də kənar qüvvələrin qarşısında dövlətimizi qorumaq üçün ciddi həmrəylik göstərməlidir. Məhz ona görə ki, düşmən bizləri dövləti qorumaq münasibətində parçalanmış görməsin və istədiyini asanlıqla həyata keçirə bilməyəcəyinə tam əmin olsun. Bu yerdə onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda yaşayan etniklərdən tutmuş, hər bir kəs anlamalıdır ki, bizim varlığımız və milli kimliyimiz birbaşa dövlətimizin varlığından asılıdır. Düzdür, hakimiyyətdə təmsil olunan imperiya qulları, xalqı istismar edərək, hakimiyyətdən narazı salıblar. Amma bu narazılıq dövlətçiliyimizin qorunması yoluna bir əngəl kimi çıxarılmamalı, ədavətə çevrilməməlidir. Kimlərsə xalqa qarşı hansı çirkin əməl göstəriblərsə, artıq cəzalarını almaqdadırlar. Ümidvaram ki bu prosses sona qədər davam edəcək. Bu hadisələrdən qorxanlar ölkəni qarışdırmaq istəyirlər ki, layiq olduqları cəzalarından yayınsınlar. Xalqımızın bütün nümayəndələri, doğma Vətən üçün çox həssas keçən bu dönəmdə, iqtidarlı-müxalifətli bir yerdə olmalı və mənfur düşmənə baş qaldırmasına aman, iyrənc istəyinə çatmasına heç bir fürsət verməməlidir! Bütün bunlar, bizim həyatımızın mənasına çevrilməlidir! Yaşasın
Azərbaycan! Qarabağ Azərbaycandır!”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.