z 18

Ermənistan rəsmiləri yenə də Azərbaycan haqda yalan məlumatlar tirajlamaqdadır.

araz.az xəbər verir ki , Ermənistan baş naziri müavinin səlahiyyətlərini icra edən Miher Qriqoryan bu gün erməni mediasına deyib ki, guya aprelin 29-30-da Kazanda keçirilmiş Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasından Azərbaycan da iştirak etmək istəyib, amma Ermənistan buna razılıq verməyib.

“Bəli, bunu deyə bilərik, çünki üçüncü tərəfin Aİİ hökumətlərarası şurasının iclasında iştirak etməsi üçün konsensus qərarı tələb olunur. Təbii ki, bu məsələ ilə bağlı bir fikir birliyi əldə edilmədi, xüsusən də Ermənistan Azərbaycan nümayəndə heyətinin iclasda iştirakına razılıq vermədi ”deyə, o bildirib. Ermənistanın mövqeyinin “hərbi əsir”lər(əslində, hərbi canilər) problemi ilə əlaqəli olub-olmadığını Qriqoryan şərh etməkdən yayınıb: “Bu mövzuda fikir birliyi olmadı və Azərbaycanın iştirak etməsi üçün bütün üzv dövlətlərin razılığı lazım idi”.

Unblocking communications: Deputy PM Mher Grigoryan to lead trilateral task  force from Armenian side | ARMENPRESS Armenian News Agency

Sözün bütün mənalarında “özünü buraxmış”Paşinyan hökümətinin üzvünün bunu hansı mənbələrə əsaslanaraq iddia etdiyi məlum deyil. Tədbirin keçirildiyi Rusiyanın internet seqmentində belə bir informasiyanın “A”sı da yoxdur. Bakının “saxladığı sirri” ermənilər necə “açdı” axı…? Amma əsas məqam həm də budur ki, guya Ermənistanın mövqeyinin bu məsələdə həlledici olması rəyi yaradılır. Elə “informasiyanın” ciddiliyinə də şübhələr burada yaranır.

Çünki Ermənistan heç vaxt, xüsusilə də Rusiyanın yaratdığı qurumlarda söz sahibi olmayıb. Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra isə Paşinyan daxil Ermənistanı son anda ipdən alan, vasitəçilik edərək müharibəni Xankəndinin bir neçə kilometrliyində durduran Moskvanın sözündən çıxmağa indi İrəvanın dili ola bilməz. Azərbaycanın belə bir istəyi, planı olarsa, onu Ermənistanın rəyi maraqlandırmaz. Rəsmi Bakı isə hələ ki, belə bir fikri olduğunu bəyan etməyib, hər hansı müşahidəçi və ya digər statusla bu qurumda iştirak arzusunu bildirməyib.

Bəli, bu təşkilatın qurucusu Rusiya bu arzuda ola bilər, belə təkliflər olması barədə xəbərlər də yeni deyil. Son olaraq Belarus prezidentinin Bakıya səfərindən sonra da yerli mediada bu cür iddialar dolaşırdı. Amma nəzərə alaq ki, hazırda Azərbaycanın regionda özünün aparıcı rol alacaq yeni iqtisadi hədəfləri var, Ermənistan da nəyəsə etiraz etmək deyil, 10 noyabr və 11 yanvar razılaşmalarına uyğun olaraq dinməzcə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Ermənistan daha o halda deyil ki, Bakıya “xox gəlsin”, hansısa istəyini bloklasın. O səbəbdən Qriqoryanın açıqlaması çox qeyri-ciddi görünür və daxili audoriyaya hesablanmış “ayaq tutmayan” növbəti yalan, təxribatdır.

Kazanda keçirilən toplantıya gəlincə, məlumdur ki, böyük qanqaraçılıq olub. Toplantı quruma rəsmi üzv Qırğızıstanın, bu quruma üzvlüyə razılıq vermiş Tacikistanla(onların rəsmi nümayəndəsi toplantıda iştirak edib) sərhəddə toqquşması, hər iki tərəfdən qan tökülməsi xəbərləri fonunda keçirilib. Avrasiya İttifaqında birgə əməkdaşlığa razılıq vermiş iki ölkənin bir-birlərinə silah çəkmələri, çoxsaylı insan itkiləri bu qurumun necə zəif prinsiplər əsasında formalaşdırıldığının göstəricisidir. Bir-birinə silah çəkmiş sərhəd qonşularının Kazanda gələcək əməkdaşlığı müzakirə etməsi bu qurumun iqtisadi perspektivlərinə də ciddi şübhələr yaradır. Yada salaq ki, təşkilata Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir, Kuba(?), Moldova və Özbəkistan isə müşahidəçi qismində iştirak edirlər. Üzv ölkələrdən Ermənistan xaric, Azərbaycanın zatən onlarla normal həm siyasi, həm iqtisadi əlaqələri var.

Avrasiya İqtisadi İttifaqı daxilində baş verən həm iqtisadi, həm bu cür sərhəd gərginlikləri barədə Rusiya mediasında xeyli maraqlı təhlillər də var.

Məsələn, Rusiya İqtisadi İnkişaf Nazirliyinin hökumətlərarası şurasının iclasından sonra verdiyi rəsmi məlumata görə, Aİİ-də qarşılıqlı ticarət keçən ötən il 12,3 faz azalıb. Birlikdə qarşılıqlı ticarət göstəriciləri orta hesabla xarici ticarət göstəricilərindən də 3 faiz azdır. Üçüncü ölkələrlə ticarət 15,4% azalaraq 735,8 milyard dollardan 622,8 milyard dollara, Aİİ-də qarşılıqlı ticarət isə 12,3%, 123,5 milyard dollardan 108,3 milyard dollara düşüb. Rusiyanın özünün də quruma üzv ölkələrlə ticarəti 2020-ci ildə azalıb: Tacikistanla – 15,3% (838,2 milyon dollara), Qırğızıstandan 9,9% (1,7 milyard dollara), Ermənistanla 9, 5 % (2,5 milyard dollara qədər) və Qazaxıstan -% 4,7 (19 milyard dollara qədər).

Əlbəttə, bu geriləmədə pandemiyanın da rolu var, amma belə bir vəziyyətdə Azərbaycanın bu təşkilata hər hansı səviyyədə üzvlüyü nə iqtisadi, nə siyasi çıxarı ola bilər…Görünən dağa bələdçi gərəkdirmi?

araz.az xəbər portalı 

araz.az xəbər portalı.